Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir”

“Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir”

Fransa Senatında “Dağlıq Qarabağ respublikası”nın tanınmasının zəruriliyinə dair” qətnamənin qəbul edilməsi Fransanın dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn əsas prinsiplərinə məhəl qoymamasının əyani sübutudur. Bu addım BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, dövlət sərhədlərinin tanınması, ərazi bütövlüyünün qorunması barədə normaların tələblərinə də tamamilə ziddir. Fransa Senatının  qəbul etdiyi bu qərar Azərbaycanda və onun hüdudlarından  kənarda ciddi etirazla qarşılanıb.

Vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi…

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi ilə bağlı öz sərt mövqeyini ifadə edib.  Həmin məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Fransadakı səfiri qətnamənin səsverməsindən bir gün öncə Senatın dinləmə prosedurlarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib və qətnamə təklifi ilə bağlı, burada əks olunan birtərəfli və həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat təqdim edib. Buna rəğmən, Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi yalnız təxribat kimi qiymətləndirilə bilər. Görünür, Fransa erməniləri münaqişə mövzusundan seçki məqsədləri üçün geniş şəkildə istifadə edirlər. Qeyd edilib ki, Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur: “Lakin qətnamənin siyasi məna kəsb etdiyini nəzərə alaraq, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin, Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi nüfuzuna xələl gətirir. Yaxşı olardı ki, Fransa Senatı, qərəzli qətnamələr qəbul etmək əvəzinə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olardı”.

Fransa XİN: “Ermənistan da daxil olmaqla, dünya birliyi Dağlıq Qarabağın “müstəqilliyini” tanımayıb”

Fransa hökuməti isə dərhal məsələyə reaksiya verərək, Senatın mövqeyini dəstəkləmədiklərini bəyan edib. Fransa Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jean-Baptiste Lemoine bildirib ki, Fransanın separatçı “Dağlıq Qarabağın müstəqilliyini” birtərəfli qaydada tanıması heç kim üçün faydalı olmayacaq. Diplomatın sözlərinə görə, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: “Dağlıq Qarabağ münaqişəsinin həlli təktərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin (ATƏT-in Minsk Qrupunun – Fransa, Rusiya, ABŞ) dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar”. Lemoine əlavə edib ki, Ermənistan da daxil olmaqla, dünya birliyi Dağlıq Qarabağın “müstəqilliyini” tanımayıb.

Fransa səfirinə təqdim edilən etiraz notası…

Bunun ardınca, 26 noyabr tarixində Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə bu ilin 25 noyabr tarixində Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası səfirə təqdim edilib.

Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinə zidd olan Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa səfirinin diqqətinə çatdırılıb.

Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.

“Dağlıq Qarabağ respublikası” adlı oyuncaq qurumun  mövcudluğuna 2020-ci ilin noyabr ayında son qoyulub

Azərbaycan Milli Məclisi də Fransa Senatında Dağlıq Qarabağın tanınmasına dair qətnamə qəbul edilməsinə etiraz olaraq bəyanat qəbul edib. Bəyanatda deyilir ki, Fransada fəaliyyət göstərən ayrı-ayrı türkofob və islamofob siyasi dairələrin və erməni etnik qruplarının təhriki ilə Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi  öz etirazını bildirir. Qeyd olunur ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 1988-1994-cü illərdə işğal edilmiş ərazilərində qanunsuz yaradılan və heç bir dövlət tərəfindən tanınmayan “Dağlıq Qarabağ respublikası” adlı oyuncaq qurumun  mövcudluğuna 2020-ci ilin noyabr ayında son qoyulub. Fransa Senatı tərəfindən bu oyuncaq qurumun tanınması zərurətinin irəli sürülməsi Fransa hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik etmək cəhdidir.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar da Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar. Bəyantda qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar olaraq təəssüflə bəyan edirik ki, Fransa Senatının bu hərəkəti bizim üçün gözlənilməz deyildi, belə bir addım atılacağını gözləyirdik: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən başlamış qərəzli mövqe Tovuz rayonunda Azərbaycan sərhədlərinin pozulması zamanı, xüsusən də İkinci Qarabağ müharibəsinin gedişində və müharibədən sonra özünü daha qabarıq büruzə verdi”

Siyasi partiya və QHT-lərdən sərt mövqe…

Azərbaycanın Fransa səfirliyinin qarşısında bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən etiraz aksiyası keçirilib. İştirakçılar ingilis və fransız dillərində hazırlanmış plakatlar qaldırıb, “Qarabağ Azərbaycandır”, “Fransa ədalətli ol”, “Beynəlxalq hüquqa hörmət elə”, “Fransa ATƏT-dən rədd ol!” kimi şüarlar səsələndiriliblər. Aksiyaçılar hazırlanmış bəyanatı oxuyublar.  Bəyanatda bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar noyabrın 9-da Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya kölgə salır: “Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə göz yuman, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizm riyakarlığını və ikiüzlülüyünü bütün dünyada nümayiş etdirdi.  Bu qətnamə əldə edilmiş sülhü təhlükə altına atır. Biz bu qətnaməni pisləyir və ləğv edilməsini tələb edirik. Senatın bədnam qətnaməsi ləğv olunana qədər isə Fransa ilə bütün əlaqələrin dayandırılmasını tələb edirik”.

Etirazçılar Senatın qəbul etdiyi qətnaməni BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkə adlandırıblar: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etsin, Parisdəki səfirimiz geri çağırılsın”.

“Bununla Fransa  Senatı açıq- açığına terroru dəstəkləmiş olub”

Göründüyü kimi,  Fransa Senatının  qəbul etdiyi məsuliyyətsiz bir sənədə Azərbaycan və xaricdə ən müxtəlif formalarda etirazlar edilib.  Ancaq bunu da qeyd edək ki, Fransa Senatının Dağlıq Qarabağın “müstəqilliyini” tanıması barədə yanlış qərarı digər dövlətlər üçün də presedentə çevrilə bilər. Bunun qarşısını almaq üçün diplomatik sahədə geniş tədbirlər planı hazırlamaq  gərəkdir.  Xüsusilə də bu saxta qərara etirazlar  bütün  dünyadakı diaspor təşkilatlarımız tərəfindən edilməlidir ki, başqa ölkələr üçün bu zərərli qərarın qəbulunu presedentə çevirməsinlər. Bu yöndə xaricdəki diaspor təşkilatlarımız hansı addımları atmalıdır?

Diaspor sahəsində fəaliyyətində görə Azərbaycan dövlətinin bir neçə ali mükafatına layiq görülən ictimai-siyasi xadim Mirkazım Seyidov  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu olduqca ciddi məsələdir: “Hesab edirəm ki, bizim rəsmi qurumlarla yanaşı, qeyri hökumət təşkilatlarımız və  diaspor qurumlarımız da bu istiqamətdə fəaliyyətlərini, daha doğrusu, etirazlarını genişləndirməlidirlər. Faktiki olaraq  bununla Fransa  Senatı açıq-açığına terroru dəstəkləmiş olub.  Bu, eyni zamanda, Azərbaycana qarşı olan təxribatdır.  Mən bunu erməni lobbizminin  əldə  etdiyi nəticə kimi qiymətləndirirəm. Çünki həmin ölkədə erməni lobbisinin dayaqları çox güclüdür. Fransa ermənilərin Gəncədə, Bərdədə törətdiyi terrora görə heç bir bəyanat vermədi, erməni vəhşiliyinə etiraz etmədi. Ermənilər körpə balalarımızı qətlə yetirdi, Fransa susdu. Amma noyabrın 25-də heç bir əsası olmayan qətnamə qəbul edir. Fransa Azərbaycan qanunvericiliyinə hörmətlə yanaşmalıdır, beynəlxalq qanunlarına hörmət etməlidir. Fransa heç bir haqq-ədalətdən danışa bilməz. Qarabağ Azərbaycanın əbədi və əzəli ərazisidir. Bir neçə gün əvvəl Fransa prezidenti Emanuel Makron da Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqlədi. Bu hadisədən sonra Fransa Senatının belə bir qətnamə qəbul etməsi Fransa dövlətinin nüfuzuna xələl gətirir. Fransa Ermənistanı müdafiə edirsə, bu ölkə də terror dövlətidir. Azərbaycan ictimaiyyəti Fransanın bu addımına kəskin etiraz edir. Onsuz da Fransanın bəzi ərazisində ermənilər məskunlaşıb. Əgər Fransa istəyirsə, həmin ərazilərin adını Ermənistan qoysun və ermənilərə təhvil versin”.

“Fransanın əsasını qoyduğu saxtakarlığın qarşısını almalıyıq ki,  başqa ölkələr öz hesablarını götürsünlər”

Mirkazım Seyidovun sözlərinə görə,  bunun üçün diaspor təşkilatlarımızın  lobbiçilik fəaliyyətinə keçidi lazımdır: “Təəssüflər olsun ki, bu istiqamətdə bir qədər geriləməlrimiz var. Fransa hakimiyyəti bu qərarın hökumətin mövqeyi olmadığını desə də, qəbul edilən sənəd tövsiyə xarakterli olsa da, biz etirazlarımıza ara verməməliyik. Çünki bunun vacib siyasi və təbliğatı əhəmiyyəti var. Erməni lobbisi  belə  saxtakarlıqlar üzrə tam ixtisaslaşıb.  Biz Türkiyəyə qarşı olan  qondarma  “soyqırım” iddiaları ilə bağlı onların fəaliyyətini görürük.  Fransanın əsasını qoyduğu saxtakarlığın qarşısını almalıyıq ki,  başqa ölkələr öz hesablarını götürsünlər. Bunun üçün  aktiv diaspor təşkilatlarımızın bu məsələ ilə bağlı ideoloji olaraq vahid mərkəzdən təlimatlandırılmasını təmin etməliyik ki,  işimizin effekti yaxşı olsun.  Jurnalist, hüquqşünas və cəmiyyətdə tanınmış olan başqa ixtisas sahiblərindən ibarət nümayəndə heyətləri təmsil olunduqları ölkələrdəki nüfuzlu KİV-lərin redaksiyalarına gedib görüşlər keçirməlidir ki, bu məsələnin zərərli olduğunu anlatsınlar. Ölkələrdəki təbliğat vasitələri ilə aktiv işləmək lazımdır. Həmçinin, Fransa Senatının  qərarına etiraz əlaməti olaraq aksiyalar keçirilməlidir ki, bütün dünya hansı saxtakarlıqdan söhbətin gedildiyini bilsin. Mən bilirəm ki. bu məsələdə qardaş türk diasporu da bizim mövqeyimizi birmənalı dəstəkləyir. Onların da diaspor təşkilatları ilə koordinasiyalı fəaliyyətə üstünlük verməliyik”.

Müsahibimiz dedi ki, Azərbaycan diasporu bu cür həlledici mıqamlarda daim dövlətimizin yanında olub: “Əminəm ki, bu sınaqdan da üzüağ çıxıb, haqqın-ədalətin bərqərar olunmasına öz töhfəsini verəcək”.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …