Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Fəzail Ağamalı: “Bunu edənlər xalqın yaddaşında, aparılacaq gələcək tarixi tədqiqatlarda hər zaman mənfi obrazlar kimi qalacaqlar”

Fəzail Ağamalı: “Bunu edənlər xalqın yaddaşında, aparılacaq gələcək tarixi tədqiqatlarda hər zaman mənfi obrazlar kimi qalacaqlar”

Müxalifətin radikal qanadının asayişi pozmaq cəhdləri nəticə vermir. Yanvarın 19-da “Məhsul” stadionunda mitinq keçirən bir neçə radikal müxalifət partiyasının siyasi şousu əvvəlkilərdən heç nəyi ilə fərqlənmədi. Yenə eyni şüarlar, eyni simalar, elektoratda ki, sabit olaraq qalır. Elektoratın da sabitliyi onunla ölçülür ki, onlarla partiya uzun illər ərzində balaca həcmi olan stadionu tərəfdarları ilə doldura bilmir. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, müxalifətin çağırışı ilə aksiyada iştirak edən şəxslər mitinqdən sonra da metroda, küçədə qruplar halında asayişi pozmağa cəhd ediblər. 20 Yanvar günü isə həmin qüvvələr Şəhidlər Xiyabanında təxribat törətməyə cəhd ediblər. Ziyarətə gələn kütləvi insan selini tənzimləmək istiqamətində polislərin qanuni tələblərinə tabe olmayan bir qrup radikal müxalifət tərəfdarı həmin günün mahiyyətinə uyğun olmayan şüarlar səsləndirməklə gərginlik yaratmağa cəhd ediblər. Maraqlıdır ki, müxalifətin bu gərginlik yaratmaq cəhdləri ölkə başçısının apardığı struktur, kadr islahatları, korrupsiya ilə mübarizə sahəsində gördüyü tədbirlərlə eyni dönəmə təsadüf edir. Ehtimal etmək olarmı ki, bu radikal, pozucu və təxribatçı meyllərin məhz bu zamanda artması ölkə başçısının deyilən istiqamətdə gördüyü işlərdən diqqəti yayındırmağa və ya bu işlərin səmərəsini aşağı salmağa hesablanıb?

Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu yöndə olan sualları şərh etsə də, bizim ünvanladığımız sualı daha fərqli və arqumentli sayır:

“Ölkə Prezidenti Azərbaycan dövlətini gücləndirməyə xidmət edən addımlar atdıqca, bu addımların arxasında konkret nəticələr olduqca, ölkəmizin dünya miqyasında mövqeyi gücləndikcə, dövlətimiz ciddi xarakterli layihələri önə çəkərək, onların təşəbbüskarı qismində çıxış etdikcə, ölkəmizə qarşı müxtəlif ünvanlardan təhdidlər, qarayaxma kampaniyaları artmağa başlayır. Baxın, 2019-cu ilin yanvar ayının 11-də ölkə Prezidenti yola salınan ilin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı keçirilən toplantıda ciddi struktur islahatlarının aparılmasının zəruriliyini önə çəkdi. Bundan sonra dalbadal fərmanlar imzaladı. Həmin fərmanlar struktur islahatlarının aparılması baxımından doğrudan da inqilabi xarakter daşıyırdı. Ardınca nələr baş verdi? Avropa Parlamenti Mehman Hüseynovla bağlı olan xırda bir kriminal hadisəni bəhanə edərək, Azərbaycana qarşı qərəzli qətnamə qəbul etdi. Bununla parlel olaraq, daxildəki radikal kəsim mitinq keçirməklə bağlı qərar qəbul etdi. Həmin mitinq 20 Yanvar ərəfəsinə təsadüf etsə də, aksiyada bir kəlmə də olsun xalqımıza qarşı həmin qətliamı törədənləri ittiham etmədilər. Bunun əvəzinə Azərbaycan hakimiyyətinin ünvanına səviyyəsiz hədyanlar yağdırdılar. Fikir verin, bir tərəfdən ölkə rəhbərliyi dövləti daha da inkişaf etdirmək üçün səylər göstərir, digər tərəfdən isə radikal dairələr həmin siyasətə kölgə salmaq üçün bütün mümkün vasitələrə əl atırlar. Hətta Şəhidlər Xiyabanında şou çıxarmağı belə özlərinə rəva bilirlər. Deməli, bütün bu işlərin görülməsində daxildəki radikallarla xaricdəki anti-Azərbaycan qüvvələri bir koalisiyada çıxış edirlər ki, belə mənzərə yaranmış olur. Buradan da o nəticə hasil olur ki, həmin koalisiya Azərbaycanın güclənməsində qətiyyən maraqlı deyil”. Millət vəkilinin sözlərinə görə, Azərbaycan ciddi uğurlara imza atdıqca, buna bənzər olaylar hər zaman olacaq: “Ancaq bunu edənlər xalqın yaddaşında, aparılacaq gələcək tarixi tədqiqatlarda hər zaman mənfi obrazlar kimi qalacaqlar. Necə ki, biz hazırda tarixdə rolu olmuş bəzi şəxsləri tənqid edirik, indiki radikallara da tarix bənzər qiyməti verəcək. Düşünürəm ki, biz hakimiyyətdə olduğu son 15 illik dönəmdə ən böyük vətənpərvərlik nümunəsini ortaya qoyan cənab Prezidenti tam olaraq, var gücümüzlə dəstəkləməyə borcluyuq. Bunu bizim vətəndaşlıq mövqeyimiz tələb edir. Çünki cənab Prezidentin yeganə amalı Azərbaycanı güclü və qüdrətli dövlətə çevirməkdir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …