Ana səhifə / Siyasət / “Evdə 40 minlik mebel və qızıl var idi” – Yanan bina sakini

“Evdə 40 minlik mebel və qızıl var idi” – Yanan bina sakini

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Uğur Bəşirov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası keçirilib.

Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva vəsatət verərək bildirib ki, müdafiə etdiyi şəxs Penitensiar Xidmətin yeni rəisi Ceyhun Həsənovun göstərişi ilə Müalicə Müəssisəsindən Cəzaçəkmə müəssisəsinə köçürülüb: “Tibbi ekspertizanın rəyinə görə həkim müdaxiləsindən asılı olmayaraq hər an arzuolunmaz hadisə baş verə bilər. Xahiş edirəm, Qəzənfər Novruzov tibb məntəqəsinə köçürülsün.

Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatət verərək qeyd edib ki, məhkəmə prosesi zamanı zalın texniki avadanlıqlarla təchiz edilsin: “Biz sübut kimi foto və video materiallar əldə etmişik. Xahiş edirik, həmin sübutları təqdim etmək üçün texniki avadanlıqlar təmin edilsin. Proses zamanı videoçəkiliş aparmaq üçün elektron vasitələrdən istifadəyə icazə verilsin”.

Uğur Bəşirovun vəkili Cavid Rzazadə vəsatət təqdim edərək əldə etdiyi fotoların sübutlar siyahısına daxil edilməsini istəyib: “Bu fotolar 2013-cü ilin martın 2-də çəkilib. Orada görünür ki, poliuretan üzlüklərin quraşdırılması artıq başa çatıb. Uğur Bəşirov isə işlər tamamlandıqdan təxminən 3 ay sonra “Qlobal Stone” şirkətinə direktor təyin edilib. Həmin vaxta kimi Gəncə Aqrar Dövlət Universitetində müəllim işləyib. Bundan başqa, “Azərişıq” ASC rəsmi olaraq bildirib ki, 2013-cü ilin iyunun 10-da fasad üzünə quraşdırılan işıqlar üçün elektrik sayğacı qoyulub. Bu da o deməkdir ki, bütün işlər artıq başa çatmışdı”.

C.Rzazadə həmin fotoların həqiqiliyinin, tarixinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini də istəyib.

Dövlət ittihamçısı vəsatətlərə münasibət bildirirərək Q.Novruzovun səhhəti ilə bağlı Penitensiar Xidmətə müraciət edilməsini, zərurət yaranarsa Müalicə Müəssissəsinə köçürüləcəyini deyib. Vəkil İlhamə Həsənovanın vəsatətində qeyd etdiyi texniki avanlıqlarla təchiz edilmənin təmin edilməsini, videoçəkiliş aparılmasına isə ehtiyac olmadığını bildirib.

C.Rzazadənin vəsatətində qeyd etdiyi fotoların sübutlar siyahısına salınmasını, lakin ekspertiza təyin olunub-olunmayacağına məhkəmə prosesinin sonunda baxılmasını istəyib.

Məhkəmə kollegiyasının qərarı ilə Nüşabə Ağayevanın vəsatəti təmin edilib və bildirilib ki, Q.Novruzovun səhhəti ilə bağlı Penitensiar Xidmətə müraciət ediləcək.

İlhamə Həsənovanın vəsatəti qismən təmin edilib. Proses zamanı texniki avadanlıqların təmin ediləcəyi bildirilib, lakin videoçəkilişə icazə verilməyib.

C.Rzazadənin təqdim etdiyi fotolar sübutlar siyahısına daxil edilib, ekspertiza təyin olunması barədə vəsatəti baxılmamış saxlanılıb.

Zərərçəkmiş Səbinə Manafova mülki iddia ərizəsini məhkəməyə təqdim edib. Ərizəsində qeyd edib ki, onlara dəyən ziyanın qiymətləndirilməsi düzgün aparılmayıb: “Bizə dəyən maddi zərər 47 min manat qiymətləndirilib. Lakin mənzilin təmiri 47 min manatdır. Evdə 40 min manat dəyərində mebel və qızıl da var idi. Bunlar nəzərə alınmayıb. Xahiş edirəm, yanğın zamanı mənzilə dəyən maddi ziyanın qiymətləndirilməsi ilə bağlı təkrar ekspertiza təyin edilsin”.

S.Manafova qeyd edib ki, ibtidai istintaq zamanı anası Elvira Manafova zərərçəkmiş şəxs kimi qeydə alınmayıb.

Dövlət ittihamçısı bildirib ki, həmin binada 31 saylı mənzildə qeydiyyatda olan S.Manafova üçün 47 min manat, anası Elvira Manafova üçün isə 86 min manat maddi ziyan kimi tanınıb.

Mülki iddia ərizəsi baxılmamış saxlanılıb.

Prokuror ittiham aktını elan edib. Təqsirləndirilərən şəxslərin heç biri özlərini təqsirli bilmədiklərini deyiblər.

Məhkəməyə bütün vəkillərin adından vəsatət təqdim edilib. Qeyd olunub ki, iclaslar həftədə 2 dəfədən çox olmayaraq təyin edilsin. Vəsatət təmin edilib.

Məhkəmə prosesi iyulun 12-də davam etdiriləcək.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın