Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Etibar Məmmədov aktiv siyasətə qayıdır? – AMİP liderinin dünəni, bu günü və perspektivləri

Etibar Məmmədov aktiv siyasətə qayıdır? – AMİP liderinin dünəni, bu günü və perspektivləri

Redaksiyadan: Müstəqilliyimizi elan edəndən bəri Azərbaycanda dondurulmuş bir siyasi mühit mövcuddur. Xarici güclərin dəstəyini alaraq, despotik hakimiyyətimi yürüdən rejim siyasi partiyaların fəaliyyətinə imkan vermədiyindən milli-azadlıq hərəkatı dövründən fəal olan siyasi liderlər yenə də öz iddialarındadır. Tale onlara öz siyasi bacarıqlarını nümayiş etdirmək imkanı vermədikcə, bu, belə də davam edəcək. Çünki hər hansı siyasi lider və təşkilatın tam sıradan çıxması üçün hakimiyyətə gəlməsi, xalqa təklif etdiyi platformanın nə dərəcədə faydalı olub olmadığını ortaya qoyması şərtdir. Azərbaycanda isə dondurulmuş siyasi həyat bu imkanı xeyli daraldır.

 Təsadüfi deyil ki, ölkədə hər dəfə siyasi atmosfer isinəndə həmin don da açılır və uzun illər papaq altında yatanlar iddialı bir şəkildə ortaya atılırlar. Zənnimizcə, situasiyanı zamanında və effektiv şəkildə dəyərlərindən biri də AMİP lideri Etibar Məmmədovdur. Son zamanlar Etibar Məmmədovun hər dəfəkindən daha çox fəallaşdığının şahidi oluruq. AMİP lideri artıq mətbu orqanlarda daha çox görünməyə başlayır, onun faktiki rəhbərlik etdiyi partiya regionlarda fəalliyyətini gücləndirib, partiyanın sədri funksiyasını yerinə yetirən Arzuxan Əlizadə açıq və eyhamlı ifadələrlə ciddi iddialar ortaya qoyur. Üstəlik, digər partiyalardan və təşkilatlardan da AMİP liderinin fəallaşması istiqamətində ciddi mesajlar gəlməkdədir.

Nə baş verir? Etibar Məmmədov yenidən aktiv siyasətə mi qayıdır? Bu qayıdışın altında yatan hikmət nədən ibarətdir?

 Ovqat.com-un əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Tahirin qələmə aldığı və  müzakirənizə sunduğumuz bu araşdırma yazısında bu suallara cavab axtarılır.

AMİP liderinin keçmişindən, bugünündən və perspektivindən bəhs edən yazı həm də gənc nəsillərə üzdə olan siyasiləri tanıtmaq məqsədilə qələmə alınmış siyasi portretlər silsiləsindəndir. Ümid edirik ki, dəyərli qələm dostumuz digər siyasilərin portreti üzərində də eyni dəqiqlik və etina ilə işləyəcək.

Hələlik isə Məmməd Tahirin təqdimatında Etibar Məmmədov.

Qızmar yay ayları olmasına baxmayaraq, Azərbaycanın siyasi həyatında artıq uzun illərdir ki, müşahidə edilməyən aktivlik hiss olunmaqdadır. Bir-birinin ardınca baş verən mitinq təşəbbüsləri, siyasi partiyalar arasında görüşlər, birlik çağırışları, partiya funksionerlərinin rayonlara səfərləri, payız gözləntiləri və s. Maraqlıdır ki, bu fəallıq təkcə ənənəvi müxalifət partiyalarında deyil, həmçinin parlamentdə təmsil olunan ayrı-ayrı siyasi partiyalarda da müşahidə olunur.

Belə  fəallıq fonunda AMİP-in fəaliyyəti də xüsusi maraq doğurur. Son bir neçə ay ərzində bu partiyanın funsionerləri qırxdan artıq rayonda yerli təşkilatların fəalları ilə görüşlər keçiriblər. Partiyanın sədr əvəzi Arzuxan Əlizadə isə son müsahibəsində sentyabra qədər daha iyirmi rayonda belə görüşlərin keçiriləcəyini bildirib. Həmçinin, AMİP, AXP və BAP-ın təşəbbüsü ilə siyasi islahatlarla bağlı keçirilən tədbirin də təşəbbüskarının məhz Azərbaycan Milli İstiqlal Partiyası olması məlumdur. Bu barədə keçmiş baş nazir Pənah Hüseyn dəfələrlə öz müsahibələrində bildirib və hazırlanan layihənin müəllifinin Rəşad Bayramov olduğu haqqında məlumat verib.

Partiya daxilindən əldə etdiyimiz məlumatda sentyabr ayında Partiyanın Məclisinin iclasının keçiriləcəyi və oktyabr-noyabr aylarında növbəti Qurultayın olacağı bildirilir. Digər bir məlumatda isə payız aylarında AMİP-in ayrı-ayrı Avropa ölkələrində müttəfiqi olan Siyasi Partiya nümayəndələrinin və Avropadan olan millət vəkillərinin iştirakı ilə Bakıda beynəlxalq konfransın keçiriləcəyi qeyd olunur.

Prosessləri az-şox izləyən hər kəs bilir ki, AMİP-də bu cür fəallıq artıq uzun müddət idi ki, müşahidə edilmirdi. Son dəfə bu partiyanın siyasi prosseslərdə aktiv rol oynaması 2010-2013 – cü illərə təsadüf edir. Həmin dövrdə də indi olduğu kimi, AMİP-in təşəbbüsü ilə siyasi partiyaların bir araya gəldiyini, partiya rəhbərliyində təmsil olunan şəxslərin regionlarda keçirdikləri tədbirləri, eləcə də müxtəlif mövzularla bağlı dəyirmi masa və konfranslar keçirdiyini, yəqin ki, xatırlayırsız. Amma məsələ ondadır ki, həmin dövr ölkədə parlament və prezident seçkilərinə təsadüf edirdi və AMİP kimi köklü bir partiyanın siyasi prosesslərdəki aktivliyi də başadüşülən idi. İndiki dövrdə partiyanın fəallaşması və önə çıxma cəhdlərini isə Etibar Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı səslənən fikirlərlə əlaqələndirmək olar.

Doğrudanmı Etibar Məmmədov aktiv siyasətə qayıdır?

Etibar Məmmədovun özü bu haqda suala Azadlıq radiosuna verdiyi müsahibədə aşaıdakı kimi cavab verir:

“Mənim aktiv siyasətdən çəkilməyimin əsas səbəbi yeni və gənc siyasətçilərin üzə çıxması, yeni siyasi güc mərkəzlərinin yaranmasına imkan verməklə bağlı olub. Lakin təəssüf ki, hələ də buna nail olunulmayıb. Nə yeni güclər meydana çıxıb, nə də cəmiyyət buna hazır olduğunu göstərib. Mən siyasətdən kənarda deyiləm. Müşahidə də edirəm, fikirlərimi də bildirirəm, lazım olanda məsləhətlərimi də, təkliflərimi də verirəm. Üzərimə vəzifə qoyulacağı, hər hansı bir iş təklif olunacağı, fikirlərimə ehtiyac yaranacağı, hər hansı bir məsuliyyətin altına girməklə bağlı təkliflər olacağı halda mən həmişə hazıram. Və heç vaxt da bu cür məsuliyyətin altına girməkdən imtina etməmişəm. Bu günə qədər dövlət üçün, millət üçün üzərimə vəzifə qoyulduqda da mən bundan qaçmamışam və məndən tələb olunan hər şeyi etmişəm. Üzərimə qoyulan istənilən vəzifə isə uğurla nəticələnib.”

Cavabdan da göründüyü kimi Etibar Məmmədov ehtiyac yaranacağı halda məsuliyyətin altına girəcəyini və bundan boyun qaçırmayacağını açıq şəkildə ifadə edib.

Mətbuat və sosial şəbəkələri izlədikdə görürük ki, artıq ayrı-ayrı siyasi partiya və ictimai fəallar E.Məmmədovun aktiv siyasətə qayıtması ilə bağlı çağırışlar edirlər. Bu kimi çağırışlar fonunda son bir neçə həftə ərzində AMİP-ə üzvlük üçün müraciət edənlərin sayında da çoxdan müşahidə edilməyən aktivlik olduğu ilə bağlı məlumatlar gəlməkdədir. Bu fakt AMİP funksionerləri tərəfindən də təsdiq olunur.

Ortaya suallar çıxır. Niyə məhz indi? Etibar Məmmədovun aktiv siyasətə qayıtmasına ehtiyac nədən yaranır?

Bu suala tutarlı cavab vermək üçün Etibar Məmmədovun siyasi fəaliyyətinə nəzər salmağa və onun hansı dövrlərdə siyasi prosesslərin önündə olduğunu təhlil etməyə ehtiyac var.

Tarixə baxış: Tələbəlik illəri

Ondan başlayaq ki, Etibar Məmmədov siyasi prosesslərə hələ tələbəlik dövründən qoşulub. Sovet İmperiyasının ən tüğyan etdiyi vaxtlarda Bakı Dövlət Universitetində təhsil alan E.Məmmədov burada Əbülfəz Elçibəylə tanış olur və gizli dərnəklərdə fəaliyyətə başlayır. Daha sonra Etibar Məmmədovun rəhbərlik etdiyi dərnəkdə divar qəzetinin çıxarılması haqqında qərar qəbul olunur. Razılaşdırılır ki, qəzetin adı «Odlar yurdu» adlandırılsın. Qəzetin başlığı alov dilimləri ilə haşiyələnmiş, sağ tərəfdə Babək, sol tərəfdə Səttarxanın üsyankar obrazları əks olunmuşdu.

Qəzet hazırlanır və 1974-cü ilin dekabrın 21-də dekanlığın qarşısındakı elan lövhəsindən asılır. Qəzet Universitetdə elan lövhəsində asıldıqdan iki saat sonra Universitet rəhbərliyi və Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən yığışdırılır. Etibar Məmmədov özü bu hadisəni belə xatırlayır:

O zaman universitetdə DTK-nın kuratoru var idi. O gəldi, dekan gəldi, bizi apardılar rektorun yanına. Orda da baş məqalə mənimki idi. Cənubi Azərbaycandakı Milli Hökumət haqqında yazmışdım. Yazıda Milli Hökumətin apardığı təhsil islahatlarından, iqtisadi islahatlardan, mədəni islahatlardan yazmışdım. Axırda da belə bir cümlə var idi: “Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil olsa, hansı nailiyyətləri əldə edə bilər”. Əlbəttə ki, o cümləni məqalədə bilərəkdən yazmışdım. Həmin cümlədən yapışıb mənə təzyiq edirdilər. Məndən tələb etdilər deyim ki, məni buna Elçibəy təhrik edib. Onun üzünə durmağımı tələb etdilər. Mən isə bundan qəti şəkildə imtina etdim, nəticədə məni Universitetdən xaric etdilər. Ancaq bir il sonra yenidən bərpa olundum və təhsilimi davam etdirdim.”

Siyasi fəaliyyətinin  II dövrü

Etibar Məmmədovun növbəti dəfə siyasi prosesslərdə aktiv iştirakı 1988-89-cu illərə təsadüf edir. 1988-89-cu illərdə Azərbaycanda Xalq Hərəkatının əsas özəyini Bakı Dövlət Universiteti təşkil edirdi desək, yəqin ki, yanılmarıq. Etibar Məmmədov gənc müəllim kimi yenə də hadisələrin önündə dayanır və təsadüfi deyil ki, elə ilk mitinqlər günü həbs olunur.

18 noyabr 1988-ci il tarixdə, yəni mitinqlərin elə ilk günlərində Etibar Məmmədov həbs olunaraq indiki Səbayel rayonu polis idarəsinə gətirilir. Ona qarşı şantajların səmərə vermədiyini və mitinqlərin gündən-günə gücləndiyini görən o zamankı rəhbərlik E.Məmmədovu cərimələyərək azad etmək məcburiyyətində qalır. Hakim S.A.Həsənzadənin imzası ilə Azərbaycan SSR Bakı şəhəri 26–lar rayon məhkəməsinin 18 noyabr 1988– ci il tarixli qərarında göstərilmişdir:

«S. M. Kirov adına ADU–nun müəllimi E. S. Məmmədov V. I. Lenin adına meydanda icazəsiz mitinqdə iştirak etmiş və saat 11-00–da tribunada çıxış üçün mikrofon tələb edərək, milis əməkdaşlarının xəbərdarlığına məhəl qoymamış və ictimai asayişi pozmuşdur».

Bu süni ittihamlara əsasən, məhkəmənin qərarı ilə E.Məmmədov 50 manat cərimə olunmuşdur.  

Gənc nəsil xatırlamasa da, orta və yaşlı nəsil Etibar Məmmədovun meydan hərəkatındakı fəaliyyətini onun çağırışı ilə yüz minlərlə insanın mitinqlərə toplaşdığını və Sovet İmperiyası əleyhinə ən kəskin çıxışlar etdiyini yaxşı xatırlayır. Hərəkatın aparıcı liderlərindən hesab olunan Etibar Məmmədov təkcə meydandakı insanları maarifləndirməklə kifayətlənmir, həm də gündəlik olaraq həmin dövr üçün, demək olar ki, hər evdə dinlənilən “Azadlıq radiosu”na verdiyi açıqlamalarla bölgələrdəki insanların da hərəkatın məqsəd və vəzifəsi haqqında məlumat almasında, eləcə də demokratik dünyanın Azərbaycanda baş verən hadisələr haqqında ətraflı məlumata malik olmasında xüsusi rol oynayırdı. Həmin reportajlar vasitəsilə Etibar Məmmədov və dostu, sonradan AMİP Siyasi Şurasının üzvü olan Mehdi Məmmədov Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı mövcud olan informasiya blokadasını yarmağa müvəfəq olurdular.

AXC dövrü: Müstəqilliyimizin qətiyyətli tərəfdarı kimi

Etibar Məmmədovun siyasi fəaliyyətinin sonrakı dövrü AXC ilə bağlıdır. Təşkilatın yaranmasında danılmaz xidmətləri olan E.Məmmədov AXC-nin təsis konfransında ilk İdarə Heyətinin üzvü seçilir. Elə ilk iclasda da AXC Məramnaməsinə Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı maddə salınmasını təklif edir. Lakin Ə.Elçibəy və AXC-nin digər rəhbələrinin təkidi ilə həmin müddəanın Məramnamədə əksini tapmasına imkan verilmir. Bu hadisələri keçmiş baş nazir, AXP sədri Pənah Hüseyn özünün AXC təsis konfransı ilə bağlı yazısında aşağıdakı kimi təsvir edir:

Protokoldan çıxarış – “Konfransa qədər və konfransda ən ciddi diskussiya predmeti olan Azərbaycanın suverenliyi haqqında qətnamə layihəsini Pənah Hüseyn təqdim etdi. …AXC hazırda Azərbaycan SSR-nin SSRİ tərkibindən çıxması məsələsinin qoyulmasını məqsədəuyğun hesab etmir. Bu məsələdə AXC tarixi reallığı, müasir beynəlxalq şəraiti, SSRİ-də milli münasibətlərin gərgin, ziddiyyətli və qeyri-stabil xarakterini, ölkədə gedən milli proseslərin dinc humanist inkişafı və ümumiyyətlə cəmiyyətin inqilabi yenidən qurulmasının ali mənafelərini əsas tutur. AXC belə hesab edir ki, ….. SSRİ tərkibində qalmaqla Azərbaycan SSR-nindövlət suverenliyinin əldə olunması üçün hələ ki, ən əlverişli və humanist yoldur.

Etibar Məmmədov: «Proqrama daxil etmək lazımdır ki, Azərbaycanın tam suverenliyi təmin olunsun. Məlumdur ki, dövlət daxilində ikinci suveren dövlət yaratmaq mümkün deyil. Buna görə də birinci suverenliyə nail olmaq lazımdır. Bu isə SSRİ tərkibində mümkün deyil».

 Ə.Elçibəy çıxış edərək «Biz ilk şərt kimi indiki mərhələdə Azərbaycanın SSRİ tərkibindən çıxması məsələsini qoya bilmərik» mövqeyini təkrarladı, bunu əsaslandırdı.”

(Qaynaq: https://musavat.com/news/azerbaycan-xalq-cebhesinin-yaradilisi-penah-huseynin-30-il-evvele-baxisi_627863.html)

Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası ilə bağlı Etibar Məmmədovun üzərində təkidlə dayandığı məsələ yalnız bir neçə ay sonra AXC-nin sənədlərində öz əksini tapır. AXC-nin 9 dekabr 1989-cu il tarixli müşavirəsində AXC İdarə Heyətinin əksəriyyətini təmsil edən 9 nəfər üzvünün mövqeyini əks etdirən məruzədə bəyan olundu ki, Azərbaycanda hərəkat, eyni zamanda milli azadlıq və demokratik hərəkat xarakteri daşıyırBu hərəkatın ali məqsədi müstəqil Azərbaycan dövlətinin yaranması və həmin müstəqil dövləti demokratik cəmiyyət şəklində görməkdir.

Müstəqillik uğrunda mübarizə dövrü

Bununla da Azərbaycan tarixində növbəti dövr, Azərbaycanın Müstəqilliyi uğrunda mübarizə dövrü başlayır. Keçirilən çoxmilyonlu mitinqlərdə Azərbaycanın SSRİ tərkibindən çıxması ilə bağlı tələblər səslənməyə başlayır. Elə bu dövrdə də tətil hərəkatı geniş vüsət alır. Tətil komitəsinə isə Etibar Məmmədov rəhbərlik edir. Onun çağırışı ilə çoxlu sayda müəssisələr tətil hərəkatına qoşulur və ən nəhayət, SSRİ iqtisadiyyatının bel sütününa zərbə vurmaq üçün Respublika Dəmir Yollarında tətil elan olunur. Mitinqlərdə irəli sürülən tələblər yerinə yetirilmədiyinə görə E. Məmmədovun rəhbərliyi ilə avqustun 21 – 22 -də iki günlük, sentyabrın 4-dən 11-nə kimi bir həftəlik ümumrespublika tətili hazırlanır və keçirilir. Bu kütləvi tədbirlərdən sonra Azərbaycan KP MK ilə AXC Idarə Heyəti arasında 13 sentyabr 1989-cu il tarixdə danışıqlar aparılaraq 10 maddədən ibarət razılaşma protokolu imzalanmışdır. Etibar Məmmədovun Ali Sovetin Sessiyasında Azərbaycan SSR-in o zamankı rəhbəri Əbdülrəhman Vəzirovun çıxışını kəsərək ümumrespublikada tətil elan olunması ilə bağlı məşhur çağırışını yəqin ki, çoxları xatırlayır.

20 yanvar hadisələri və məhbəs həyatı

Və nəhayət, 20 yanvar hadisələrindən dərhal sonra AXC-nin tələbi və bilavasitə iştirakı ilə toplanan Azərbaycan SSR Ali Sovetinin 23 yanvar tarixli sessiyasında  ölkəmizin SSRİ-nin tərkibindən çıxması tələbini qoydu və bu tələb Ali Sovetin tarixi qərarında əks olundu. 20 yanvar hadisələri və AXC İdarə Heyətinin Azərbaycanın SSRİ tərkibindən çıxması ilə bağlı tələbi, eləcə də Ali Sovetin qərarı ilə bağlı məlmatları dünya ictimaiyyətinə çatdırmaq üçün Etibar Məmmədov düz imperiyanın paytaxtı Moskvada mətbuat Konfransı keçirmək qərarına gəlir. Bunun üçün o, əvvəl Qubadakı dostlarının köməyi ilə Mahaçqalaya, ordan da Moskvaya getməyə cəhd göstərir, lakin həmin günlərdə Mahaçqaladan Moskvaya təyyarə reysi olmadığına görə maşınla Tbilisiyə, oradan da gürcüstanlı dostlarının köməyi ilə Moskvaya gedir.

Yəqin razılaşarsınız ki, AXC İdarə Heyəti üzvlərinin pərən-pərən salındığı və gizlənmək məcburiyyətində qaldıqları bir dövrdə Moskvaya getmək çox təhlükəli və cəsarət tələb edən bir addım idi. Bütün çətinliklərə və təhlükələrə baxmayaraq, Etibar Məmmədov Bakıdan gizli yollarla çaxmağa müvəffəq olur və 25 yanvar 1990-cı il tarixdə Moskvada Azərbaycanın daimi nümayəndəliyində yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirir. Həmin mətbuat konfransında Azərbaycana göndərilən SSRİ qoşunlarını işğalçı adlandıraraq, baş verənlərdə M.Qorbacovun birbaşa məsuliyyət daşıdığını bəyan edir.

[media= https://www.youtube.com/watch?v=ln2hfE33FZw]

Baş tutmayan sui-qəsd cəhdi

Daimi Nümayəndəliyin binasının nəzarət altında olduğunu görən və ora nəzarət edənlərin məqsədini dəqiqləşdirmək üçün görkəmcə E. Məmmədova oxşayan Rövşən adlı bir şəxs onun paltosunu və şərfini geyinərək, bir neçə azərbaycanlı ilə nümayəndəlikdən çıxıb maşınla Moskvanın küçələrində manevr edərək yenidən nümayəndəliyə qayıdır. Bu zaman onu izləyən şəxslər maşını atəşə tuturlar. Maşın zədələnsə də, xoşbəxtlikdən orada olanlar xəsarət almırlar. Silahlı adamlar Rövşəni həbs edərək öz maşınları ilə qeyri-müəyyən istiqamətə aparsalar da, sonradan onun E.Məmmədov olmamasını görüb azad edirlər. Bundan sonra Nümayəndəlik mühasirəyə alınır.

Etibar Məmmədovun özü həmin hadisələri belə xatırlayır: “1990-cı ilin yanvar hadisələrindən sonra Moskvada mətbuat konfransı keçirildi və Azərbaycanın üzləşdiyi problemlər dünya ictimaiyyətinə çatdırıldı. SSRİ-nin və beynəlxalq aləmin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri həmin mətbuat konfransında iştirak edirdi. O zaman beynəlxalq ictimaiyyət Bakıda baş verən hadisələr haqqında tam olaraq məlumatsız idi. SSRİ rəhbərliyi Azərbaycanı informasiya blokadasında saxlayırdı. Mətbuat blokadasını yaran yeganə bir xətt “Azadlıq” radiosu idi. Mirzə Xəzər Azərbaycan dilli auditoriyaya baş verən hadisələr barədə danışırdı. Ancaq bilavasitə yanvar hadisələrinin iştirakçılarının dilindən məlumat əldə edilməmişdi. Ona görə o zaman qərara gəldim ki, SSRİ-də dünyaya çıxış üçün yeganə informasiya pəncərəsi olan Moskvaya gedim.

Heydər Əliyevlə ilk qarşılaşma

Moskvadakı Azərbaycan nümayəndəliyində xarici və yerli jurnalistlərin iştirakı ilə böyük mətbuat konfransı keçirildi. Bakıda baş verən hadisələr haqqında təfərrüatı ilə danışdım. Bildirdim ki, Bakıya hərbi qüvvələr yeritməklə və kütləvi qırğın törətməklə Azərbaycan xalqına qarşı hərbi cinayət işlənib. Xalqın tələbi SSRİ qoşunlarının Bakıdan çıxarılması və komendant saatının ləğv edilməsidir. Mətbuat konfransından sonra SSRİ rəhbərliyində olan şəxslərdən mənə telefon zəngləri gəldi. Mənə danışıqlar, Bakıdan qoşunların nə cür çıxarılmasının müzakirəsi təklif olundu. Danışıqlar gedəndə məlum oldu ki, Azərbaycan nümayəndəliyi tam mühasirəyə alınıb. Bu zaman mənə oxşayan bir gənci saxlamışdılar, lakin onun Etibar Məmmədov olmadığı bilinəndən sonra sərbəst buraxmışdılar. Çox gərgin bir vəziyyət yaranmışdı. Belə bir zamanda Heydər Əliyev nümayəndəliyə gələrək mənimlə görüşdü və Bakıdakıvəziyyət haqqında təfərrüatlı məlumat istədi. Ayrılanda ehtiyatlı olmağı məsləhət gördü. Elə həmin gecə Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu Azərbaycan nümayəndəliyinə hücum edib binanı darmadağın etdi. Hamını bir zala yığdılar, məni axtardıqlarını bildirdilər. Mən isə Azərbaycan nümayəndəliyinin rəhbərinin müavinin kabinetində idim. Məni həbs edib oradan Lefortovo həbsxanasına apardılar”.

Lefortovoda keçən 9 ay: “Toxunmayın Etibara!”

Bununla da Etibar Məmmədovun həyatında zindan dövrü başlayır. 9 ay Lefertovo həbsxanasında təkadamlıq kamerada saxlanılan E.Məmmədov bütün psixoloji təzyiqlərə baxmayaraq SSRİ DTK-nin mitinqlərin dayandırılması üçün xalqa müraciət etməklə bağlı tələblərinə yox deyir və mübarizənin davam etdiriləcəyini bildirir. Etibar Məmmədovun həbs edilməsi ilə bağlı Bakıda və Azərbaycanın bütün bölgələrində etiraz və aclıq aksiyaları başlayır. Sonra bu aksiyalar daha geniş vüsət alaraq Moskvada Kremlin qarşısında və ABŞ-da Nyu Yorkda da keçirilməyə başlayır. Bir milyon beş yüz min insan Etibar Məmmədovun həbsdən azad olunması üçün hazırlanmış petisiyaya imza atır. Respublikada çıxan “FV-ÇP”, Tallində çıxan “Ocaq” və s. qəzetlərdə siyasi məhbusların müdafiəsi ilə bağlı yazılar nəşr olunmuşdu. “Ocaq” qəzetinin 1990-cı il 5-ci nömrəsində B.Vahabzadənin “Toxunmayın Etibara” şeri, “Etibara azadlıq!” emblemi çap olunmuşdu. “Etibara azadlıq!” emblemi E.Məmmədov həbs olunduqdan sonra respublikanın bütün ərazisində yayılmış, əksər nəqliyyat vasitələrindən asılmışdı. Nəhayət, uzun sürən mübarizənin nəticəsi olaraq Etibar Məmmədovun məhkəməsinin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunur və 1-2 noyabr 1990-cı ildə Bakıda, Mərdəkanda məhkəmə prossesi keçirilir. Etibar Məmmədov məhkəmə zalından azad olunur. Azad olunan Etibar Məmmədov məhkəmə zalından birbaşa şəhidlər xiyabanına yollanır.

(ardı var)

Məmməd Tahir

AYB üzvü

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …