Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Erkin Qədirlinin homoseksuallıqla bağlı statusu ətrafında qalmaqal davam edir

Erkin Qədirlinin homoseksuallıqla bağlı statusu ətrafında qalmaqal davam edir

“Nəfəs” LGBT-nin sədri Cavid Nəbiyev: “Dedikləriniz sübut edir ki, eqoistin ən yekəsi sizsiniz”

Erkin Qədirli: “Sözümü dedim, artıq müzakirələrdə yoxam”
REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirlinin bir müddət öncə homofobiya ilə bağlı yazdığı status ciddi müzakirələrə səbəb olub. Ona etiraz edənlərdən biri hazırda Praqada yaşayan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova olub. 
Musavat.com xəbər verir ki, “Nəfəs” LGBT-nin sədri Cavid Nəbiyev müsavat.com-a müraciətində E.Qədirliyə etiraz edib.
O, tanınmış REAL-çının bütün arqumentlərinin yanlış olduğunu deyib. Müraciətdən bəzi detallara nəzər salaq: “Erkin bəy qeyd edir ki, homoseksualların polisdə, orduda, başqa güc qurumlarında, eləcə də uşaq bağçalarında, ibtidai və orta məktəblərdə işləməsinə qarşıdır. Eyni zamanda əlavə edir ki, homoseksualların bütün maraq və haqlarının təmin olunmasına əngəl törədilməsinin əleyhinədir. Necə də paradoksal bir təfəkkür. Özünə mütəfəkkir, hüquq müdafiəçisi deyən bir şəxsin sosial hüquqlar arasında sinifləndirmə aparması həqiqətən insan hüquqları kontekstində necə də dayaz düşüncəyə sahib olmanı simvolizə edir. Erkin bəy, bəli, homoseksualların sosial-siyasi həyatın hansı sferasında təmsil olunmasını, hansı imtiyazlardan yararlanmasını müəyyənləşdirmək düşüncəsinə sahib olmaq sizin fərdi hüququnuzdur. Amma fundamental insan hüquq və azadlıqlarına zidd olan bu cür münasibətin, ayrı-seçkiliyinin doğru bir addımmış kimi nüfuzunuzdan istifadə edərək ictimailəşdirilməsi tamami ilə yalnışdır. Sizin anlayacağınız, bayağı dildə desək, homoseksuallar hardansa qızıl zəmbildə peyda olmurlar, biz də heteroçoxalmanın bir nəticəsiyik. Digər homoseksuallar da sizin heteroseksual sosial qrupunuzdan dünyaya gələn, onların arasında böyüyən, müəllimi heteroseksual olan, TV-lərdə 7/24 saat heteroseksual münasibətlərin əks olunduğu verlişlərə/filmlərə baxan, bütün bu heteronormativ ifratın içində homoseksual olan biriyik. Necə olur ki, ifrat heteronormativin içində biz hetero olmadıq, amma hansısa təhsil müəssisəsində gey, lezbiyan, biseksual, transseksual bir fərdin işləməsi zamanı övladlarınızın da “bizim” kimi olması fikrini müdafiə edirsiz?”
C.Nəbiyev eyni zamanda E.Qədirlinin “Homoseksual cütlüklərin övladlığa götürməklə bağlı iddiaları çox eqoistikdir. Uşaq – oyuncaq, ya da ev heyvanı deyil” fikirlərinə də etiraz edib: “Bu, sübut edir ki, eqoistin ən yekəsi elə siz özünüzsüz. Homoseksuallar nəyin mübarizəsini aparır? Bəli, əgər nəsil artımını “üstünlük” hesab edirsizsə, bu mövzuda siz üstünsüz. O cümlədən, sizin ali sosial qrup olduğunu iddia etdiyiniz heteroseksual cütlüklərin dünyaya gətirdikləri övladdan imtina etmək adlı bir “lüks”ları da var. Uşaq oyuncaq deyil deyirsiz, uşaqla oyuncaq kimi rəftar edib bir əski parçası kimi davranaraq kənara atan həmcins(sosial qrup)lərinizə bir şey demirsiz. Amma, yoldaşlarınızın vaz keçdiyi bu körpələrə “sahib” çıxmağa, ev mühiti, təhsil, hərtərəfli sosial təminatı vəd etmək istəyən bizlərə (bizlərdən kimlərəsə) seksist münasibət sərgiləyirsiz? Bəli, bir məqamda haqlısız ki, həmin valideynlər və övlad sizin də parçası olduğunuz cəmiyyətin qurbanı ola biləcək və bu, heç vaxt dəyişməyəcək. Çünki, bu cəmiyyətin sizin kimi seksist, homofob, heteronormativ təbliğat maşını var”.
LGBT rəhbəri həmçinin tanınmış REAL-çının homoseksualların nikahı ilə bağlı fikirlərini ə yanlış hesab edib: “Evliliyə gəldikdə isə siz bu prossesin hüquqi aspekt baxımından daha məlumatlı biri olmalısınız. Evlilik kağız üzərində son bir neçə yüz illikdə formallığa salınmış bir prossesdir. Durub indi evliliyin sadəcə hetero münasibətlərə xas olmasını iddia etməyiniz həqiqətən hüquqi anlayışa ziddir. Evlilik, birlikdə yaşayan cinsi orientasiya və gender identifikasiyasından asılı olmayaraq hər bir şəxsə aid olmalıdır. Bu “müqəddəs” birlikdəliyi qanuniniləşdirməyin sadəcə heterocütlüklərin hüququ olmasını demək sosial-hüquqi ədalətsizlikdir. Siz də bu ədalətsizliyin bir təbliğatçısısınız.
Qeyd edirsiz ki, polis, ordu və başqa güc qurumları sərt intizam üzərində qurulur. Bu intizamın “kişilik qavramı”ndan doğduğu hər kəsə məlumdur və belə olan halda güc strukturlarında homoseksualların təmsil olunması “kişilik” qavramına ziddir. “Kişilik” qavramından danışan siz, “siz özünüz doğulacağınız bədəni, sahib olacağınız cinsiyyəti öncədənmi seçmisiz?” sualına təbii ki, cavab verə bilməyəcəksiz”.
 
“Bu məktubu sizə Almaniyadan oturub yazıram” deyən C.Nəbiyev eyni zamanda vurğulayıb ki, 2 il öncə E.Qədirli kimi düşünən insanların ucbatından meydanda tək qalıb: “Daim yanında olduğum demokratiya carçıları “dəstəkləsəm mənə də gey deyərlər” düşüncəsi ilə susdular (susdunuz). Almaniyadan oturub Azərbaycanla bağlı yazmaq da asan deyil. Fikirlərimin dəstəyi 15 il öncə Almaniyada 12 nəfərlə başlayan geyparaddır. 15 il öncə də Almaniyada cəmiyyət sizin dəm vurduğunuz çoxluq dəyərlərini paylaşırdı. Amma, ağıllı, ədalətli siyasətçilər o dəyərlərin qulu olmaq əvəzinə bu günkü azadlığından həzz aldığım cəmiyyəti formalaşdırdılar və hələ də davam edirlər.
Bəli, Azərbaycanda LGBTTQİ haqlarından əlavə, ümumilikdə fundamental insan hüquq və azadlıqları problemi var. Bu hüquq və azadlıqlar uğrunda, hər kəsə bərabər imkanlar, hüquqlar təminat verən Azərbaycan uğrunda hər birimiz mübarizə aparmalıyıq. Çünki sizin ideyalarınızı dəstəkləyəcək, səs verəcək şəxslər arasında homoseksual müəllimi, polisi, hərbçisi, həkimi, elm işçisi, fəhləsi də var”.
E.Qədirli isə müsavat.com-a açıqlamasında bildirdi ki, hər şey Əvəz Zeynallının müəllifi olduğu “Qaynar Qazan” layihəsinə verdiyi müsahibə ilə başlayıb. Onun sözlərinə görə, müsahibə zamanı sosial şəbəkə vasitəsilə ona sözügedən mövzuda sual verilib və mövqeyini ifadə edəndən sonra isə ona qarşı hücumlar başlanıb: “Mən də daha sonra bir statusla sosial şəbəkədə buna cavab verdim. Müşahidə olunan odur ki, mənim sözlərimdən daha çox özümü müzakirə etdilər”.
Əməkdaşımızın “sizcə gündəmin bu qədər gərgin olduğu bir dönəmdə bu mövzunun müzakirəsi yerinə düşürdü” sualına cavabda E.Qədirli dedi ki, əslində bu, rahat mövzu deyil: “Heç bu mövzunun yeri də deyil. Amma sosial şəbəkələrin gerçəkliyi var – səni müzakirəyə qoşurlarsa, müzakirədən qaçmaq yaxşı bir iş deyil. Nə zaman bu mövzuda yazsan, yersiz görünə bilər. Mövzu açılıbsa, özümü ifadə etdim. Bu mövzuda heç kim açıq danışmır. Xüsusən də siyasətçilər… Amma mənim bununla bağlı fikrim var. Səmimi danışıram, inandığımı deyirəm, dediyimi də müdafiə edirəm”.
 
Müsahibimizin fikrincə, ortam bir az riyakar olduğu üçün hər kəs düşündüyünü danır: “Bu baxımdan da o fonda dediyim çox şey etiraz doğurur. Qarşı tərəf belə, şəxsi hücumlar edir. Birdəfəlik yazdım, bir də bu mövzuya girməyəcəm. Bundan sonra davam edəcəklərsə, etsinlər. Mən artıq bu mövzuda yoxam. Yenə də düşünürəm ki, hər kəsin ifadə azadlığı var. İşin acı tərəfi odur ki, belə müzakirələrin fonunda şəxsi hücumlar da olur”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın