Ana səhifə / Siyasət / Erkin Qədirli: “Hakimiyyətdəkilərlə yenidən yaxınlaşma baş verməkdədir”

Erkin Qədirli: “Hakimiyyətdəkilərlə yenidən yaxınlaşma baş verməkdədir”

“Mənim, ya da elə bütövlükdə ReAl-ın ünvanına belə “ittihamları” da gördük. Satqınlıq söhbətini cəbhəçilər edir. Nədən etdiklərini güman edə bilərəm, amma burada yazmaq istəmirəm. Bir şey aydındır ki, onların ritorikasında terminoloji aydınlıq yoxdur”.
Bu sözləri ReAl Partiyanın funksioneri, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa lider namizəd Erkin Qədirli sosial şəbəkə hesabından paylaşıb.
Erkin Qədirlinin paylaşımını olduğu kimi təqdim edirik:
Birincisi, hər kəs yalnız öz təşkilatını sata bilər. Məsələn, mən heç cür AXCP-ni və ya başqa müxalifət partiyasını sata bilmərəm, çünki onların qarşısında heç bir öhdəliyim yoxdur. Mən, nəzəri olaraq, ancaq ReAl-ı sata bilərəm ki, belə bir şey baş verərsə, bundan ancaq ReAl-çılar narahat ola bilərlər.
İkincisi, bir təşkilatdan çıxıb başqa təşkilata girmək, ya da heç bir təşkilata girmədən vaxtılə üzv olduğun təşkilatı tənqid etmək satqınlıq deyildir. ReAl-dan çox adam gedib, ara-sıra ReAl-ı tənqid edirlər, amma heç bir ReAl-çı onları satqın adlandırmır, çünki burada satqınlıqdan söhbət belə gedə bilməz. Belə söhbətləri ancaq cəbhəçilər edirlər, partiyalarından gedən az qala hər kəsi satqın adlandırırlar.
Üçüncüsü, satqınlıq ancaq bir təşkilatda qalaraq, başqa (rəqib) bir təşkilata işləmək şəklində olur. ReAl-da heç kəs belə bir iş görməyib. Odur ki, ReAl-da satqın axtarmaq, ReAl-ı satqınlıqda suçlamaq əbəsdir.
Hökumətlə anlaşmaq, onunla əməkdaşlıq etmək isə tamam başqa söhbətdir, onun satqınlıqla heç bir əlaqəsi yoxdur. ReAl hökumətlə siyasi (!) danışıqlara hazır olduğunu çoxdan bildirib. Hökumət istəyərsə, ReAl belə danışıqlara gedə bilər. Danışıqların nəticəsində bir anlaşma olarsa, ReAl onu gizli saxlayası deyil – yazılı olacaqsa, mətnini yayarıq, şifahi olacaqsa – şərtlərini. Bu günə olan durum budur – ReAl-ın hökumətlə heç bir anlaşması yoxdur.
Şəxsən mənə gəlincə, mənim hakimiyyətin çeşidli çevrələri və qurumlarıyla əlaqələrim heç zaman sirr olmayıb. Bu əlaqələrin də ReAl-la heç bir bağlılığı olmayıb. Mən bu əlaqələrimdən nə özüm üçün bir fayda götürmək, nə də başqalarına ziyan vurmaq üçün istifadə etmişəm. Mən bu əlaqələrimi “məsafəli hörmət” adlandırıram. Hakimiyyətdəkilərlə münasibətlərimin yaxın olduğu dönəmlər də olub, uzaq olduğu dönəmlər də. İndi görünən odur ki, yenidən yaxınlaşma baş verməkdədir. Bunun təşəbbüskarı mən deyiləm və hakimiyyətin məqsədini ancaq güman edə bilərəm. Odur ki, mənim də hakimiyyətdəkilərlə, bu günə olan duruma görə, heç bir anlaşmam yoxdur. Yaxınlaşma var, anlaşma yoxdur. Olacaqsa, biləcəksiniz. Mən açıq yaşayır, açıq oynayıram.
Müxalifətin hökumətlə açıq münasibətləri mütləq olmalıdır. Bunsuz siyasi mədəniyyət inkişaf edə bilməyəcək.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …