Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Fazil Məmmədovun səfir olmaq arzusu gözündə qaldı

Fazil Məmmədovun səfir olmaq arzusu gözündə qaldı

O da Ziya Məmmədov kimi  komandadan birdəfəlik  uzaqlaşdırılanlar sırasına qoşulur; ölkədən çıxışı isə  hələ ki “müəyyən səbəblərdən”  münasib bilinməyib

Dekabrın 5-də prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri  vəzifəsindən azad edilən  Fazil Məmmədov ətrafında müəmma davam edir. Hələ vəzifəsindən çıxarılmazdan əvvəl belə xəbərlər yayılmışdı ki,  F.Məmmədov özünü diplomatiya sahəsində sınamaq istəyir.  Bildirilirdi ki, o, keçmiş sovet respublikalarından birinə səfir göndərilməsinə nail olmaq üçün hərəkətə keçib.

Və bununla bağlı  hətta “yuxarılara” xahiş də edib. Vəzifədən çıxarılandan dərhal sonra bu mövzu aktuallaşdı. Prezidentin  son illər sabiq məmurların  daha çox  təyinat aldığı Tacikistandakı səfiri məhz bu ərəfədə geri çağırması F.Məmmədovun arzusunun gerçəkləşə biləcəyi yönündə iddiaları artırmışdı. O da qeyd olunurdu ki, əgər Fazil Məmmədovun işdən çıxarılması hansısa qəzəbin təzahürü deyilsə, sadəcə, 17 illik naziri yenisi ilə əvəzləmək istəyindən irəli gəlibsə, o zaman sabiq nazirin səfir istəyi reallaşa bilər.

Amma iqtidar bu yöndə Fazil Məmmədovun ətrafının  apardığı spekulyasiyanın qarşını alıb. Prezident bir neçə səfir yeri vakant qalsa da, dekabrın 18-də ölkəmizin Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Həsən Məmmədzadə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

F.Məmmədovun Avropa ölkələrindən birinə səfir göndəriləcəyi isə ağlabatan deyil. Yeri gəlmişkən, bu ilin fevralında vəzifədən azad edilən nəqliyyat naziri Ziya  Məmmədovun da yaxın ətrafı eynilə bu cür təbliğat aparırdılar. Məlum sərəncamdan sonra bildirilirdi ki, Z.Məmmədov baş nazirin müavinlərindən biri təyin ediləcək. Hətta sabiq nazirin qardaşı “bu bizim arzumuz ola bilər. Amma bu, ölkə rəhbərinin konstitusion səlahiyyətlərinə daxildir. İndi gəzən fərziyyələr, söhbətlər gerçək ola bilər. Amma buna biz qərar vermirik” demişdi. Amma bu gözləntilər özünü doğrultmadı. Məlum oldu ki,  hakimiyyətdə etibardan düşmüş Z.Məmmədov  komandadan birdəfəlik uzaqlaşdırılıb.   

Fazil Məmmədovun  taleyi ilə bağlı müəmma davam etsə də, böyük ehtimalla o da Z.Məmmədov kimi  komandadan birdəfəlik uzaqlaşdırılanlar sırasında yer alıb. Çünki onun işdən qovulmasında böyük pul oğurluğunun əsas rol aldığı iddia olunur ki, bu hələ də  təkzib olunmayıb.  Söhbət ölkədən çıxarılan 4.5 milyard manat “qara pul”dan gedir. İddialara görə, Fazil Məmmədov yaxın ətrafı üzərindən, o cümlədən Binəqədinin icra başçısı olan Xaləddin İsgəndərovun vasitəsilə büdcəyə daxil edilməli pulları xaricdəki hesablara ötürüb.

Image result for Fazil Məmmədov

Gələn məlumatlara görə, yaxın müddət ərzində vergi şəklində yığılaraq müxtəlif gizli hesablara yönləndirilən pullar geri qaytarılmasa, Fazil Məmmədovun  və yaxın ətrafının həbsi gerçəkləşə bilər. Hakimiyyət  daxilində müəyyən dairələrə yaxın olan Hafiz Hacıyev  bu günlərdə  deyib ki, Fazil Məmmədovun  4-5 milyard dollar sərvəti var.  Onun sözlərinə görə, araşdırma aparmaq lazımdır ki, bu qədər pulu necə toplayıb: “Bu adamları elə-belə buraxmaq olmaz. Pullarını əllərindən almaq lazımdır. Yoxsa ölkəni qarışdırmaq üçün müxtəlif qüvvələrə pul paylayacaqlar”.

“Yeni Müsavat”a yaxın bir mənbə isə iddia edir ki, F.Məmmədovun müalicəyə ciddi ehtiyacı var və ölkədən getmək niyyətindədir. Amma hələ ki “müəyyən səbəblərdən” onun ölkədən çıxması münasib bilinməyib.

“YM”

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …