Ana səhifə / Siyasət / Gəncədəki iğtişaşın arxasında kimlər durur? – Açıqlama

Gəncədəki iğtişaşın arxasında kimlər durur? – Açıqlama

“Gəncədə son günlər baş verən hadisələr, Gəncə şəhər icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin törədilməsi, ötən gün qanunsuz aksiya keçirmək istəyən 200-ə yaxın başıpozuq dəstənin Gəncənin baş meydanında polislərə qarşı qəddarlıqla sui-qəsd etmələri, iki polis zabitinin öldürülməsi onu göstərir ki, radikal dini qüvvələrin arxasında Azərbaycanın müstəqilliyini, güclənməsini istəməyən, Azərbaycanı parçalamaq, dağıtmaq, sabitliyini pozmaq istəyən qüvvələr dayanır”.

Bu barədə AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev bildirib. Onun sözlərinə görə, bu insanların hərəkətləri bir mərkəzdən idarə olunur:

“Adətən hər hansı aksiya, nümayiş keçirilərkən onun təşkilatçısı, məqsədi, şüarı məlum olur. Dünənki hadisədə hər hansı müraciət olmayıb, başında kimin durduğu bilinmir, məsuliyyəti kimin üzərinə götürdüyü bəlli deyil. Görünür ki, bu, iğtişaş üçün hazırlanmış qrup idi. Hüquq-mühafizə orqanları Gəncədə müvafiq işlər görürlər. Saxlanılan insanların istintaqı aparılır. Yəqin ki, yaxın vaxtlarda rəsmi bəyanat olacaq ki, bu işlərin arxasında kim dayanır”.

M.Quliyev qeyd edib ki, hadisə ilə bağlı Azərbaycanın ictimai-siyasi qüvvələri münasibətlərini bildirməli, mövqelərini ortaya qoymalıdırlar: “Bu hərəkəti lənətləməli və Azərbaycan prezidentinin, dövlətinin yanında olduqlarını bəyan etməlidirlər. Müxtəlif dini qurumlar, konfensiyalar da öz mövqelərini bildirməlidir ki, onlar da bunlara qarşıdırlar. Ekstremist qüvvələri təşkil edənlər, iştirakçılar Azərbaycan qanunlarının ən sərt tələbləri ilə cəzalandırılmalıdır”.

Deputat vurğulayıb ki, sosial şəbəkələrdə, müxtəlif saytlarda kimlərisə təhrik, çağırış edən insanlar aşkarlanmalı və onların haqqında lazımi iş görülməlidir. “Dövlətin maraqları tələb edirsə, müəyyən dövr ərzində sosial şəbəkələrin bağlanmasına da getmək olar. Gəncə hadisəsi bir siqnaldır. Ola bilər ki, başqa şəkildə belə hadisələr davam edər. Azərbaycan dövləti kifayət qədər güclüdür, hər şey güc orqanları, hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Azərbaycan xalqı bu insanlara heç bir dəstək vermir və nifrətini bildirir. Dünənki hadisə zamanı Gəncə əhalisinin bunları lənətləməsi və bu gün də eyni prosesin davam etməsi onu göstərir ki, həmin dəstədə olanlar hazırlanmış və məqsədli şəkildə ortaya atılmış radikal yönümlü insanlardır və onlara qarşı mübarizə aparılacaq”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …