Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Fəzail Ağamalı: “Azərbaycan yox, Ermənistan sülhə hazırlanmalıdır”

Fəzail Ağamalı: “Azərbaycan yox, Ermənistan sülhə hazırlanmalıdır”

“Paşinyan erməni xalqının qarşısında məsələ qoymalıdır ki…”

ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü və iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Parisdə keçirilən görüşündən sonra həmsədrlərin “Xalqların sülhə hazırlanması məsələsi müzakirə edildi” bəyanatı cəmiyyətdə birmənalı qarşılanmayıb. Eyni zamanda suallara səbəb olub ki, xalqları sülhə necə hazırlamaqdan söhbət gedir, xalqlar sülhə necə hazırlanmalıdır.

Bu barədə “Yeni Müsavat”a şərhində deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirdi ki, sülhə hazırlamaq məsələsi qoyularkən Azərbaycan xalqı ilə erməniləri bərabər tutaraq müqayisə etmək yanlışdır:“Erməni cəmiyyəti aqressivdir. Çünki Ermənistan işğalçı dövlətdir, işğalçı dövlətin əhalisi hələ bu günə qədər Azərbaycanın torpaqlarını işğaldan geri qaytarmaq mövqeyini ifadə etməyib. Əksinə, uzun illər boyu erməni cəmiyyəti aqressiv cəmiyyət olaraq formalaşdırılıb, işğalçı, kriminal rejimin işğal mövqeyini dəstəkləmək ruhunda tərbiyələndirilib. Ona görə Ermənistan əhalisi, erməni cəmiyyəti sülhə hazırlanmalıdır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarmalıdır və indiki hakimiyyət bu məsələdə erməni xalqının dəstəyini qazanmalıdır. Əvvəlki rejim buna imkan vermirdi. Əvvəlki rejim öz hakimiyyətini möhkəmləndirmək üçün məhz işğal faktorundan istifadə edərək ”Böyük Ermənistan” kimi xülyalarla faşizm ruhunu özündə ifadə eləyən təbliğatla əhalini aqressiv mövqeyə kökləyirdi. Bu cür təbliğatla formalaşdırılan Ermənistan cəmiyyəti sülhə hazırlanmalıdır”.

F.Ağamalı qeyd etdi ki, Azərbaycan isə işğala məruz qalmış ölkədir, Azərbaycan xalqı Ermənistanın işğalçılıq addımlarından çox böyük məhrumiyyətlər yaşamış xalqdır: “Azərbaycan dünyada tolerant dövlət, xalq kimi qəbul edilir və xalqımız işğala son qoyulacağı halda ermənilərlə sülh şəraitində yaşamağa hazırdır. Biz mənfur, hiyləgər qonşu ilə bir arealda yaşamağa məhkumuq. Deməli, Azərbaycan Ermənistanla qonşuluqda sülh şəraitində yaşamağa məhkumdur. Dağlıq Qarabağda yaşayan ermənilər isə Azərbaycanın vətəndaşlarıdır. Biz həmin vətəndaşlarımızı da öz içimizdə qəbul etməliyik və edirik. Həmin vətəndaşlarımıza da digər azsaylı millətlərə mənsub vətəndaşlarımıza olan münasibətimizi tətbiq etməliyik. Bütün bunlar Ermənistan qoşunlarının bizim torpaqlarımızdan çəkilməsi və işğaldakı ərazilərimizin azad olunmasından sonra olmalıdır. Dağlıq Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, Azərbaycan xalqı təbii ki, onları qəbul etməlidir. Mən düşünürəm ki, Azərbaycan xalqı Ermənistan silahlı qüvvələrini bizim ərazilərimizdən çəkib apardıqdan sonra indi cəmiyyətimizdə mövcud olan Ermənistanın işğalçılıq siyasətinə qarşı aqressiv münasibət xeyli dərəcədə yumşalacaq. Çünki Azərbaycan xalqı ermənilərdən fərqli olaraq daha düşüncəli, daha realist, tolerant xalqdır. İşğal olunmuş torpaqlarımızın azad olunması üçün bu gün sülhə doğru addımlar atılırsa, biz bunu dəstəkləməliyik. Çünki müharibə olacaqsa, hamımızın övladlarının şəhid olması, əlil olması realdır. Ona görə də əgər məsələnin sülh yolu ilə həlli varsa, biz buna dəstək verməliyik. Elan etməliyik ki, bizim erməni xalqı ilə sülh şəraitində yaşamaq problemimiz yoxdur, təki ermənilər buna hazır olsunlar, təki işğalçı qüvvələr Azərbaycanın işğal olunmuş ərazilərindən getsinlər. Belə olan şəraitdə Azərbaycan xalqının ermənilərlə heç bir problemi olmayacaq”.

Deputat vurğuladı ki, Ermənistan əhalisinin sülhə hazırlanması kimi ağır, çətin miras keçmiş hakimiyyətdən Nikol Paşinyan hakimiyyətinə qalıb: “Paşinyan bu son dərəcədə vacib və çətin olan vəzifəni həyata keçirməlidir, onun başqa alternativi yoxdur. Əgər belə olmasa müharibə qaçılmaz olacaq. Müharibə də olsa artıq Ermənistan dövləti elə bir sarsıdıcı zərbə alacaq ki, o dövlətin yaşayıb-yaşamaması ciddi sual altında qalacaq. Mən güman edirəm bunu onlar anlamamış deyillər. Ancaq bunun üçün Paşinyan özünün dayaqlarını ciddi şəkildə möhkəmlətməlidir, ”müharibə partiyası” olan Respublikaçılar Partiyasını tamamilə siyasi cəhətdən axtalamalıdır və onu təsirsiz bir quruma çevirməlidir, bu partiyanın cinayətkar əməllərini ifşa etmək üçün çox cəsarətli addımlar atmalıdır. Hələlik Nikol Paşinyan Ermənistan xalqının dəstəyinə malikdir. O, bu dəstəkdən nə qədər gec deyil, istifadə etməlidir və Ermənistan əhalisini aqressiv şəkildə formalaşdıran Respublikaçılar Partiyasının bütün dayaqlarını məhv eləməlidir.

Eyni zamanda öz xalqına izah etməlidir ki, onların işğal olunmuş Azərbaycan ərazilərindən çəkilməkdən başqa yolu yoxdur, Ermənistanın Azərbaycan və Türkiyədən təcrid siyasəti ölkəni ağır duruma salır və fəlakətli vəziyyət yaradır, çıxış yolu qonşu dövlətlər olan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasıdır, bunun üçün də ərazi iddialarından imtina etmək lazımdır. Paşinyan erməni xalqının qarşısında məsələ qoymalıdır ki, ya biz buna gedib Ermənistan dövlətini qoruyub saxlamalı və inkişaf etdirməliyik, ya da bütün bunlardan imtina edib Ermənistanı məhvə aparan müharibə yolunu tutmalıyıq. Erməni xalqına bu fikrin təlqin olunması Ermənistan dövlətinin qorxaqlığı kimi təqdim olunmalı deyil, bildirilməlidir ki, reallıq bundan ibarətdir. Paşinyan rejimi bundan qorxmalı deyil. Çünki başqa variant yoxdur. Yayılan məlumatlara görə, Tovuz rayonunun Əlibəyli kəndi ilə qonşu olan Ermənistan kəndində Ermənistan ictimai televiziyası “Dünənin dostluğu – bu günün düşmənçiliyi” ilə bağlı bir sorğu aparıb. Bu sorğuda ermənilər dünənə qədər Azərbaycan xalqı ilə dostluğu, münasibətlərin yüksək səviyyədə olmasını dilə gətirib. Bu cür layihələri Ermənistan hökuməti, ictimai qüvvələri, mediası davam etdirməlidir, öz xalqlarını aqressivlikdən daşındırmalıdır və sülhə hazırlamalıdırlar. Onlar da, beynəlxalq təşkilatlar da, Minsk Qrupu da bilməlidir ki, işğala son qoyulacaqsa, Azərbaycan xalqı sülhə hazırdır, Ermənistan xalqını sülhə hazırlamaq lazımdır”.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …