Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Ermənilər barışığa meyl etməyincə, onlarla 27 sentyabr dili ilə danışılmalıdır”

“Ermənilər barışığa meyl etməyincə, onlarla 27 sentyabr dili ilə danışılmalıdır”

Qarabağla bağlı anlaşmalara baxmayaraq, Ermənistanda on illərdən bəri kök salmış anti-türk xəstəliyinin qısa müddətdə aradan qaldırılacağına inanmaq təbii ki, sadəlöhvlük olardı. Elə müşahidələr də bunu göstərir. Moskvadakı üçtərəfli görüşdən sonra da Azərbaycanla Ermənistan arasında ciddi yumşalmanın olacağına inam yoxdur. Hətta bunu müharibə dövrü razılaşdırılan iki atəşkəsə bənzədirlər. Amma kommunikasiyaların yaradılması baxımdan Moskva görüşü mühüm əhəmiyyətə malikdir, əsasən də “Turan yolu” adlandırılan layihənin baş tutması baxımdan. Bu layihə Rusiya üçün də yeni nəfəslikdir. Moskva nəhayət, Gürcüstanın bütün mənalarda çətin aşılan yollarından xilas olmaq şansı qazanıb. Burada bir incə məqam da var, hər nə qədər deyilsə də ki, Rusiya bölgənin ağasıdır, artıq Rusiyanın, onun rəhbərinin diktəsi o qədər də keçmir. Yəni faktiki olaraq yeni reallıqlar yaranıb. Elə prezident Putinin Moskva görüşündən sonra Ankaraya telefon açıb türkiyəli həmkarını məlumatlandırması və birgə əməkdaşlıq zərurətini ifadə etməsi də yeni situasiyanın mövcudluğundan, Türkiyənin Qafqazlarda varlığındna xəbər verir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, iki düşmən xalqın hər şeyi unudub yenidən mehriban qonşu olması mümkün görünmür. Ermənilərin iddiası, davranışı bunu istisna edir. Elə BBC-nin Ermənistanda keçirtdiyi son sorğuda da bunu aydın sezmək mümkündür. Ermənilərin hətta gənc nümayəndələri də azərbacanlılarla birgəyaşayışı mümkün saymır, barışıq tərəfdarı olanlarsa, Qarabağ iddiasını nümayiş etdirməkdədir. Yəni ermənilər bir şərtlə barışığa razıdırlar ki, Qarabağ onlara verilsin, bu qədər əcaib toplumdurlar yəni.

Ancaq təkcə ictima rəydən söhbət getmir. Rusiyanın moderatorluğu ilə faktiki olaraq Ermənistanı və erməniləri xilas layihəsi reallaşdırılır, dalanda olan bir toplum üçün yolların açılması, kommunikasiyaların bərpası istiqamətində işlər aparılır. Ancaq belə həssas məqamda Ermənistan Xarici İşlər Nazirliyi “köhnə palan içi söküb” guya ki, 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız bəyanat yayıb.

Rəsmi Bakı haqlı olaraq bəyan edib ki, bu bəyanat Ermənistanın “hələ də uydurma təşviqatdan əl çəkmədiyini, xalqlararası nifaq və düşmənçiliyi qızışdırmaq niyyətini göstərir”. Azərbaycan XİN çox yerində Ermənistan XİN üçün  xatırlatmalar edib. “1948-1953-cü illərdə Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilən 150 minədək azərbaycanlı Ermənistan SSR-nin 24 rayonu və İrəvan şəhərindən zorla Azərbaycana köçürüldü. Eləcə də Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki şovinist təfəkkürlü ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi, yüz minlərlə azərbaycanlının növbəti dəfə zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hakimiyyətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Məhz ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi”. Bakı İrəvana  Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddət ərzində bir milyondan çox Azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını gizlətmək məqsədini güddüyünü deməklə əslində Ermənistanı “ayıbına kor” olmağa çağırıb.

Belə şərtlər altında iki ölkənin və xalqın barışığına ümid etmək olmur.

Azərbaycanlılara Ermənistanda muxtariyyət verilməlidir” – Qafar Çaxmaqlı

Qafar Çaxmaqlı 

Mühacirətdə olan İrəvan Türk Cümhuriyyətinin rəhbəri, ermənişüna alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki, Moskva bəyanatının üç ölkə baxımından nə ifadə etdyini aydınlaşdırmaq üçün bağlı qapılar arxasında hansı danışıqlar aparıldığını bilmirik: “Amma Rusiya üçün o əhəmiyyətli idi ki, şimal qonşumuz bütün prosesi əlində cəmləşdirmək üçün istəyinə nail olur. Daha çox diktə edən məhz Rusiyadır. Rusiya burada sülhməramlı adı ilə varlığını digər bir sahədə təsbit etmiş oldu. Buna Azərbaycan ona görə gedir ki, 10 noyabr sənədində Mehridən Naxçıvana açılacaq yol məsələsi iki ay ərzində yerinə yetirilməmiş qalırdı və bu baxımdan Azərbaycanın diplomatik qələbəsi sayıla bilər. Artıq ikinci sənədlə biz Naxçıvana yolun açılmasına maneəni aradan qaldırmış olduq və Ermənistan cəmiyyətindəki bu məsələlərə etirazların üstündən xətt çəkilmiş oldu. Ermənistanda yenə Paşinyan ittiham olunmağa başlayıb ki, o bu razılaşmanı imzaladı. Ermənistan üçün bütün komunikasiyaların açılması əslində onu iqtisadi blokadadan çıxarmaq demək olduğundan Rusiyanın bu addımını təqdir edənlər də var. Rusiya bütün komunikasiyalara nəzarət etmək üstünlüyü əldə etdi. Bununla da Türkiyənin yenidən oyundan kənar qalmasına nail oldu. Amma bu yolun Türkiyənin də maraqlarını təmin etdiyinə görə qardaş ölkə Azərbaycanın verdiyi qərara hörmətlə yanaşır. Azərbaycan üçün bu, 8-ci maddənin yerinə yetirilməsi baxımından uğur sayıla bilər”. Q.Çaxmaqlı dedi ki, Ermənistan bu görüşə Paşinyanın da ifadə etdiyi kimi, Dağlıq Qarabağın işğaldan azad olunmamış hissəsində geri qaytarılan əhaliyə hansısa status almaq cəhdi boşa çıxdı: “Azərbaycan Prezidenti ehtimal ki, belə bir statusun olmayacağını bəyan edib və Paşinyan bunu açıq olmasa da dilə gətirdi. Paşinyanın əsirlərlə bağlı qaldırdığı məsələnin həlli də mümkün olmadı və bunun olmayacağı bəlli idi. Çünki müharibədən sonra “hamının hamıya” prinsi ilə artıq əsirlər dəyişdirilmişdir və atəşkəsdən sonra əsir götürülənlər heç cür hərbi əsir sayıla bilməzlər. Onlar terrorçulardır və Azərbaycan ərazilərində etdikləri cinayətlərə görə mühakimə olunmalıdırlar. Ermənistan bundan manipulyasiya etməyə çalışır. Ehtimal edirəm ki, bu həqiqət ona izah olunub və mənə elə gəlir ki, dünya ictimaiyyətinə də Azərbaycanın mövqeyi daha açıq bildirilməlidir. Baş nazirlər səviyyəsində görüləcək işlərə gəlincə, bu da 10 noyabr razılaşmasında bizim üçün əhəmiyyətli olan bir sıra məsələlərin həlli üçün işçi qruplarının yaradılması və Azərbaycan qaçqınlarının Xankəndi başda olmaqla Dağlıq Qarabağın işğaldan azad edilməmiş hissəsinə əhali köçürülməsi yolunu açacaqdır”.

Politoloq qeyd etdi ki, Ermənistanın Dağlıq Qarabağın işğaldan azad olunmuş Hadrut, Ağdərə, Xocavənd rayonlarının kəndlərinə əhalini geri qaytarmaq cəhdləri gülüncdür: “Həqiqətən də bu, onu göstərir ki, Ermənistan əvvəlki niyyətlərindən əl çəkməyib. Ermənistana SSRİ Nazirlər Sovetinin Stalinin imzası ilə 1947-ci il 23 dekabr tarixli qərarını və 1948-ci il 10 mart qərarını xatırlatmaq lazımdır. O zaman 150 min Azərbaycanlı əhali deportasiya edilmişdi və rəhbəri olduğum İrəvan Türk Cümhuriyyəti bu qərarın ləğv edilməsi ilə bağlı hüquqi prosedurları aparmaqdadır. Qərbi Azərbaycandan olan milyonlarla əhali və onlarıbn nəsilləri öz dədə baba torpaqlarına dönmək istəyir. Azərbaycan XİN-nin bunu xatırlatması yerindədir. Ermənistanı izləyən bir şəxs olaraq deyirəm, ermənilər barışığa meylli addımlar atmayınca, onlarla 27 sentyabr dili ilə danışılmalıdır”.

Beləliklə, Rusiyanın erməniləri və Ermənistanı xilas üçün hərəkətə keçdiyi bir vaxtda İrəvan yenidən gərginlik ocağını körükləməyə çalışır. İndiki halda rəsmi Bakı düşmənin cavabını verdi. Başa düşməsə, təbii ki, yenə də söz əsgərin olacaq, necə ki, Ali Baş Komandan xəbərdarlığını edib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …