Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Fəzail Ağamalının bir cümlədə yol verdiyi üç səhv və bundan daha ağırı…

Fəzail Ağamalının bir cümlədə yol verdiyi üç səhv və bundan daha ağırı…

Milli Məclisin deputatı Fəzail Ağamalı hər zaman məsələlərə “sərt” tənqidləri ilə tanınır.

Deputat fəaliyyəti dövründə istənilən çıxışında tənqid hesab etdiyi fikirlərinin “dozasını” düzgün tənzimləyə bilməyib deyə bilərik. Təkcə son çağırış parlamentin iclaslarındakı fikirlərinə nəzər salsaq belə, Fəzail bəy üçün hər hansı bir məsələdə danışarkən hər zaman yüksək notlara keçməyin adi bir qayda olduğunu görə bilərik. Yəni Fəzail Ağamalı problemli məsələlərlə bağlı hər zaman ən son variantı həll olaraq irəli sürüb: Hansısa təşkilatla bağlı problem varsa, əlaqə kəsilsin, hər hansı dövlətlə narazılıq yaranıbsa, səfir geri çağırılsın və bu kimi bir çox çıxışları sadalaya bilərik.

Milli Məclisin deputatının demək olar ki, bütün tənqidləri “topa tutdu” həddinə gəlib çatır. Üstəlik sadəcə xarici siyasət məsələlərində yox, daxili məsələlərdə də Fəzail Ağamalı problemin həll yollarını tapmaq əvəzinə, birbaşa yaralı üzvü kəsib atmağı məsləhət bilib.

Onun bu cür yanaşması isə hətta həmkarları tərəfindən də vaxtilə tənqid edilib. Məsələn, parlamentin 2015-ci ilin fevralın 24-də keçirilən iclasında “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı Fəzail Ağamalı sözügedən sənədin Azərbaycan elmini “ölü nöqtə”dən çıxaracağını qeyd edib.

Milli Məclis sədrinin birinci müavini vəzifəsini tutan Ziyafət Əsgərov isə bu fikrə laqeyd qala bilməyərək “Deyirsiniz ki, Azərbaycan elmi ölü vəziyyətindədir. Elədirsə, elm yoxdursa, siz özünüz diplomu necə, haradan almısınız?”

Göründüyü kimi Fəzail bəyin “vur dedim, öldürdün” misalına nümunə olacaq çıxışları hətta həmkarlarını belə reaksiya göstərməyə vadar edib.

Əslində, açıqlamalarından birində Fəzail Ağamalının tənqidlərində bu cür radikal həll yolları göstərməsinin səbəblərini sezmək də mümkündür. Belə ki, mətbuata açıqlamalarından birində Fəzail Ağamalı məktəb illərində baş vermiş hadisədən bəhs edərkən bildirib:

“Məktəb illərində dəcəl olduğum üçün danlanmışam. Hətta məktəbdən 10 günlük uzaqlaşdırılmışam. Sinif yoldaşımla dalaşmışdım, ona gücüm çatmadığı üçün bud nahiyəsinə bıçaqla xəsarət yetirmişdim”.

Bu hadisə Fəzail Ağamalının öz dilindən nəql edilib və onu xatırlatmaqda məqsəd heç bir halda yenidən gündəmə gətirmək deyil. Yəni hadisədir, olub, gedib, ancaq bu hadisə Fəzail Ağamalının ta uşaqlıqdan bu yana problemlərin həllində ən radikal qərarlara müraciət etdiyini göstərir. Elə bu cəhəti də onun tənqidi fikirlər səsləndirərkən bir çox hallarda əndazəni aşmasına və obyektivlikdən kənarlaşmasına gətirib çıxarır.

Elə Milli Məclisin son plenar iclasındakı çıxışı – Azərbaycanın efir məkanında xüsusən son illər olduqca keyfiyyətli işləri ilə seçilən İctimai Televiziyanın ünvanına səsləndirilən tənqiddə olduğu kimi…

Çıxışında İctimai Televiziyada yayımlanan 3D verilişinə dəvət olunduğunu, lakin verilişin tərzini bəyənmədiyi üçün qatılmadığını bildirən deputat, bundan sonra televiziyada tənqid və təhqir olunduğunu qeyd edib. Özü də sərt tənqidi sevən deputat narazı qaldığı tənqid və təhqirin nədən ibarət olmasını açıqlamayıb, sadəcə dəfələrlə tənqid və təhqir olunduğunu vurğulayıb.

Əslində isə Fəzail Ağamalı bununla İctimai Televiziyada olduqca maraqlı və kəskin sualların verildiyi proqramda iştirakdan imtina etməsinə bəraət qazandırmağa çalışıb.

Belə ki, sözügedən proqramda Fəzail Ağamalıya cəmiyyəti maraqlandıran sualların ünvanlanacağı heç kimdə şübhə doğurmur. Proqramın çoxsaylı buraxılışları və xüsusən son illər İctimai Televiziyanın ortaya qoyduğu düzgün yayım siyasəti bunu söyləməyə əsas verir.

Fəzail Ağamalının çıxışındakı bir cümlə xüsusən diqqət çəkir. Elə həmin cümlənin arxasında da Fəzail bəyin səsləndirdiyi tənqidin əsl məramı dayanır:

“Cəmiyyətdə gedən bütün proseslərdə tənqid hədəfinə millət vəkilləri çevrilir”.

Fəzail bəy bu sözlərlə ilk növbədə özü etiraf edir ki, qeyd etdiyi prosesdən narazıdır. Yəni, tənqid hədəfinə çevrilməkdən yorulub. Belə olan halda isə cəmiyyətin kəskin suallarının ona ünvanlana biləcəyi proqramı “bəyənməməsi” olduqca normal qarşılanmalıdır.

İkincisi bu cümlə həm də Fəzail bəyin səsləndirdiyi fikirlərin nə dərəcədə qeyri-obyektiv olduğunu ortaya qoyur. Çünki bu çıxış bir proqram və televiziyanın tənqidinə cavab xarakteri daşımır. Proqramın və İctimai Televiziyanın keyfiyyət standartlarının deyil, məhz tənqidlərə tuş gəlmək ehtimalının deputata güc gəldiyi hiss olunur. Odur ki, bu cür vəziyyətdə obyektiv çıxışdan söhbət belə gedə bilməz.

Üçüncü məqam isə yenə də son cümlənin Fəzail Ağamalının ənənəvi “stil”inə xas olmasıdır: birmənalı və radikal yanaşma, heç bir həll yolu səsləndirmədən fikir söyləmək, sərt tənqid. Bütün bunlar həm Fəzail Ağamalının yuxarıda göstərilən radikal tənqidlərinin başlıca elementlərindən sayılır.

Ortada tənqid olunası bir məqam varsa, o da Fəzail Ağamalının bircə cümləsində bu üç səhvlə yanaşı daha ağır bir səhvə də yol verməsidir.

Çünki bu cümlə ilə deputat parlamentdə məhz tənqidlərinə dözümsüz yanaşdığı həmin cəmiyyəti təmsil etdiyini unutduğunu göstərir. Yəni cəmiyyəti narahat edən istənilən məsələnin həllini tapmaması və ya həllin gecikməsində öz məsuliyyəti olmasını qəbul etmir.

Ancaq həqiqət bundan ibarətdir ki, deputat mandatı şəxslərə xalqı təmsil edib, problemlərinin həlli üçün səmərəli fəaliyyət göstərmək üçün verilir. Sözügedən şərtlərə cavab verməyənlərin isə tənqid olunması qədər normal ikinci bir vəziyyət ola bilməz.

Ancaq Fəzail bəy bircə məsələdə tamamilə haqlıdır. O da tənqid ehtimalından çəkinmək. Çünki bu məsələdə yəqin ki, cəmiyyətin mütləq əksəriyyəti həmfikirdir. Fəzail bəyin cəmiyyətin hansı problemin həllində var gücü ilə səy göstərdiyinə dair nümunə tapmaq müşkül məsələdir.

Elə Fəzail bəy də yəqin ki, bizimlə razıdır ki, tənqid olunmamaq üçün özü tənqidə başlayıb. Ortaya çıxan mənzərə həqiqətən sadədir.

Deputat özünün də vurğuladığı kimi tənqid hədəfinə çevrilməkdən yorulub. Bu mənada “3D” verilişində iştirakı da məqsədyönlü hesab etməyib. Bu qərarının səbəb olduğu tənqidlər isə onu əks fikir səsləndirməyə yönəldib.

Cəmiyyət isə istənilən məsələyə öz ədalət tərəzisi ilə qərar verir. Bu misalda isə tərəzinin ağır gələn tərəfində deputat Fəzail Ağamalının olduğunu söyləmək çətindir…

Hər halda tənqid cəmiyyətin inkişafına təkan verə biləcək amildir. Ancaq tənqiddən tənqidə də fərq var. Fəzail Ağamalının narazı qaldığı (cəmiyyətin) tənqidlə, özünün səsləndirdiyi tənqid arasında yerlə göy qədər fərq var. Birinci obyektiv olduğu halda, ikinci bu xüsusiyyətdən çox uzaqdır… Oxu.az

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …