Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Erməniləri qovmaq yox, onlara hörmət etmək lazımdır” – Zərdüşt Əlizadə

“Erməniləri qovmaq yox, onlara hörmət etmək lazımdır” – Zərdüşt Əlizadə

“Hər şey Azərbaycan və erməni nümayəndələrinin söhbətlərindən asılıdır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib. 

Politoloq bölgədə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycan və Qarabağın erməni icmasının nümayəndələri arasında keçirilən üçtərəfli görüşlərə münasibət bildirib. 

Z.Əlizadəyə görə, burada erməni və Azərbaycan tərəfinin isə öz istəkləri var:

“Bunları uzlaşdırmaq, eləcə də insan haqları ilə uyğunlaşan tələbləri nəzərə almaq, o cümlədən xəstə təxəyyüldən doğan istəklərin yanlışlığını izah etmək lazımdır. Səbirlə, mədəniyyətlə, hörmətlə, izzətlə münasibət qurmağa ehtiyac var”.

Analitikin fikrincə, danışıqların gedişi tərəflərin tutduğu mövqedən asılıdır:

“Əgər Azərbaycan tərəfi güclü tərəf kimi, kifayət qədər xeyirxah və anlayışlı mövqe tutsa, mən bilən, 30 ildir onlara təlqin olunmuş inancsızlıq və qorxu hissləri yox olar. Məncə, müzakirə zamanı insan haqlarına uyğun istəkləri və tələbləri nəzərə almaq lazımdır. Eləcə də xəstə təxəyyüldən doğan qanunsuz istəklərin yanlışlığı izah edilməlidir”. 

“Bu danışıqlardan çox şey asılıdır və çox şadam ki, artıq bu danışıqlar başlayıb. Çox istərdim ki, danışıqlar daha geniş formatda davam etsin. Ümid edirəm ki, azərbaycanlılar Qarabağa köçməyə başlayandan sonra onlar da sıravi ermənilərlə təmasda olsunlar. Belə olan halda hər şey yaxşı olar”, – danışıqların perspektivindən söz açarkən qeyd edib.

“Mənə elə gəlir ki, Azərbaycan tərəfi ermənilərə inteqrasiya planını deməlidir ki, onları gələcəkdə nə gözləyir? Azərbaycanın xoşbəxtliyi ondan ibarət deyil ki, biz oradan erməniləri qovaq, bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, cəmiyyətimizdə qanunların aliliyi, habelə bütün vətəndaşlara, o cümlədən də erməni vətəndaşlarımıza hörmət olsun, onların hüquqları tanınsın”, – Z. Əlizadə bəyan edib.

Siyasi təhlilçi düşünür ki, əgər biz bəşəri meyarlardan çıxış edib ermənilərlə xoş rəftar etsək, onların da mövqeyi dəyişə bilər, eləcə də onlar anlaya bilər ki, Azərbaycanda yaşamaq təhlükəli deyil: 

“Həmin 30 illik düşmənçilik ümumbəşəri ideallara xəyanətdən, vəhşilikdən və barbarlıqdan doğub. İnsanlar bir-birini öldürməməli, düşmən olmamalı, evindən qovmamalı, işgəncə verməməlidir. Bunların hamısı ümumbəşəri dəyərlərdən kənara çıxan şeylərdir. Tərəflər doğru yola – insanlığa, mərifətə, qanacağa qayıtmalıdır. Doğru yol yalnız budur”. 

“Axı bütün ermənilər “daşnak” deyil? Doğrudur, “daşnak” ideologiyası erməni cəmiyyətinə sirayət edib, amma yavaş-yavaş bu kimi yanlışlıqların aradan qaldırılmasını səbrlə istəmək lazımdır. Çox şadam ki, bu danışıqlar başlayıb”, – yekunlaşdırıb.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …