Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Ermənistanın Azərbaycanla sərhəddə aktivliyinin əsas səbəbləri – ANALİZ

Ermənistanın Azərbaycanla sərhəddə aktivliyinin əsas səbəbləri – ANALİZ

Son zamanlar Azərbaycanın Ermənistanla dövlət sərhəddinin Qazax rayonu istiqamətində ermənilər tərəfindən tez-tez yaradılan gərginlik həm beynəlxalq aləmdə, həm də Azərbaycandaxili ictimai proseslərdə çaşqınlıq yaratmağa, rəsmi Bakının nüfuzuna xələl yetirməyə hesablanıb.

Fikir verək: Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərində dislokasiya olunan erməni hərbi birləşmələri müəyyən zamanlarda Azərbaycan Ordusunun üzbəüz mövqelərini seyrək aravermələrlə atəşə tutur. Ancaq Azərbaycan Dövlət Sərhəd Xidmətinin qoruduğu sərhəd-döyüş postlarında atəşkəs rejimi daimi olaraq erməni hərbilçiləri tərəfindən iriçaplı pulemyotlar və müxtəlif kalibrli snayper tüfəngləri ilə pozulur.

Erməni tərəfi Azərbaycan sərhədçilərinə qarşı həyata keçirməyə çalışdığı kəşfiyyat, kəşfiyyat-diversiya, silahlı sərhəd pozuculuğu halları ilə yaratdığı bu gərginlliyin fonunda beynəlxalq aləmə rəsmi Bakını nüfuzdan salmağa yönəlmiş informasiyalar yayır, Qarabağ müharibəsinin danışıqlar yolu həllində süni çətinliklər formalaşdırır və dünya səviyyəli tribunalarda Azərbaycan əleyhinə kampaniya aparır.

Bu cür əməlləri ilə Ermənistan, həmçinin Azərbaycanda ölkədaxili rəyə təsir göstərməyə çalışır, Azərbaycan Silahlı Qüvvələrini vaxtaşırı itkilərə məruz qoymaq üçün tədbirlər görür, nəticədə sərhəddə xidmət aparan Dövlət Sərhəd Xidmətinin gözdən salınmasına yönəlik fəaliyyət göstərir.

Sərhəd-döyüş postlarında baş verən hadisələri əhatə edən xəbərlərdən də görünür ki, ermənilər kəşfiyyat-diversiya, silahlı sərhəd pozuculuğu əməllərində həmişə itkilərə məruz qalır, erməni həbiçiləri və ya muzdlu hərbi qulluqçuları yaralanırlar… Bununla da erməni hakimiyyəti öz daxili siyasətində Azərbaycana və azərbaycanlılara qarşı nifrəti daha da dərinləşdirir və ölkəsində ictimai rəyi Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin əleyhinə yönəldir. Eyni zamanda özünün silahlı qüvvələrində məruz qaldığı itkiləri, baş verən cinayət hadisələrini, korrupsiya faktlarını, özbaşınalıq amillərini Azərbaycan tərəfinin itikiləri ilə bağlı xəbərlərin fonunda ört-basıdr eləməyə çalışır…

Ehtimal etmək olar ki, Ermənistan tərəfi sərhəddə vəziyyəti gərginləşdirməklə həm də beynəlxalq güclərin diqqətini bu nöqtəyə yönəltmək fikrindədir. Çünki, son vaxtlar hər iki tərəfdə müharibəyə çağırışlar çoxalmağa başlayıb, Əgər Azərbaycan Qarabağ müharibəsini hərb yolu ilə başlamaq haqda qərar versə, təbii ki, müharibə Ermənistanın Azərbaycanla həmsərhəd ərazilərində də peyda olacaq. Bu zaman Azərbaycan hərbiçilərinin Ermənistan ərazisində silahlı quldur qruplaşmalarına qarşı təmizləmə əməliyyatı zərurətə çevriləcək. Bunun isə erməni siyasi dairələrinə nəyə başa gələcəyi bəribaşdan məlumdur. Deməli, sərhəddə vəziyyəti gərgin olaraq saxlamaq, müharibə başlayacağı halda həmin ərazilərə büynəlxalq sülhməramlıları, xüsusilə Rusiyanın sülpərvər missiyasını dəvət etmək və mümkün təhlükədən qorunmağa xidmət edir….

Bu marağın çalarları bir müddət öncə Azərbaycanın digər qonşusu Gürcüstanla sərhəddə də özünü göstərməyə başladı.

Belə ki, Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan-Azərbaycan dövlət sərhəddində xidmət aparmağa başladıqdan sonra bölgədə baş verən proseslərin xronoloji ardıcıllığını gözdən keçirək:

– Azərbaycan-Ermənistan səhəddindən o qədər də uzaqda olmayan Azərbaycan-Gürcüstan sərhəddində yerləşən “Keçikçidağ” (gürcülər tərəfindən “David Qareçi” monastrı adlandırılan) alban məbədinə etnik tərkibi tam məlum olmayan bir qrup şəxs basqın edir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd naryadının mülki adamlara qarşı səbir və təmkinlə davranması, Azərbaycan-Gürcüstan münasibətlərini silahlı münaqişəyə çevirmək istəyənlərin bu cəhdini boşa çıxarır.

– Bir nəfər Gürcüstan vətəndaşı Azərbaycan sərhəddini pozmağa cəhd edir, çoban itləri sərhədçilərə hücum çəkir və sərhədçilərin ayıq-sayıqlığı nəticəsində insident itkisiz aradan qaldırılır.

– Hərbi geyimli bir nəfər və Gürcüstan sərhəd polisinin geyimində olan bir neçə nəfər silahlı şəxs öz ölkələrinin sərhəd polisi əməkdaşlarından bir nəfəri girov götürür və Azərbaycan sərhədini pozmağa çalışır. Bu dəfə də azərbaycanlı sərhədçilərin operativ və peşəkar davranışı sayəsində sərhədi pozmağa çalışan şəxs və ya şəxslər öz ölkəsinin sərhəd polisi tərəfindən həbs olunur…

Bu hadisələrdən əvvəl və sonra baş vermiş oxşar hallardan ibarət sadalana bilənəcək başqa faktları da nəzərə alsaq, ortaya belə bir mənzərə çıxır ki, nəinki Ermənistanla, hətta Gürcüstanla da Azərbaycanın sərhəd bölgələrində mili-etnik qarşıdurma yaratmaq, kriminal ünsürləri sərhəd pozuculuğuna təhrik etmək, bu kimi halların fonunda Azərbaycan-Gürcüstan dostluq münasibətlərini zərbə altında qoymaq, həmçinin Azərbaycan Dövlət Sərhəd Xidmətinin nüfuzuna kölgə salmaq, Azərbaycan daxilindi ictimai rəyi dövlət və dövlət qurumlarının əleyhinə yönəltmək istəyən qüvvələr ciddi fəaliyyət göstərirlər. Təbii ki, bu amillər Azərbaycanın aidiyyatlı qurumlarına məlumdur, elə bu üzdən də, Ermənistan istisna olmaqla, rəsmi Bakı həmsərhəd ölkələrlə ən yüksək münasibətləri qoruyub saxlayır, böyük münaqişələrin təməli ola biləcək insidentlərin qarşısını peşəkarlıqla ala bilir. Sərhəd insidentləri ilə bağlı önə çəkilən bu faktlar, həm də Azərbaycanın beynəlxalq aləmdə etibarlı sərhəd tərəfdaşlığındakı uğurlarını gözdən salmaq, dünyadakı mövqeyinə zərbə vurmaq məqsədi güdür.

O cümlədən, yuxarıda dediyimiz kimi, milli xaraketrik xüsusiyyətlərimizi yaxşı bilən ermənilərin Qazax istiqamətində aktivləşməsi təsadüfi deyil.

Bir fakta da nəzər yetirmək yerinə düşər: Son vaxtlar Suriyada ciddi uğurlar əldə edən Türkiyənin verdiyi canlı qüvvə itkisini Azərbaycan xalqı da dərin ürək ağrısı ilə qarşılayır. Bunun fonunda Azərbaycanın özünü mümkün qədər çox itkiyə məruz qoymaqla ermənilər beynəlxalq və yerli düşüncələrdə “türklər və azərbaycanlılar heç də deyildiyi kimi döyüşkən və cəsur deyillər, əgər belə olsaydılar bu qədər itki verməzdilər” rəyini formalaşdırmağa çalışır, bir tərəfdən də, Azərbaycanda ictimai rəyi parçalamaq, ən azından, sosial şəbəkənin Azərbaycan seqmentində insanları fikir ayrılığına və qarşıdurmaya sövq etmək marağı güdürlər.

Bütün hallarda, ermənilərin Azərbaycana qarşı mövqeyi yerli cəmiyyətə və beynəlxalq aləmə yaxşı məlumdur. Düşmənçilik mövqeyi ilə yol verilən bütün əməllər gec-tez layiqli cəzasını alacaq….

Görünür ki, son vaxtlar Ermənistanda yaşayan həbi təhlilçilər və siyasi ekspertlərin, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin məruz qaldığı məğlubiyyətin yaxın gələcəkdə yenidən təkrarlanacağına dair təlaşlı çağırışları əbəs deyil.

Onları bu cür düşünməyə vadar edən amillərdən biri də, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin beynəlxalq tribunalarda Qarabağ müharibəsinin həlli sitiqamətində hərb yolunun istisna olmadığı ilə bağlı səsləndirdiyi fikirlərdir. Düşünə bilən, ölkələrinin gələcəyini xoşbəxt görmək istəyən ermənilər yaxşı dərk edirlər ki, Azərbaycan Silahlı Qüvvələri bütöv bir anlayışı ehtiva edir və Ermənistanda olduğu kimi hərbi dairələrin hərəsi bir siyasi amala və ya başqa dövlətlərin marağına xidmət göstərmir….

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …