Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Famil Mehdi erməniləri belə susdurdu- “Siz nankor və çörəktapdayanlarsız”

Famil Mehdi erməniləri belə susdurdu- “Siz nankor və çörəktapdayanlarsız”

Hələ o zaman Qarabağ hadisələri başlanmamışdı. Kimsə “Xalqlar həbsxanası” SSRİ-nin də tezliklə çökəcəyinə inanmırdı. Belə bir ərəfədə Gəncədə təşkil olunan ədəbi tədbirlərdən birinə dörd şair yollanır- Famil Mehdi, Cabir Novruz, Abbas Abdulla və Məmməd İsmayıl. Nizami yurdunda poeziya gecəsi başlamazdan əvvəl Göy gölə gedib azacıq dincəlmək istəyirlər.
Moderator.az saytının təqdim edəcəyi əhvalat  məhz burada baş verir. Daha doğrusu, bunu biz yox, Famil Mehdinin özü “danışacaq”. O, “Tərcümeyi-halım” adlı sənədli xatirə romanında həmin hadisəni ətraflı nəql edir:
“Elə təzəcə yeməyə başlamışdıq ki, bayaqdan yaxınlıqda uzun stol arxasında oturan, yeyib-içən, alıb-oynayan ermənilərin qəribə söhbətlərini eşitdik. Bunlar çox vaxt rusca danışır, ən ədəbsiz, tərbiyəsiz sözlər işlədir və bunları bizim adi sözlərimiz kimi, faşist sözləri kimi qələmə verirdilər. Bu mövzuda söhbət getdikcə qızışdı. Abbas Abdullaya dedim ki, bu saat onların bişmiş aşına su qatacağam. Yeyib-içdiklərini zəhər edəcəyəm.
Ayağa qalxıb ucadan dedim: -Bir dəqiqəliyə mənə qulaq asın. Sizə deyiləsi sözüm var. Siz çox mədəniyyətsiz və tərbiyəsiz adamlarsız. Nankor və çörəktapdayanlarsız.
Onlar oturduqları yerdə donub qalmışdılar. Bəlkə də qulaqlarına inanmırdılar. Sonra bir neçəsi ayağa qalxaraq, xoruzlanmaq istədi.
Onların stoluna yaxınlaşdım və daha ucadan danışmağa başladım:-Siz görün nə qədər vicdansızsınız ki, Azərbaycan süfrəsinin başında oturub onu murdarlayırsınız. Siz azərbaycanlıları faşistlərlə eyniləşdirirsiniz. Süfrə üstü olsa da mən sizə tüpürürəm. Sizin zatınızı, kökünüzü lənətləyirəm ki, onlardan da sizin kimi nadanlar törəyib.
Qırmızı heyvərəsifətin biri səndələyə-səndələyə qabağa yeridi, mənə yaxınlaşdı və azərbaycanca dedi:-Siz nə haqla bizi təhqir edirsiniz? Heç bilirsiniz bu süfrədə kimlər oturub? O başda oturan erməni xalqının böyük professoru Antonyandır. O birisi də… bu birisə də…
Sözünü yarımçıq kəsdim:- O Antonyana Bakının çörəyi haram olsun. Bakıda böyüyüb. Bakıda təhsil alıb. Bakıda professor olub. İndi Yeravana qaçıb gedib. Burada onun yanında azərbaycanlıların əleyhinə belə tərbiyəsiz sözlər danışılır. O da susub diqqətlə qulaq asır, ləzzət alır.
Mən bu sözləri deyəndə Abbas Abdulla artıq sağ tərəfimdə dayanmışdı. Əlini kürəyimə vurub, yəni “molodes” demək istəyirdi, dilləndi:- Sizin qarşısınızda dayanan isə Azərbaycanın şairi Famil Mehdidir. Mən də şair Abbas Abdullayam. Famil müəllimin sözünə bir şeyi əlavə edirəm:- O çörək sizə haram olsun. Siz özünüz faşistsiniz və faşistdən əmələ gəlmisiniz.
Burada, bu dəqiqə iki şey ola bilərdi: ya bu on beş-iyirmi adam ayağa qalxıb biz dörd  nəfəri boğub məhv edə bilərdi. Ya da ki…. Lakin elə bil qurbağa gölünə daş atdın. Yaltaqlanaraq irəli yeridilər:- Bağışlayın spirtin təsirindəndir. Qanmayıblar. Bir az da siz düz başa düşməmisiz. Biz tarixi dostlarıq.
Lakin bu da hələ son deyil. Həmin qanqaraçı hadisədən sonra gecəyə tələsən şairlər maksiumum bir neçə dəqiqə gecikir. Amma sonra Famil Mehdi çıxış edir. Məşhur “Mənim qoca anam Allahsız deyil” şeirini də oxuyur. Yerinə oturan kimi ikinci katib ona narazılığını bildirir.
Elə bu  vaxt milliyətcə erməni olan qadın katib şairdən həmin şeiri istəyir. Özü də adını səhv deyə-deyə:
– Famil müəllim, o “Allah” şeirinizi mənə verə bilərsizmi7
-Verməyinə verərəm, amma mənim Allah haqda yox, ana haqda şeirim var.
-Elə onu istəyirəm-dedi.
-Buyurun –şeiri ona uzatdım. Ancaq arxayın olun, şeir “KQB”-nin nəzarətindən keçib. Qəzetdə də dərc olunub, kitabda da çıxıb.
-Hər halda mənə lazımdır,-deyib, qatlayıb çatnasına qoydu.
Onsuz da o birisinin əlindən cilov gəmirirdim. İndi isə dişim bağırsağımı kəsdi:- Kül bizim başımıza, gör nə günə qalmışıq ki, erməni qadın da bizə “KQB”-lik eləyir?!”

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın