Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Ermənistanın “İsgəndər”lərinə Bakıdan cavab: “Metsamor”a tuşlanan Azərbaycan raketləri

Ermənistanın “İsgəndər”lərinə Bakıdan cavab: “Metsamor”a tuşlanan Azərbaycan raketləri

Ermənistanın formal müstəqilliyinin 25 illiyi münasibətilə sentyabrın 21-də keçiriləcək hərbi paradın məşqində “İsgəndər” operativ-taktiki raketlərinin görünməsi ekspert çevrələrində geniş müzakirələrə səbəb olub. Xəbər verdiyimiz kimi Rusiya artıq bu raketlərin Ermənistana verildiyini təsdiqləyib.

Rəsmi mənbələr nə İrəvanda, nə Moskvada bu məsələyə şərh verməsələr də hərbi dairələrdəki mənbələr anonimlik şərti ilə Ermənistana bir diviziyon (4 kompleks) “İsgəndər-M” raketinin verildiyini, sövdələşmənin KTMT çərçivəsində həyata keçirildiyini deyiblər. Rusiyada gizlətmirlər ki, bu raketləri Ermənistana Azərbaycanla hərbi balansı təmin etmək üçün veriblər.Əslində son aylar istər xarici işlər naziri Sergey Lavrov, istər digər Rusiya rəsmiləri Moskvanın Azərbaycanla və Ermənistanla hərbi-texniki əməkdaşlıq zamanı əsas diqqəti balansın saxlanılmasına yönəltdiyini deyiblər.

Virtualaz.org qeyd edir ki, “İsgəndər-M” raketlərinin Ermənistana verilməsi indi deyil, hələ 3 il əvvəl baş vermişdi. 2013-cü ilin iyun ayında (o vaxtlar Bakının Moskva ilə münasibətlərində müəyyən gərginlik hökm sürürdü) “Azadlıq” radiosunun erməni xidməti Ermənistan Müdafiə Nazirliyindəki mənbəyə istinadən Rusiyanın bu ölkəyə “İsgəndər-M” komplekslərini verdiyini bildirib.

Mənbə məlumat vermişdi ki, Ermənistan ərazisində hazırda bir neçə “İsgəndər-M” kompleksi var. Lakin mənbə həmin komplekslərin Ermənistan Müdafiə Nazirliyinin sərəncamına verildiyini, yoxsa Rusiyanın 102-ci hərbi bazasının sərəncamında olduğunu dəqiqləşdirməmişdi. Jurnalistlər daha sonra bu xəbərlə bağlı müdafiə naziri Seyran Ohanyandan şərh almağa çalışanda o, xəbəri təkzib etməmişdi. Demişdi ki, Rusiya Ermənistana müxtəlif tip silahlar verib və verməkdə davam edir.

Bəs nədən Ermənistan bu raketləri üç ildir nümayiş etdirmirdi və raketlərin məhz indi nümayiş etdirilməsi hansı amillərdən irəli gəlirdi?

Məsələ burasındadır ki, Rusiya “İsgəndər-M” raketlərini Ermənistana verəndə bunun hansı reaksiyalara səbəb olacağını və Azərbaycanla münasibətlərə necə təsir edəcəyini nəzərə alırdı. Bu, həmin vaxtlar idi ki,Azərbaycana Rusiyadan 4 milyard dollarlıq müqavilə çərçivəsində böyük miqdarda ən yeni hərbi texnika, o cümlədən “Smerç” reaktiv yaylım atəşi sistemləri, T-90 S tankları, digər silah sistemləri daxil olurdu. 

Belə görünürdü ki, regionda Ermənistanın hərbi tarazlığa nə zamansa nail olmaq şanslarının üstündən xətt çəkilib. Axı Azərbaycan silahları təkcə  Rusiyadan deyil, İsraildən və digər ölkələrdən də almaqda idi. Və belə bir vaxtda Rusiya regiondakı müttəfiqini sakitləşdirmək üçün ona gizlicə “İsgəndər-M” komplekslərini ötürdü.

Azərbaycan bu raketlərin Ermənistana daxil olduğu haqda məlumatlı idimi? Buna heç bir şübhə yoxdur. Yuxarıda deyildiyi kimi raketlərin Ermənistanda yerləşdirildiyi haqda xəbərlər hələ 3 il əvvəl mətbuata sızdırılmışdı və deməli kəşfiyyat həmin məlumata daha əvvəldən malik idi.

Hərbi nöqteyi-nəzərdən bu raketlərin Ermənistanda yerləşdirilməsi Azərbaycanın Qarabağda hərbi əmliyyatlara başlamasını istisna etməyə hesablanmışdı. Vaxtaşırı olaraq Ermənistan prezidenti Serj Sərkisyan və digər erməni rəhbərləri hədə-qorxu gəlib deyirdilər ki, onların əlində Azərbaycanın “istənilən şəhərini, o cümlədən neft infrastrukturunu vura bilən dağıdıcı silahlar” mövcuddur. Sərkisyan belə hədələrlə çıxış edərkən sovet dövründən qalma “Skad” raketlərinə və ya “Toçka-U” komplekslərinə arxalanırdı? Belə görünür ki, Ermənistan prezidentinin həmin ritorikası “İsgəndər”lərin təsirindən idi.

Lakin aprel döyüşləri göstərdi ki, “İsgəndər-M” raketlərinin Azərbaycan üçün çəkindirdici amil olacağını hesablayanlar yanılıblar. Ona görə də yox ki,Azərbaycan bundan daha dağıdıcı silahlara malik idi və ya “İsgəndər”ləri neytrallaşdırmaq üçün raket əleyhinə ən yeni sistemləri işə sala bilərdi.

Məsələ burasındadır ki, “İsgəndər-M” doğrudan da ciddi silahdır. Rusiya hərbi nəşrlərində məlumat verilir ki, “İsgəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl “Petriot” və “Aegis” raket  hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. Virtualaz.org saytı hərbi qaynaqlara istinadən bildirir ki, “İsgəndər” operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri “İsgəndər-M” raketləridir.

“İsgəndər-M” raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir, kvaziballistik trayektoriyaya malikdir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.

Rusiya hərbi sənayesi “İsgəndər-M” raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Raketlərin son modifikasiyası hədəfi cəmi 2 metr dəqiqliyi ilə vura bilir. Hazırda “İsgəndər-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur və onun dünyada analoqu mövcud deyil.

Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. “İsgəndər-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.

Beləliklə, “İsgəndər-M” komplekslərinə qarşı müdafiə dünyada praktiki olaraq mövcud deyil və təsadüfi deyil ki, Rusiya bu raketləri ABŞ-ın Avropada raketdən müdafiə sisteminə qarşı cavab kimi Kalininqradda yerləşdirib. Onlar həm də taktiki nüvə başlıqları daşıya bilir.

O zaman Azərbaycan üçün bu silahlar niyə qorxulu olmadı və silahlı qüvvələrimiz aprelin əvvəllərində Ermənistanda “İsgəndər”lərin olduğu bilə-bilə düşmənin uzun illərdir möhkəmləndirilmiş müdafiə xəttini iki istiqamətdən cəmi bir saata yardı, müəyyən əraziləri azad etdi?

Belə görünür ki, bu sualın cavabını həm də Ermənistanın “Metsamor” AES-ində və Azərbaycanın həmin stansiyanı vura biləcək silah sistemlərində axtarmaq lazımdır.  Məlumdur ki, Azərbaycan silahlı qüvvələri Naxçıvan istiqamətində İrəvanı və “Metsamor” AES-i hədəf alan raket sistemləri və reaktiv-yaylım atəşi sistemləri yerləşdirib. Bu da Ermənistan generallarını “İsgəndər-M” raketlərinin start düyməsinə əl uzatmazdan əvvəl iki dəfə düşünməyə məcbur edən amildir.

Əgər Ermənistan Azərbaycanın strateji obyektlərinə qarşı “İsgəndər-M” komplekslərini işə salmağa risk edəcəksə o zaman Azərbaycanı “Metsamor” AES-i və İrəvandakı strtei obyektləri vurmaqdan nə çəkindirə bilər? Atom elektrik stansiyasının dağıdılması, yoxsa “İsgəndər-M” raketinin yarım tonluq döyüş başlığı daha dağıdıcı effekt verə bilərdi? Deməli, Ermənistan bir diviziyon “İsgəndər-M” kompleksinin hesabına Azərbaycanı Qarabağı azad etmək planlarından daşındıracağını hesablayırsa ciddi yanılır.

Digər tərəfdən Azərbaycanın raket qoşunlarının komandanı, general Zahid Hüseynov bir neçə ay əvvəl bildirmişdi ki, orta və yaxın mənzilli, hədəfi dəqiq vuran ballistik raketlərin alınması üzərində iş gedir. Generalın sözlərinə görə, Azərbaycanın raket qoşunları elə indi də İrəvana dəqiq zərbələr endirmək imkanına malikdir və Ali baş komandan əmr versə Ermənistan paytaxtını vurmağa hazırdır.

Söhbətin hansı raketlərdən getdiyi açıqlanmasa da xarici mənbələr bir müddət əvvəl yazmışdı ki, Azərbaycan Pakistandan 1000 və 1500 kilometr radiuslu “Hətf” ballistik raketlərinin alınması üçün danışıqlar aparır, yaxud bu raketləri artıq alıb…

Ermənistana “İsgəndər-M” raketlərini nümayiş etdirməyə məhz indi icarə verilməsi isə görünür onunla əlaqəlidir ki, aprel döyüşlərindən sonra işğalçı ölkədə sərt anti-rusiya meyllərinin baş qaldırması Moskvanı narahat edib.Aprel döyüşlərində Ermənistan ordusunun təchizat baxımından acınacaqlı durumunun üzə çıxması, Azərbaycanın isə həm Rusiyadan, həm İsraildən aldığı ən yeni silahların bir qismini tətbiq etməsi erməni ictimai rəyində kəskin anti-rusiya meylləri yaratdı.

Ermənilər Azərbaycana ən yeni silahlar satan Rusiyanı sadiq müttəfiq hesab etməkdə yanıldıqlarını nümayiş etdirirdilər. İrəvandakı “Sasna Tsrer” silahlı qiyamı da məhz bu motivlə başlamışdı. Aylardır Ermənistan siyasi dairələrində belə hay-küy qaldırılıb ki, Rusiya torpaqları Azərbaycana qaytarmağı Sərkisyandan tələb edir, İrəvanı buna məcbur etmək istəyir.

Bu sərt anti-rusiya meylləri şübhəsiz ki, Moskvada narahatlıq doğururdu.

Və indi bu meylləri azaltmaq üçün Sərkisyana icazə verdilər ki, hələ 3 il əvvəl Ermənistanda yerləşdirilmiş “İsgəndər” komplekslərini erməni ordusunun kamuflyajında rəngləyib İrəvan küçələrinə çıxarsın. Və nümayiş etdirilsin ki, Rusiya erməniləri satmayıb və satmaq fikrində deyil.

Qeyd olunduğu kimi İrəvanda nümayiş etdirilən “İsgəndər” komplekslərinin üzəri örtülmüşdü və nəticədə həmin komplekslərin məhz hansı tipdən olduğu hələ dəqiq deyil. Bəzi məlumatlara görə Rusiya Ermənistana ixrac üçün nəzərdə tutulan, 280 km radiuslu raketlər verib.

Yaxud ola bilsin ki, Ermənistanda yerləşdirilən “İsgəndər” komplekslərinin köhnə versiyası olan “İsgəndər-E”dir. Çünki 2013-cü ildə Rusiya Müdafiə Nazirliyi elan etmişdi ki, Cənub və Qərb hərbi dairələrinin sərəncamında olan köhnə modifikasiyalı “İsgəndər-E” kompleksləri daha müasir “İsgəndər-M” kompleksləri ilə əvəzlənir. Deməli mümkündür ki, Rusiya Müdafiə Nazirliyi Cənub hərbi dairəsinin balansından çıxarılan “İsgəndər-E” komplekslərini Ermənistana verə bilərdi…

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın