Ana səhifə / Siyasət / Elmar Məmmədyarov Ceyhun Bayramovu təriflədi

Elmar Məmmədyarov Ceyhun Bayramovu təriflədi

“Şuşa-Xankəndi yolunda azərbaycanlı eko-fəalların, gənclərin ekoloji terror əleyhinə keçirdikləri aksiya olduqca vacibdir. Mən bu aksiyanın keçirilməsini yüksək qiymətləndirəm”. 

Bunu Modern.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, Laçın yolunda 15 gündür davam edən aksiya etirazçıların tələbləri yerinə yetirilənə qədər davam etdirilməlidir:

“Dövlət aksiya iştirakçılarının təhlükəsizliyi məsələlərinə ciddi yanaşır. Bəziləri deyirlər ki, bu aksiya üçtərəfli bəyanatın 6-cı bəndi ilə düz gəlmir. Ancaq bu, belə deyil. Əgər məsələyə ümumi şəkildə baxsaq görərik ki, həmin yol və ətrafdakı ərazilər Azərbaycanın suveren əraziləridir. Monitorinq keçirilməsi nəzərdə tutulan mis və qızıl yataqları da Azərbaycanın suveren ərazilərindədir. Ona görə də, etirazçıların yataqlarda monitorinq keçirilməsini istəməsi təbii haldır. Bütün bunlar nəzərə alınaraq, rəsmi Bakı aksiya iştirakçılarını müdafiə etməyə davam etməlidir”.

Eks-nazir hesab edir ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə mütləq monitorinq keçiriləcək: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi mis və qızıl yataqlarında monitorinq həyata keçirməlidir. Monitorinq şübhəsiz ki, baş tutacaq. Biz gec-tez bunu görəcəyik”.

E.Məmmədyarov Laçın yolunda baş verənlərlə bağlı bəzi xarici qüvvələrin Bakıya yönəlik təzyiqlərinə və Azərbaycan diplomatlarının xaricdə ölkəmizə dost qazandıra bilməməsi ilə bağlı ittihamlara da münasibət bildirib:

“Bəzilərinin Azərbaycan diplomatiyasını tənqid etməsi əsassızdır. Belə fikirli insanlar Azərbaycanı vaxtilə özünə dost qazanmamaqla ittiham edirdilər. Ancaq bu belə deyil. Bizim əleyhimizə qərar qəbul etmək istəyənlər ermənipərəst qüvvələrdir. Bu da həmin ölkələrdə erməni diasporunun güclü olmasından irəli gəlir. Ancaq məsələnin BMT Təhlükəsizlik Şurasındakı müzakirələrə nəzər yetirsək görərik ki, bu məsələ sözügedən təşkilata üzv olan dövlətlərə sərf etmir. Çünki burada məsələ müzakirə olunanda heç bir bəyanat qəbul edə bilmirdilər. Əleyhimizə çıxış edənlər isə heç səfir səviyyəsində adamlar deyildilər. Müavin və müşavir  səviyyəsində olanlardır. Belə çıxır ki, BMT Təhlükəsizlik Şurasına üzv ölkələr üçün bu məsələ elə də ciddi əhəmiyyət kəsb etmir. Beləliklə, Ermənistanın Fransa ilə birlikdə çağırdığı iclas nəticə vermədi. Əgər müzakirə ciddi olsaydı, BMT Təhlükəsizlik Şurası qətnamə olmasa da, bəyanat verə bilərdi. Ancaq bu da olmadı. Deməli, BMT Təhlükəsizlik Şurası Azərbaycanın mövqeyinin haqlı olduğunu anlayır”.

Sabiq nazir, eyni zamanda Azərbaycanın Xarici İşlər Nazirliyinin fəaliyyətinə toxunub. O, Ceyhun Bayramovun rəhbərlik etdiyi nazirliyin fəaliyyətini müsbət qiymətləndirdiyini deyib:

“Xarici işlər nazirimiz Ceyhun Bayramovu çoxdan tanıyıram. O, çox savadlı insandır. Lazım olsa, istəsələr, mən ona hər cür dəstək verməyə hazıram. Əlbəttə, mənimlə məsləhətləşmələr də aparırlar. Hətta bildirim ki, mən həm Hikmət Hacıyev, həm də Ceyhun Bayramovla görüşmüşəm, maraqlı söhbətimiz olub”. 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …