Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Engin Özer: Qarabağda PKK-nın olması Bakının şansını artırır

Engin Özer: Qarabağda PKK-nın olması Bakının şansını artırır

Yaxın günlərdə Bakıda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib ki, Qarabağdakı terrorçular Azərbaycan və ya Türkiyə üçün təhlükə yaradarsa, lazımi tədbirlər görə bilərik.

Bu bəyanatı sensasiyalı hesab etmək olar. Belə ki, rəsmi Türkiyə Azərbaycanın işğal olunmuş ərazilərində terrorçuların mövcudluğunu ilk dəfə olaraq bəyan edib.

Türkiyə və Azərbaycanın Qarabağda birgə antiterror əməliyyatlarının həyata keçirilməsinin mümkünlüyü barədə Oxu.Az-a müsahibəsində türk politoloq Engin Özer danışıb:

– Türkiyənin baş naziri Qarabağda terrorçuların olmasını ilk dəfə rəsmi olaraq bəyan edib. Bununla bağlı nə söyləyə bilərsiniz?

– Qarabağda PKK terror təşkilatının olması yeni xəbər  deyil. Daha əvvəl də Türkiyənin Xüsusi Xidmət Orqanları bununla bağlı ictimaiyyətə məlumat verib, həmçinin narahatlığını da bildiriblər.

Digər tərəfdən də, baş nazirin bəyanatı məsələ ilə bağlı ciddi siqnaldır. PKK terror təşkilatı Qarabağı ideoloji təlim və məşqlər üçün istifadə edir, lakin son zamanlar türk ordusunun əməliyyatları səbəbindən kürdlər Türkiyədə fəaliyyətlərini yerləşdirə bilmirlər, buna görə də onlar daha çox Qarabağa gedirlər.

Türkiyənin Suriyanın şimalı və İraqda keçirdiyi antiterror əməliyyatları zamanı onların bu regiondakı mövqeləri zəifləyib. Bununla yanaşı, Türkiyə ABŞ ilə şərqi Suriyada əraziyə birgə nəzarətlə bağlı danışıqlar aparır.

Beləliklə, Türkiyənin bu cür siyasəti Qarabağda da həyata keçirilə bilər. Gözlənilir ki, yaxın zamanlarda Türkiyə Ermənistana terror təşkilatları ilə əməkdaşlıqla bağlı ultimatum verəcək.

– Bildiyimiz kimi, hazırda Türkiyə Suriya ərazisində “Zeytun budağı” antiterror əməliyyatını həyata keçirir. Bu cür əməliyyatların Qarabağda da Azərbaycanla birlikdə həyata keçirilməsinin mümkünlüyünə necə baxırsınız?

– “Zeytun budağı” əməliyyatı bitmə mərhələsindədir. Türkiyə qoşunları şəhəri mühasirəyə alıb, yaxın zamanlarda ABŞ-la humanitar yardım və dinc əhalinin çıxarılması ilə bağlı danışıqlar aparılacaq. Daha sonra isə Manbicdə əməliyyatlar başlayacaq. Türkiyə Vaşinqtonla razılaşaraq bu regionu ələ keçirəcək.

Daha sonra isə Türkiyə Baş Qərargahının proqramına əsasən Türkiyənin İraq hökuməti ilə birgə PKK və digər kürd formalaşmalarına qarşı əməliyyatlar həyata keçirəcək. Bu cür əməliyyatlar Qarabağda da həyata keçirilə bilər. Buna görə də Qarabağda PKK terrorçularının olması Ankara ilə Bakının birgə əməliyyatlar keçirmək ehtimalını artırır.

Qarabağda PKK-ya qarşı antiterror əməliyyatları çərçivəsində Azərbaycan əraziləri qaytarılacaq. Bununla da beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmaq istəyinə hörmətlə yanaşacaq. Həmçinin rəsmi Bakının yaxın zamanlarda torpaqların azad edilməsi ilə bağlı bəyanatları tez-tez səsləndirilir. Türkiyə bu prosesləri kənardan izləyə bilməz. Buna görə də qardaş Azərbaycanı istər sözdə, istərsə də əməldə dəstəkləyəcəyik.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …