Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Elman Rüstəmov üçün “Nabiullina variantı”: dollar spekulyantlarını necə dayandırmalı…

Elman Rüstəmov üçün “Nabiullina variantı”: dollar spekulyantlarını necə dayandırmalı…

Bu gün Azərbaycanın Mərkəzi Bankı valyuta ehtiyatlarının kəskin templə azalmaqda oldunu göstərən yeni rəqəmləri yayıb.

Rəqəmlərə əsasən ilin əvvəlindən bu yana, yəni cəmi 3 aydan bir az çox müddət ərzində Mərkəzi Bankın valyuta ehtiyatlarında 4 milyard 290 milyon dollar azalma baş verib.

İlin əvvəlində Mərkəzi Bankın rezervləri 13,76 milyard dollar idisə hazırda bu rəqəm psixoloji həddin – 10 milyard dolların altındadır və 9 milyard 470 milyon dollar təşkil edir. Təkcə mart ayında, yəni manatın 34 faizlik devalvasiyasının ardınca valyuta ehtiyatları 1,5 milyard dollar azalıb, azalma ilin əvvəlindən ayda orta hesabla 1,4 milyard dollar təşkil edir.

Beləliklə, bir daha rəsmən təsdiq edilir ki, manatın kəskin devalvasiyası dollar spekulyantlarını dayandırmaq üçün kifayət etməyib və milli valyutanın yeni devalvasiyası getdikcə daha da qaçılmaz olur. Çünki bu templə davam edərsə, Mərkəzi Bankın ehtiyatları ilin sonuna qədər tamamilə tükənərdi.

Bu isə yolverilməzdir və heç bir dövlət milli valyutanın kursunu sabit saxlamaq üçün valyuta ehtiyatlarının tamamilə tükənməsinə dözə bilməz.

Əgər yaxın aylarda neftin qiymətində kəskin artım baş verməsə və dollara tələbat indiki kimi yüksək olaraq qalsa, Mərkəzi Bankın üzən kurs siyasətinə keçməsinin hansı alternativi ola bilər?

Virtualaz.org saytının da xəbər verdiyi kimi, bu günlərdə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Milli Məclisdə çıxışı zamanı manatın kursuna təzyiq göstərən neqativ amillər barədə açıq danışdı.

Mərkəzi Bankın gələcəkdə üzən kurs siyasətinə keçməyə hazırlaşdığını bildirdi və hələlik yeni devalvasiyasının olmayacağını dedi. Mərkəzi Bank rəhbərinin proqnozlarına əsasən aprel-may aylarından etibarən dollara tələbatın azalması halında yeni devalvasiya olmayacaq.

Ancaq son rəqəmlər onu göstərir ki, iri spekulyantlar manatın mövqelərini zəiflətməkdə davam edirlər və Mərkəzi Bank indiki kursu saxlaya bilmək üçün hər ay 1,4 milyard dollara yaxın valyuta dövriyyəyə buraxmalı olur. Hansı ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı çıxışı zamanı fevral ayındakı kəskin devalvasiyasının səbəbinin məhz dollar spekulyantlarını neytrallaşdırmaq olduğunu bir daha bildirib. Prezident manatın kursunun tədricən aşağı salınmasının planlaşdırıldığını, lakin spekulyantların hər gün bazardan 500 milyon dollara yaxın valyuta aldıqlarını və bu üzdən kəskin devalvasiyaya qərar verildiyini deyib.

Devalvasiyanın bu cür forması spekulyantlara qarşı sınaqdan keçirilmiş variantdır. Lakin görünən odur ki, fevral devalvasiyası da Azərbaycanda başlayan dollarlaşma prosesini dayandıra bilməyib.

Bu zaman Elman Rüstəmovun yeganə çıxış yolu qalır: Rusiya Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina kimi riskə getmək və üzən kurs siyasəti elan etmək.

Ötən ilin dekabrında Rusiyada analoji vəziyyət yaşananda və ölkənin Mərkəzi Bankının rezervləri sürətlə tükənəndə Qərbdə sevincdən bağırırdılar ki, rubl bir daha özünə gələ bilməyəcək və Rusiya iqtisadiyyatının diz üstə çökməsinə lap az qalıb.

Lakin nə baş verdi? Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina rublun sürətlə dəyərdən düşməsinə müdaxilə etməmək qərarı verdi və üzən kurs siyasətinə keçdi. Şübhəsiz ki, Mərkəzi Bankın bu qərarı rublun ucuzlaşması prosesini daha da sürətləndirdi, bir neçə gün içində 1 dollar “qara bazar”da 100 rublu belə keçdi. Və ardınca, çox keçmədən rubl Rusiya iqtisadiyyatının çökəcəyini deyənləri heyrətə salacaq templərlə yenidən dəyər qazanmağa başladı.

Hazırda 1 ABŞ dollarının məzənnəsi 51 rubla yaxındır və rubl dollara nisbətdə mövqelərini bu cür möhkəmləndirən yeganə valyutadır.

Keçmiş sovet respublikalarının milli valyutaları, avro, digərləri dəyər itirməkdəykən rubl dəyər qazanır və Rusiya iqtisadiyyatını çökdürməyə çalışanları pərt edir. Və indi Qərb düşərgəsində etiraf edirlər ki, Rusiyanı iqtisadi yolla çökdürmək planı işə yaramadı.

Rublun yenidən möhkəmlənməsinin səbəbləri haqda müxtəlif fikirlər var. Ancaq indiki halda mövzu bu deyil – Rusiya Mərkəzi Bankının rəhbərinin taktikasıdır. E.Nabiullina dekabrda üzən kurs siyasətinə keçməklə məhz spekulyantlara zərbə vurdu. İndi onlar rublun yenidən dəyər qazanması nəticəsində böyük zərbə alırlar, süpürüb yığdıqları dolları daha çox ziyana düşməmək üçün yenidən rubla çevirirlər. Beləliklə, istər-istəməz rublun möhkəmlənməsinə xidmət etmiş olurlar.

İstisna deyil ki, Elman Rüstəmov da E.Nabiullinanın taktikasını nəzərdən keçirir. Manatın xarici valyutalara nisbətdə öz təbii dəyərini axtarıb tapması və Mərkəzi Bankın ehtiyatlarının tükənməməsi üçün üzən kurs siyasətinə keçid tezləşdirilə, yaxın aylarda manatla bağlı “şok terapiyasına” əl atıla bilər.

 

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın