Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Ermənistan əvvəlcə Sədərəkə dəmir yolunun açılmasını istəyir

Ermənistan əvvəlcə Sədərəkə dəmir yolunun açılmasını istəyir

Dekabrın 22-də Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon söhbəti olub. Ermənistan XİN-in məlumatına görə tərəflər noyabrın 26-da Soçidə əldə olunmuş razılaşmaların həyata keçirilməsi vəziyyətini müzakirə ediblər.

“Ermənistan-Azərbaycan sərhədində gərginliyin de-eskalasiyası, stabillik və təhlükəsizliyin artırılması istiqamətində addımların atılmasının, habelə sərhədin delimitasiya və demarkasiyası üçün mexanizmlərin yaradılmasının zəruriliyi vurğulanıb”.

Ermənistan baş nazirinin müavini Mğer Qriqoryan dekabrın 22-də Azatutyuna deyib ki, hələ Meğriyə, daha sonra isə Horadizə dəmir yolu xətlərinin çəkilişindən əvvəl, Yerasxı (Arazdəyən-red) Azərbaycanın Sədərək rayonu ilə (Naxçıvan) birləşdirəcək bir neçə yüz metrlik dəmir yolu xəttinin işə salınması müzakirə olunur.

Onun sözlərinə görə, bu, Ermənistan və İran arasında dəmir yolu əlaqəsinin yaradılmasına imkan verərdi: “Düzünü desəm, belə bir istək var və artıq bugün mövcud olan infrastrukturdan istifadə ilə yolların açılması üçün istənilən imkan arzuolunandır. Amma, təbii ki, bu danışıqların predmetidir və bunun baş verib-verməyəcəyini birmənalı şəkildə demək olmur. Çünki bu məsələ danışıqlarda müzakirə olunur, amma hansı nəticəyə gələcəyimizi indidən deyə bilmərəm”.

Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupa daxil olan Qriqoryan ötən həftə Azatutyuna demişdi ki, Meğri sahəsindəki 45 kilometrlik dəmir yolunun tikintisinə 200 milyon dollar və üç il vaxt lazım gələcək.

Lakin Qriqoryan dekabrın 22-də Ermənistanın ərazisinə düşən dəmir yolu sektorunun tikintisinə nə vaxt başlanacağını deməyib. Bununla belə, Horadizdən Ermənistana çəkilən 100 kilometrlik dəmir yolunun tikintisinə Azərbaycanda bu ilin fevral ayından başlanıb. Bakı tikintini 2023-cü ildə başa çatdırmağı planlaşdırır.

Mğer Qriqoryan gömrük məsələsi ilə bağlı suala cavab verərkən deyib ki, yaradılacaq infrastrukturlar ərazisində olduğu ölkənin yurisdiksiyasında və onun suverenliyi altında olacaq.

Dekabrın 22-də habelə Yerevanda Rusiya-Ermənistan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclası olub. Bu iclasda iştirak etmək üçün Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistan paytaxtına gəlib.

Azatutyun xəbər verir ki, baş nazir Nikol Paşinyan Overçukla ikitərəfli münasibətləri, habelə Cənubi Qafqazda kommunikasiyaların bərpa olunması məsələlərini müzakirə edib.

Bu da qeyd olunur ki, bu görüşdə spesifik olaraq Ermənistan-Azərbaycan sərhədinin sərnişinlər və yüklər üçün açılmasının praktik məsələləri barədə fikir mübadiləsi olub. Üçtərəfli işçi qrupun son görüşü dekabrın 1-də Moskvada olmuşdu.

O vaxt Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan demişdi ki, həmin iclasda razılaşma əldə oluna bilməyib. Baş nazirin müavini Mğer Qriqoryanın ofisindən isə bildirmişdilər ki, tezliklə daha bir görüş keçiriləcək. Amma o vaxtdan bəri belə bir görüş hələ də olmayıb.

Mğer Qriqoryan Azatutyuna deyib ki, iclasın ləngiməsinə səbəb araşdırılmalı olan çox sayda məsələnin açıq qalmasıdır. O yenə də növbəti iclasın vaxtı barədə məlumat verməyib. /Aadliq.org

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …