Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Gənc jurnalistlər bələdiyyə seçkilərində qalib olarlarsa…

Gənc jurnalistlər bələdiyyə seçkilərində qalib olarlarsa…

Dekabrın 23-nə təyin olunan bələdiyyə seçkiləri ilə əlaqədar namizədlərin qeydə alınması prosesi başa çatıb. Məlum olub ki, bu dəfəki bələdiyyə seçkilərində namizəd kimi iştirak edənlərin siyahısında həmkarlarımızın da sayı az deyil.

Namizədliyi qeydə alınanların siyahısında biz – Famil Fərhadoğlu, Rufik İsmayılov, Fərid Şahbazlı, Sevda Zülfüqarlı kimi jurnalistlərin adına rast gəlirik. Maraqlıdır gənc jurnalistləri bu prosesdə iştiraka hansı maraq cəlb edib və onların gözləntiləri nədir?

  • Sevda Zülfüqarlı: “Mən xüsusilə də bir neçə türk şəhəri ilə ölkəmizin şəhərlərinin qardaşlaşması istiqamətində çalışmışam”

Xətai rayonu 36 saylı seçki dairəsindən bələdiyyə seçkilərinə namizədliyi qeydə alınan Sevda Zülfüqarlı bizimlə söhbətində bildirdi ki, onun jurnalist fəaliyyəti əsasən qardaş Türkiyə ilə informasiya mübadiləsi üzərində qurulub: “Uzun müddətdir ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin genişlənməsi istiqamətində çalışmışam. Məndə bələdiyyələrdə iştiraka ən böyük həvəsi qardaş Türkiyədə bələdiyyələrin fəaliyyətinə verilən önəm oyatdı. Orada bələdiyyə sədrləri çox böyük işlər görə bilirlər. Mən xüsusilə də bir neçə türk şəhəri ilə ölkəmizin şəhərlərinin qardaşlaşması istiqamətində çalışmışam. Bu xüsusda Sivasla bizin Gəncəmiz arasında yaradılan qardaşlaşma əlaqəsini xüsusi qeyd edə bilərəm. Mən düşünürəm ki, bir gənc olaraq bələdiyyə sədri kimi ölkəmizin inkişafına, namizəd olduğum ərazidə yaşayan əhalinin sosial problemlərinin həllinə böyük dəstək göstərə bilərəm. Sədr yox, üzv seçilərəmsə də bu yöndə ciddi fəaliyyətim ola bilər”

  • Famil Fərhadoğlu:  “Ölkə başçısının bu istiqamətdəki mesajı prosesə qoşulmağım üçün vəsilə oldu”

32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi qeydə alınan jurnalist Famil Fərhadoğlu isə bildirdi ki, son zamanlar ölkədə aparılan islahatlar onu seçkilərə qatılmağa sövq edib: “1988-ci ildə ailəlikcə Qərbi Azərbaycandan deportasiya olunandan sonra Suraxanı rayonunun Əmircan qəsəbəsində köçmüşük. Mənim uşaqlığım, gəncliyim bu qəsəbə ilə bağlıdır. Mən Əmircan qəsəbəsində yerləşən 114 saylı orta məktəbdə 11 il təhsil almışam. Burada yaşayan insanlar arasında xoş, doğma münasibət var. Qədim Bakı kəndi olan bu qəsəbədə insanlar bir-birini tanıyırlar. Sakinlərin böyük əksəriyyəti mənim jurnalist fəaliyyətimlə tanışdırlar. Bilirlər ki, televiziyada sosial layihələrdə çalışdığım dönəmdə, istərsə də yazılı mətbuatda insanların problemlərini gündəmə gətirmişəm. Bu sosial məsələlərin ictimailəşdirilib, həll edilməsində əlimdən gələni etmişəm.

Son dövrlər Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün dövlət və xalqın maraqları nəzərə alınmaqla mühüm addımlar atılır. Dövlət idarəetmə sistemində son dövrlər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara etimad göstərilir. Ölkə başçısının bu istiqamətdəki mesajı prosesə qoşulmağım üçün vəsilə oldu. Mən də cənab Prezidentin gəncləşdirmə siyasəti aparılacağını açıqladığı çıxışını müsbət qarşıladım. Qərara aldım ki, dekabrın 23-ü ölkədə keçiriləcək bələdiyyə seçkilərində namizəd kimi iştirak edim. Çünki mən də bir gənc kimi ölkəmizin inkişafı ilə bağlı cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın atdığı addımlara dəstək vermək arzusundayam”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …