Ana səhifə / Siyasət / Erməni hakimdən azərbaycanlı idmançıya zərbə – Qəsdən rəqibə xal verdi

Erməni hakimdən azərbaycanlı idmançıya zərbə – Qəsdən rəqibə xal verdi

İyulun 7-də Krasnodar şəhərində baş tutan qarışıq döyüş növləri (MMA) üzrə qran-pridə idmançılarımız erməni hakimlərin qərəzi ilə qarşılaşıb.

Məsələ ilə bağlı “Qafqazinfo“ya müraciət edən idmançılar bildiriblər ki, iş hazırda məhkəmədədir və artıq müsbət cavablar gəlir. Dünya çempionu olan Hüseyn Əliyevin sözlərinə görə, qarşılaşmada Rusiyanın adından vuruşan qırğız idmançısı üzərində üstünlük qazansa da, erməni hakimlər tərəfindən məğlub elan edilib:

“Qran-pridə “Qəbələ“idman klubunu təmsil edirdim. Oradakı hakimlər əsasən erməni olur və bizim döyüşü aparanlar da elə erməni idi. Birinci raund heç-heçə olub, ikinci raundu isə udmuşam. Ancaq döyüşdə qalibiyyət digər idmançıya verildi. Müəllimlərim də həmin ərəfədə öz narazılıqlarını bildirsə də, bir nəticə olmadı. Biz razılaşmadıq və iş məhkəməyə verildi. Hazırda məhkəmədən müsbət cavablar gəlir və bu yaxınlarda yenidən revanş döyüşü olacaq. Bu mənim 8-ci professional döyüşüm idi. Dünya kəmərinin sahibiyəm, bu şəkildə haqqımın yeyilməsinə heç vaxt icazə vermərəm. İndi revanş döyüşünə var gücümlə hazırlaşıram və təmiz qələbə qazanacağıma inanıram. Bu kimi hallar bizim ruh yüksəkliyimizi aşağı sala bilməz”.

MMA-nın Azərbaycandakı rəsmi nümayəndəsi, baş məşqçi Şəhriyar Abbasov erməni hakimlərin ikinci dəfə Azərbaycan bayrağının qaldırılmasını istəmədikləri üçün belə hərəkət etdiyini bildirib:

“Erməni hakimlər Hüseynin qalib gəlməsindən çəkindilər. Çünki birinci oyunda idmançımız Cəfər İsmiyev qalib gəlmişdi. Onlar istəmədilər ki, ikinci dəfə də Azərbaycan bayrağı qalxsın. Biz demirik ki, Hüseyn həmin oyunda təmiz qələbə qazanmışdı, ancaq digər idmançı da udmamışdı. Oyun zamanı üçüncü-ekstra raund olmalı idi. Onu vermədilər. Birinci raund heç-heçə, ikinci raund isə Hüseynin üstünlüyü ilə tamamlanmışdı. Burada üçüncü raund mütləq idi. Əvvəllər də belə hadisələr çox olub. Bu səbəbdən də biz artıq açıq üstünlük qazanmalıyıq ki, haqqımızı tapdalaya bilməsinlər”.

Ötən döyüşün qalıblərindən olan Cəfər İsmiyev avqustun 5-də yenidən rinqə çıxacaq. Bu dəfə isə o, yarımfinal uğrunda döyüşəcək. İdmançımız yarışa güclü hazırlaşdığını və qalib gələ biləcəyini söyləyib:

“Yenə erməni hakimlərin haqsızlığı ilə qarşılaşa bilərik. Ancaq biz qərarı hakimlərə buraxmamaq üçün açıq üstünlüklə qalib gəlməliyik. Bu dəfə qalib gəldim, ancaq ötən görüşlərin birində çeçen döyüşçünü udsam da, qalibiyyəti ona vermişdilər. Yarımfinal oyunum yaxınlaşır. Yenə belə bir hal ola bilər. Ona görə də bir baş üstün olmalıyam”.

Günel Hacı
Fotolar: Nuran Məmmədov

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın