Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Fuad Nəcəfliyə yazığım gəlir, Vasif Talıbovun adamları onu…”

“Fuad Nəcəfliyə yazığım gəlir, Vasif Talıbovun adamları onu…”

“Vasif Talıbovun adamlarının hələ də Naxçıvanda qalması, ilk növbədə, Şərq psixologiyası ilə bağlıdır. İkincisi isə bu, Azərbaycanda rüşvətin inkişaf etməsi ilə əlaqədardır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, politoloq Cümşüd Nuriyev deyib.

O, Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən getməsindən sonra ondan qalan “köhnə qvardiya” üzvlərinin hələ də vəzifələrində olmasından və səlahiyyətlərindən sui-istifadə etməsindən söz açıb.

C.Nuriyev əmindir ki, orada təkcə Vasif Talıbovun adamları da yoxdur və bütün Naxçıvan onun adamları ola bilməz: 

“Məsələ bundadır ki, vəzifədə olanlar hamının beyninə yeritməyə çalışır ki, Azərbaycanda hər şey pulla həll olunur və belə də olmalıdır. Ona görə də son zamanlar Naxçıvanda baş verən neqativ hallar indi-indi üzə çıxır. Çünki əvvəl orada özbaşınalıq idi, bunların heç biri üzə çıxmırdı, amma indi həm media, həm də cəmiyyət bunlarla maraqlanır. Belə olan halda təbii ki, baş verənlər üzə çıxacaq”. 

Onun sözlərinə görə, oradakılar çalışacaqlar ki, Naxçıvana yeni təyin olunmuş Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini gözdən salsınlar: 

“Çünki 30 illik bir neqativliyi 3 ay ərzində aradan qaldırmaq hələ heç kimə müyəssər olmayıb. Ona görə də hələlik bu proses uzun müddət davam edəcək. Lakin Naxçıvan kifayət qədər ziyalısı olan bir bölgədir. Oranın əhalisi həm təhsilli, həm də səviyyəlidir. İctimaiyyətin özü dövlətə kömək etməlidir. Onsuz da dövlət üzərinə düşəni görür və təmizləyir, amma bu, azdır”. 

Mütəxəssis nümunə də çəkib:

“Məsələn, əvvəllər gömrükdən dəhşətli narazılıqlar var idi. Lakin son 2 ayda mətbuatda elə bir narazılığın şahidi olmamışam. Qabaq hər keçən adamdan 75 manat pul alırdılar. Amma indi görünən odur ki, elə deyil. Mən hesabata baxdım, ötən ilin yanvarı ilə müqayisədə bu ilin yanvarında 11 milyon artıq gömrük rüsumu yığılıb. Deməli, ötən ilin həmin vaxtında 11 milyon mənimsənilib ki, indi üzə çıxır. Çünki Naxçıvan uzun illərdir blokadadır, Azərbaycan hər zaman oraya subsidiyalar ayırıb ki, inkişaf etsin”. 

Sabiq deputatın fikrincə, elə kadrlar təyin etmək lazımdır ki, neqativ hallara son versin: 

“Hər şeyi kadr həll edir və hesab edirəm ki, hələ də kadr problemi kifayət qədər çoxdur. Amma Talıbovun dövründə işləmək də cinayət deyil. Çünki yaxın adamlarını işdən çıxarıblar. Amma mən onun tərəfində deyiləm ki, bir adam işdən çıxandan sonra yerinə gələn adam öz qohum-əqrəbasını yığır. Bizdə belə bir xəstəlik var, adı da traybalizmdir .(tayfa siyasəti – red.). Qohumbazlıq, yerlibazlıq siyasəti heç də yaxşı bir şey deyil. İndi Vasif Talıbov gedib deyə bütün Naxçıvan işsiz qalası deyil ki… Orada çoxlu sayda vicdanlı məmurlar var. Əsas onun neqativ işlər görən adamlarını kənarlaşdırmaq lazımdır, bunu da yerli adamlar yaxşı bilir. Ağırlıq da düşür burada Fuad Nəcəflinin üzərinə. İndi onlarla bacaracaq, ya yox, bu, başqa məsələ. Bir insan kimi ona yazığım da gəlir ki, çox çətin bir işin altına girib”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …