Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Erməni prezidentin müharibə xofu – “Əliyevi çox yaxşı tanıyıram…”

Erməni prezidentin müharibə xofu – “Əliyevi çox yaxşı tanıyıram…”

Ermənistanda yeni baş nazir, nəhayət, məlum oldu. Gözlənildiyi kimi, dünən müxalifətçi hərəkatın lideri, deputat Nikol Paşinyan parlamentdə ikinci cəhddə işğalçı ölkənin 1-ci şəxsi səlahiyyətlərinə malik olacaq postu tutdu.
Beləcə, üç həftədir hakim rejimə qarşı davam edən kütləvi etiraz dalğası əsas hədəfinə çatdı – müxalifətin qələbəsi rəsmiləşmiş oldu. Lakin “Qarabağ klanı”nın, Serj Sərkisyan erasının bitdiyini söyləmək də tezdir. Çünki parlamentdə çoxluq hələ ki sabiq prezident və eks-baş nazir Serj Sərkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyasına məxsusdur. Bundan əlavə, hökumətdə, güc strukturlarında bir sıra mühüm postlar Sərkisyana sadiq adamların əlindədir.
Aydındır ki, hər iki amil Paşinyanın baş nazir kimi normal fəaliyyət göstərməsinə böyük əngəl olacaq. Gözləyək görək, bu əngəlləri o, necə aşacaq. Eyni zamanda Rusiya ilə bağlı verdiyi, xalqa verdiyi vədləri tuta biləcəkmi? Ən əsası, Ermənistanın inkişafı yolunda əsas maneə olan Dağlıq Qarabağ probleminin həllinə nail ola biləcəkmi?
*****
Yeri gəlmişkən, dünən Qarabağ mövzusunda danışan Nikol Paşinyan deyib ki, danışıqları davam etdirməyə hazırdır, amma iddia edib ki, Dağlıq Qarabağ danışıqlar masasına qayıtmadan müzakirələr effektiv olmayacaq. “Biz Azərbaycan lideri ilə danışıqlara hazırıq. Lakin qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ rəhbərliyi iştirak etmədikdə danışıqlar effektiv hesab edilə bilməz, bu danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun sənədlərində də əksini tapıb”,  – deyə o vurğulayıb.
Onun fikrincə, Qarabağ məsələsində Ermənistan əsasən orduya ciddi fikir verməlidir. Ötən həftə isə o, bəyan eləmişdi ki, “Azərbaycan Dağlıq Qarabağ ”xalqının” öz müqəddəratını təyinetmə haqqını tanıyarsa, danışıqları  davam etdirmək olar”. Yəni faktiki, Azərbaycana şərt qoymuşdu.
Göründüyü kimi, yeni baş nazir faktiki şəkildə sülh danışıqlarını tormozlayacaq bir mövqeyə sahibdir. Çünki Azərbaycan nə Qarabağdakı bir ovuc erməniyə öz müqəddəratı təyinetmə haqqı tanıyacaq, nə də Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlara qatılmasına razı olacaq. Əks halda, bu, separatçı rejimi tanımaq demək olardı…
*****
Digər maraqlı məqamlardan biri Ermənistanın 4-cü prezidenti, Britaniyadakı sabiq səfir Armen Sərkisyan kimi Nikol Paşinyanın da qərbyönlü biri kimi tanınmasıdır. Hərgah, onların hər ikisi az qala, hər gün Putinin könlünü xoş edən rusiyayönlü açıqlamalar verməkdədirlər.
Bu da təbiidir. Ona görə ki, Rusiyanın siyasi, iqtisadi dəstəyi və hərbi-təhlükəsizlik zəmanəti olmasa, nəinki Qarabağdakı separatçı rejim, Ermənistan adlı simvolik dövlət də mövcud olmaz. Səbəb bəlli – Azərbaycan, Türkiyə xofu. Zatən, bunu Armen Sərkisyanın “Exo Moskva” radiosuna son müsahibəsi bir daha təsdiqləyir.
“Azərbaycan prezidenti İlham Əliyevi çox yaxşı tanıyıram”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri Sərkisyan radioya açıqlamasında bildirib. Ermənistandakı hakimiyyət dəyişikliyinin Bakı ilə dialoqa mümkün təsiri barədə sualı cavablandırmaqdan yayınan Sərkisyan daha sonra deyib: “Bu məsələni heç cür şərh etməyəcəyəm. Ona görə ki, prezident İlham Əliyevi mən şəxsən tanıyıram. Yetərincə tanıyıram. Çox həssas andır. Yəni Dağlıq Qarabağda (o, ”Artsax” sözü işlədib – red.) gərginliyin artacağını heç bir halda istisna etmək olmaz”.
Erməni prezidentin sözlərinə görə, yeni hakimiyyət ilk günündən sərhədlərin təhlükəsizliyi ilə ciddi məşğul olmalıdır. O, Moskva-İrəvan münasibətlərinə də toxunub. “Rusiya Ermənistanın strateji və hərbi siyasi tərəfdaşıdır. Hər kəsə bəllidir ki, erməni ordusu Rusiya ordusuna çox yaxındır. Erməni ordusunun təchizatı NATO və ya Çin tərəfindən yox, Rusiya tərəfindən həyata keçirilir”.
Sərkisyan xatırladıb ki, Ermənistan və Rusiya təhlükəsizlik üzrə eyni təşkilatın üzvləridir və əminliklə bildirib ki, Rusiyanın hərbi bazası Ermənistana lazımdır. “Bu bazanın harada, Ermənistan-Türkiyə sərhədinin yaxınlığında yerləşdiyini bilərək, bunu həmişə dəstəkləyəcək və mübarizə aparacağam ki, bu qardaşlıq və hərbi-siyasi əlaqələr güclü olaraq qalsın”, – deyə Sərkisyan fikrini tamamlayıb.
*****
Beləcə, Ermənistan prezidenti Rusiyanın təsir dairəsində qalmağın iki əsas motivini göstərib – həlli uzanan Qarabağ məsələsi, Azərbaycanın öz torpaqlarını azad eləmək üçün hər an hərəkətə keçə biləcəyindən dolayı qorxu, bir də ki, ənənəvi Türkiyə xofu.
Nə əlavə eləmək qalır? Hər iki xof əsaslı görünür. Lakin bu xofu, ona qarşı Rusiya timsalında “immuniteti” ermənilər özləri özlərinə yaradıb. Gerçəkdə isə indiyədək nə Ermənistanın, erməni xalqının etibarlı təhlükəsizliyinə nail ola biliblər, nə də Dağlıq Qarabağı de-yure Ermənistana birləşdirə. Çünki Moskvanı ermənilərin təhlükəsizliyindən, separatçı rejimin “müstəqilliyi”ndən qat-qat çox, bölgədə öz nüfuzunu gücləndirmək maraqlandırır.
“Qərbyönlü” Sərkisyan-Paşinyan tandemi bu acı həqiqəti, nəhayət, anlayıb öz xalqına da anladacaqmı? Erməni xalqının xoşbəxtliyinin Rusiya ilə əbədi hərbi ittifaqda deyil, Azərbaycan və Türkiyə ilə dostluqda olduğunu dərk edəcəkmi?
Etməsə, demək, erməni xalqının fəlakətləri davam edəcək, Qarabağda böyük müharibə qaçılmaz olacaq. Yəqin ki, yeni prezident Sərkisyan ən azından Azərbaycan prezidentini necə tanıması barədə yeni və populist baş nazir Paşinyanı agah edər…(musavat.com)

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …