Ana səhifə / Siyasət / Gorus yolunda Azərbaycan ordusunun hərbi konvoyunu erməni polisi müşayiət edir – Reportaj

Gorus yolunda Azərbaycan ordusunun hərbi konvoyunu erməni polisi müşayiət edir – Reportaj

Yerevanda yaşayan jurnalist, keçmiş BBC əməkdaşı Mark Qriqoryan bu yaxınlarda Xankəndində olub və orada müşahidələrini qələmə alıb.

Stepanakert (Xankəndi – red.) təəccüblü dərəcədə dinc şəhərdir.

Əlbəttə ki, Azərbaycanın bomba və raketləri üzərinə düşmədikcə. Hərbi əməliyyatlarla əlaqəsi olmayan bir yer kimi bu şəhərlə bağlı təəssürat gündüz daha güclü olur – küçələrdə çox sayda məktəbdəki dərslərdən sonra uşaqların evə getməsi, tıxac yaradan dərəcədə maşınların çox olması bu cür hiss yaradır.

Lakin qaranlıq düşdükdən sonra inamsızlıq və hətta müdafiəsizlik hissi yaranır, xüsusilə şəhərin üzərində ucalan təpələrə baxanda. Anlayırsan ki, bu təpələrdə yerləşən Şuşi (Şuşa – red.) şəhəri Azərbaycan hərbçiləri tərəfindən tutulub.

Lakin Şuşadan gələn təhlükə yaşlı nəsil üçün yenilik deyil. Onlar birinci müharibə zamanı Qarabağın paytaxtının oradan necə bombalandığını xatırlayırlar.

Əlbətdə gərginlik var. Stepanakert sakinləri Ermənistandan gələn xəbərləri diqqətlə izləyirlər, əsirlərin mübadiləsinin uzanmasından narahatdırlar və Sünikdəki (Gorus – red.) Azərbaycan qoşunları barədə məlumatları müzakirə edirlər.

Onları elə izləyirlər ki, sanki yaşadıqları şəhər yaxınlıqda yerləşmir…. Nəyin yaxınlığında? Cəbhənin? Təmas xəttinin? Sülhməramlıların məsuliyyət zonasının?

Atəşkəs razılaşması əldə olunduqdan iki gün sonra, yəni, müharibədən dərhal sonra bu şəhəri görmüşdüm. Onu kabus şəhər adlandırmaq olardı. Tamamilə boş küçələri birdən-birə bütün əhalisini itirən bir şəhər haqqında çəkilən filmin kadrlarını xatırladırdı.

44 günlük müharibə zamanı şəhər demək olar ki, fasiləsiz bombardman və raket zərbələrinə məruz qaldı. Gecə və gündüz, gecələr daha çox. Atəş o qədər çox olurdu ki, sərçələr şəhərdən uçub getmişdi.

İndi Stepanakert (Xankəndi -red.) yenidən müharibədən əvvəlki vəziyyətinə bənzəyir. Küçələrdə adam, maşın çoxdur, şəhər nəqliyyatı işləyir, mağazalar açıqdır.

Ancaq yenə də şəhər müharibədən əvvəlki kimi deyil. Kiçik uşaqlar da daxil olmaqla hər kəs raket hücumlarından sonra uçan evlərin harada yerləşdiyini, Smerch raketlərinin yerə dəyəndə necə oyuq yaratdığını bilir.

İnsanlar üzərlərində müharibənin damğasını daşıyırlar. Bu, dəhşətli bir damğadır.

Şəhərdə hər kəs harada və hansı evlərin dağıldığını bilir. Bəzi yerlərdə təmir işləri artıq aparılır – dağılmış divarlar təmir edilir, təmiri mümkün olmayan dağılmış tikililər isə sökülür.

Şuşaya tərəf dönməmişdən cip avtomobilimiz böyük yük maşınlarından ibarət karvana çatır. Onların sayı ondan çoxdur. Aşağı sürətlə hərəkət edirlər. Aşağı sürətlə dağa qalxan bu kolonun quyruğuna beş-altı minik avtomobili düzələrək hərəkət edir.

Sürücümüz tərəddüd etmədən onları keçməyə çalışır. Birincini, ikincini … beşincini …

Və bu zaman görürük ki, yük maşınlarının nömrələri Azərbaycan nömrələridir.

Həqiqətən də bu yolda ara-sıra erməni və Azərbaycan maşınları qarşılaşır. Adətən yaxınlıqda Rusiya sülhməramlıları da olur və ciddi insidentlər baş vermir.

Barmaq göstərmək, əli boğaza çəkib “kəsərəm” kimi jestlər nümayiş etdirmək, əlbəttə ki, olur.

Avtomobillərdəki hərbçilərin əlində tez-tez telefon görmək olur – düşmən maşınlarını çəkirlər.

Biz isə qarşı zolaqla hərəkət edərək maşın karvanını ötməyə çalışırıq – bir-bir maşınları arxada qoyaraq. Birdən qarşımıza digər maşınlar çıxır.

Yaxınlığımızdakı Azərbaycan yük maşınının sürücüsü sürətini azaltdı və biz karvanın içərisinə keçdik.

Bir müddətdən sonra yenidən böyür zolağa çıxaraq konvoydakı maşınları ötdük və gördük ki, konvoyun başında erməni QAİ avtomobili hərəkət edir. Və heç bir sülhməramlı yoxdur.

Təsəvvür edin: qalib gələn ordunun hərbi yük maşınları konvoyunu Qarabağ yolunda … erməni QAİ maşını müşayiət edir.

Gorus və Laçından keçən yol Stepanakertlə Ermənistanı birləşdirən yeganə xətdir. Rus sülhməramlılarının nəzarəti altında olan yol.

Onların postları bir neçə yerdə yerləşir. Növbəti postda dayandığınız zaman rus əsgərlərindən biri sizə yaxınlaşıb soruşur: “Necəsiniz?”

Görünür, nəzakətli olmaq onun xoşuna gəlir, özünü vəziyyətin ağası kimi hiss etməyi sevir.

Şuşaya aparan yol ayrıcı hündür beton divarlarla bloklanıb, səddin arxasında Azərbaycan bayraqları görünür.

Nəhəng ölçüdə daha bir bayraq isə Şuşa qalasının divarına asılıb. Elə asılıb ki, ermənilərin hərəkət etdiyi yoldan aydın görünsün. Ermənilər bunu alçaldıcı bir mesaj kimi qəbul edirlər, yəni, “bu evdə kimin ağalıq etdiyini bilin”.

Stepanakertin mərkəzində yerləşən kiçik bir “Səmra” adlı restoran müharibə zamanı ora gələn hər kəsə yemək verib. Pulsuz.

Restoranın sahibləri 8 il əvvəl Qarabağa köçməyə qərar verən və burada yeni bir həyat qurmuş Suriyadan olan qaçqın ailəsidir. Aralıq Dənizi mətbəxi restoranını açaraq onlar bazarda boş qalmış bir yeri tutublar – qərbi ermənilər üçün ənənəvi olan yeməklərdən buradakıların xəbəri yox idi.

Ancaq müharibə başlayanda Beyrut və Hələbdə məşhur olan falafel və şiş-toyuq heç kimin yadına düşmürdü. Əsasən “müharibə şorbası” verilirdi.

Müharibə bitdikdən və Stepanakertdə yeni adamlar, yəni, Rusiya sülhməramlıları peyda olduqdan sonra restoranın menyusu dəyişdi. İndi orada borş bişirilir, birazdan isə qonaqlar üçün süfrəyə “salo” da (donuz piyi – red.) gətiriləcək.

“Səmra” sahibləri olan ər və arvad Asmaryanlar üçün sülhməramlılar da biznes deməkdir.

“Hələbdə yaşadığımız zaman ruslar oraya gələndə məcbur olduq oranı tərk edək. İndi isə Stepanakertdə yaşayırıq, amma rusların gəlişi ilə hamı buraya qayıtmağa başlayıb,” – Izabel Asmaryan deyir.

Izabel və əri Ovik üçün sülhməramlılar restoranlarının yeni müştəriləridir, on minlərlə Qarabağ sakini üçün sülhməramlıların olması təhlükəsizlik zəmanəti və bomba və ya raket zərbəsi nəticəsində öldürülməyəcəklərinə əmin olmaq, dinc yaşamaq imkanıdır.

Stepanakertin sıravi sakinləri (əslində yalnız onlar deyil – siyasətçilər də) öz təhlükəsizliklərini, ilk növbədə, Ermənistanda deyil, rusiyalılarda görürlər. Azərbaycanlılar və türklər isə əsas və yeganə təhlükə kimi qəbul edilir.

Bu isə o deməkdir ki, münaqişə bitməyib. /BBC Azərbaycan

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …