Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Göyçə gölü bizim üçün müqəddəsdir” – Təbriz Musayev

“Göyçə gölü bizim üçün müqəddəsdir” – Təbriz Musayev

30 il Azərbaycanı susuz qoyan Ermənistan indi özü bənzər problemlə üzləşib. Qarabağın işğalı dövründə ermənilərin Azərbaycana və onun iqtisadiyyatına vurduqları ən ağır zərbə su blokadası olub. İndi isə Ermənistan susuzluq təhlükəsi qarşısındadır. Tanınmış erməni jurnalistləri və bloqerləri Azərbaycanın qələbəsindən sonra bölgənin içməli su ehtiyatlarının böyük bir hissəsini öz nəzarətinə qaytardığını yazaraq, artıq regionun gələcəyini rəsmi Bakının müəyyən edəcəyini bildiriblər.

İşğal etdikləri bütün əraziləri itirən ermənilər, mənbəyini Qarabağdan götürməklə indiki Ermənistan ərazisindəki gölləri və su anbarlarını içməli su ilə təmin edən çayların bizim nəzarətimizə keçməsindən ciddi narahatdırlar. Qarabağdakı separatçıların rəhbərlərindən biri David Babayan erməni KİV-nə müsahibəsində su probleminin bumeranq kimi öz başlarına dəydiyini etiraf edib. O bildirib ki, artıq bu məsələdə Ermənistan özü də Azərbaycandan asılı vəziyyətə düşüb. Belə ki, Göyçə gölünü su ilə təmin edən iki ən iri çay – mənbələrini Kəlbəcərdən götürən Arpa və Lev çayları artıq Azərbaycanın nəzarətindədir. Babayan bildirib ki, Azərbaycan bu çayların məcrasını dəyişsə, Göyçə gölü və bütün ərazilər susuz qalacaq: “Bu isə Ermənistanın birdəfəlik məhvi deməkdir”.

Başqa bir erməni jurnalist Narine Kirakosyan isə bildirib ki, Sərsəng su anbarını qidalandıran Tərtər çayının keçdiyi ərazilər tam Azərbaycanın nəzarətindədir və Bakı istəsə, bu çayın məcrasını dəyişərək Sərsəngi quruda bilər.

Görünən odur ki, ermənilər bərk narahatdır. İllərlə etdikləri pisliklərin bir gün qarşılarına çıxacağından xoflanırlar.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, ermənilərin belə narahat olması təsadüfü deyil: “Məsələ ondadır ki, Göyçə gölünün su ehtiyatlarının hardasa 80 faizi Kəlbəcər ərazisində formalaşır. Bəli, Azərbaycan istəsə, bunu edə bilər. Ona görə ki, ötən 30 il ərzində Ermənistan bizə olmazın pisliklər etdi. Lazım olan vaxt Qarabağa su verilməsini dayandırırdılar, lazım olmayan vaxt Sərsəng su anbarından suyu ətrafa buraxırdılar. Beləcə, Azərbaycana qarşı ekoloji terror həyata keçirirdilər. Ancaq təəssüflər olsun ki, ermənilərin uzun illərdir törətdiyi ekoloji terroru dünya görməzdən gəldi. Bütün bunları susqunluqla izlədi. Bənzər addımları Azərbaycan atsaydı, o zaman üzərimizə yeriyərdilər. Bax belə bir ədallətsiz yanaşma ilə üz-üzəyik. Düşünmürəm ki, Azərbaycan Arpa və Lev çaylarının məcrasını dəyişsin. Çünki Göyçə gölü bizim üçün müqəddəsdir. Ermənistan adlı dövlət tarixi Azərbaycan ərazilərində süni şəkildə yaradılıb. Bu bədbəxtlər hansı dövlətdən danışırlar ki, sərhədlərini başqa dövlət qoruyur? Ermənilər Göyçə gölünün qədrini bilsəydilər, oranı çirkləndirməzdilər. Gölün ətrafında xeyli qanunsuz tikili inşa olunub. Ermənistan hökuməti illərdir məsələyə məsuliyyətsiz yanaşır. Son illər möhtəkirlik üzündən gölün balıq ehtiyatı xeyli azalıb”.

İAT sədri onu da qeyd etdi ki, biz öz tarixi ərazilərimizə mütləq bir gün qayıdacağıq. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …