Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Fazil Mustafa, Rasim Balayev və AMİP-dən Afaq Bəşirqızına – REAKSİYALAR

Fazil Mustafa, Rasim Balayev və AMİP-dən Afaq Bəşirqızına – REAKSİYALAR

Bir neçə gündür ki, xalq artisti Afaq Bəşirqızı cəmiyyət tərəfindən tənqid olunur. Onun “Rayondan gəlib, “padyez”də şikəst uşaq doğanlar dövlətdən indi yardım istəyir” ifadəsi böyük etiraz və qəzəblə qarşılanıb. 

Xalq artisti bu fikri 190 manat birdəfəlik yardım məsələsinə münasibət bildirərkən söyləyib. Onun çıxışını “şəhərli-kəndli” zümrəsinə bölənlər də var. 

Fazil Mustafa: “Rus dili tədrisini özəl sektora buraxmaq lazımdır”

Deputat Fazil Mustafa Musavat.com-a bildirdi ki, cəmiyyətdə bu məsələnin müzakirə edilməsi mövzusuzluqdan qaynaqlanır: 

“Qlobal mövzu olmayanda belə məsələləri gündəmə gətirirlər. Mən onun çıxışında şəhər-kənd qarşıdurması görmədim. 

Afaq xanım deyir ki, efirə çıxan, məsuliyyətsiz davranışdan uşaq dünyaya gətirən və onu saxlaya bilməyənlər indi dövlətdən pay umur. 

Bunun kəndliyə nə dəxli var ki, qızışdırırlar? Sadəcə, mövzu kimi gündəmə gətirməklə xalq artistini düşmənə çevirdilər”. 

F.Mustafa hesab edir ki, cəmiyyət fikrə görə insanı linç etməyin növbəsinə dayanıb: “Mən Tomas Mannı oxuyuram. O, Martin Lüter kimi bir alman dəyərini yerdən yerə vurub. 

Ancaq bir alman onu linç etmir. Bizim cəmiyyət isə linç etmək üçün növbə yaradıb. Axı kim haqq verib ki, insanın fikrinə görə onu söyəsiniz, təhqir edəsiniz?” 

Deputat qeyd etdi ki, o, özünü həm naxçıvanlı, həm bakılı sayır: “Bakı qaçqını, rayondan gələni, Gürcüstandan köçəni, kəndlisi, şəhərlisi ilə bir milli pataxta çevrilib. 

Bu, doğru yanaşma deyil. Afaq xanım çıxışında kənd – şəhər məsələsini nəzərdə tutmayıb. Sadəcə, ola bilsin ki, ifadə forması doğru olmayıb”. 

F.Mustafa bildirdi ki, əgər A.Bəşirqızı “əyalətdən gələn alim elmimizi şikəst etdi, rayondan gələn sənəti məhv etdi” desəydi, onda qıcıqlanmanı anlamaq olardı: “Burada cəmiyyətdəki sosial neqativ elementin dilə gətirilməsi qəzəb yaratmamalıydı. Dünən eyni kütlə qışqırığı ilə qəhrəmana çevirdiyi insanı bu gün bir sözü görə yerə endirir. 

Və bunu cəmiyyətin oxumuş insanları söyləyəndə adam daha böyük ürək ağrısı ilə qarşılayır. Çünki fikirə fikirlə cavab verilməlidir. Bütün bunlar cəmiyyətdə polemika qabiliyyətinin aşağı olduğunu göstərir. 

Təsəvvür edin ki, biz yaxın tariximizi müzakirə edə bilmirik. Hünərin varsa, sən 90-cı illərin tarixini təhlil elə, bir qrup üstünə tökülüşəcək.

İbn Haldun kimi adamın fikrində səhv axtaranlar var. Belə cəmiyyətdə İbn Haldun kimi nəhəng müzakirələrə qoşula bilmir, Afaq Bəşirqızı necə qoşulsun?! 

Mən yenə deyirəm ki, ola bilsin fikrini uğursuz ifadə edib, özü də qeyd edib ki, o mənanı nəzərdə tutmayıb. 

Yəni, ailə məsuliyyəti olmalıdır, təsadüfi münasibətdən uşaq doğub ailə institutunu dağıtmayın. Ancaq bunu başqa cür qəbul etdilər”.

Rasim Balayev: "Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıb"

Xalq artisti Rasim Balayev isə Musavat.com-a bildirdi ki, insanlar yazmağa söz tapmırlar, A.Bəşirqızının fikrini şişirdirlər: 

“Afaq rayon əhalisini aşağılamaq mənasında deməyib. Bu kəndçi-şəhərli söhbəti çoxdan köhnəlib. 

Afaq demək istəyir ki, təsadüfi münasibətdən övlad dünyaya gətirir, uşağa baxa bilmir, məsuliyyətsizlik edir, sonra da televiziyalara çıxıb kömək istəyir. 

Afaqın sözünü böyütməyin, ora-bura dartmağın yeri yoxdur. İnsan var ki, uşaq istəyir, heç olmur. Bizim o qədər problemlərimiz var ki, bunları bir kənara qoyub, şəhər-kənd söhbəti aparmaq düzgün deyil”.

R.Balayev qeyd etdi ki, bu gün karantin səbəbindən işsiz qalan xeyli insanlar var: “Onlara 190 manat çatdırılmalıdır. 

Mən indi ödənişin mexanizmini bilmirəm, ancaq buna ehtiyacı olan insanlar var, kömək göstərilməlidir. 

Afaq xanım da insandır, ola bilsin ki, fikrini düzgün çatdıra bilməyib, cəmiyyət də belə qarşılayıb. Bu söhbətləri şişirtmək doğru deyil”.

Əli İnsanovun partiya yaratmasından biz niyə narahat olmalıyıq ...

AMİP katibi Əli Orucov saytımıza dedi ki, Afaq Bəşirqızı partiyanın lideri Etibar Məmmədovla eyni sinifdə oxuyub. 

Onun sözlərinə görə, Afaq xanım xalqını, dövlətini sevən və sözünü çəkinmədən deyən tək-tək ziyalılarımızdan biridir. 

“O, Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri olub və buna görə təqib, təzyiqlərə məruz qalıb. Ona bir müddət müxtəlif qadağalar da tətbiq edilib. Lakin haqq bildiyi yolundan dönməyib”, – deyə Ə.Orucov vurğuladı.

Ə.Orucovun sözlərinə görə, həmin müsahibə ilə tanışdır: “Düzü, burada qıcıq doğuracaq, kimisə aşağıladacaq bir şeylər görmədim. Əslində o, cəmiyyəti narahat edən problemləri qabardıb. 

Özünün də aydınlaşdırdığı kimi fikirləri təhrif olunub. Xalqını millətini sevən Afaq Bəşirqızı kimi bir sənətkarın guya kənd insanını aşağılaması mümkün deyil. 

Xatırlayırsınızsa, sənət adamlarının prezident İlham Əliyevlə görüşü zamanı hərə öz şəxsi problemlərini qabardıb, özəl xahişlərini etsələr də, təkcə Afaq xanım mövcud problemləri cəsarətlə ölkə başçısının diqqətinə çatdırmışdı”. 

AMİP funksioneri yada saldı ki, onun bu hərəkəti istər sosial şəbəkələrdə, istərsə də cəmiyyətdə rəğbətlə qarşılanmışdı: “İndi onun son müsahibəsinin mahiyyətini anlamayanlar Afaq xanımı hədəf seçiblər. 

Diqqətlə oxuyb düşünsələr anlayarlar ki, doğrudan da Afaq xanımın qaldırdığı problemlər nə qədər ciddi və aktualdır. 

Düşünülməlidir ki, niyə kəndlərimiz boşalır, gənclər və fəal işçi qüvvəsi hər çətinliyə və şəraitsizliyə rəğmən Bakıya üz tutub, burda qalmağa üstünlük verirlər? 

Məni narahat edən həm də odur ki, hətta bəzi siyasilərimiz də ümumi xora qoşulub xalq artistinə qarşı qərəzli münasibət sərgiləyirlər. 

Afaq Bəşirqızı siyasət adamı deyil və siyasi məqsədləri də yoxdur. Ölkədə kifayət qədər problemlər və koronovirusla bağlı gərginlik var. 

Belə bir məqamda xoşgörü olmaq, insanların bir-birini anlayışla qarşılamaq əvəzinə içini-dışını bilmədən xanım bır sənətkara hücum çəkmək, onu gözdən salmağa yönəlik təbliğat aparmağı yaraşdırmadım. 

Görünür, fürsətçilər və qərəzçilər əllərinə düşmüş bu girəvədən geninə-boluna istifadə etmək istəyirlər. Bəziləri də sadəcə bildi-bilmədi axına qoşulub. 

Bir müddət keçəndən sonra Afaq Bəşirqızına qarşı qərəzli mövqe tutanlar və ona hücum edənlər yanıldıqlarını başa düşəcəklər. 

Afaq xanım böyük sənətkardır və onun böyük xidmətləri var, ən azından bunu unutmamalıyıq”.

Xatırladaq ki, A.Bəşirqızı fikirlərini belə açıqlayıb: “Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı – işğal olunan rayonları nəzərdə tutmuram – qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa “novostroyka”nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bugünə düşmüşük. İndi kimisə günahlandırmağa ixtiyarımız yoxdur”.

“Novostroyka”nın zirzəmisində şikəst uşaq əkib-doğurlar, sonra da qucaqlarına alırlar, gəlirlər verilişlərdə həkim axtarmağa. 

Heç bir kəndli deyə bilməz ki, mənə düşən pay azdır… Kişi odur ki, özünə arxalansın, biz özümüz özümüzə arxalanmalıyıq” – A.Bəşirqızı qeyd edib.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …