Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Eldar Sabiroğlu ilə bir səviyyəyə enmək istəmirəm”

“Eldar Sabiroğlu ilə bir səviyyəyə enmək istəmirəm”

“Eldar Sabiroğlunun barmağından sorub çıxardığı məlumatlardır…”

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, polkovnik Eldar Sabiroğlunun tanınmış şəxslər barəsində səsləndirdiyi ittihamlar son günlərdə geniş vüsət alıb. Əvvəlcə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi hədəfə alan polkovnik indi istiqaməti dəyişib…

E.Sabiroğlu onun ittihamlarına cavab verdiyinə görə, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlini sərt şəkildə tənqid edib, aşağılayıb. Politoloqun qəzetimizin son saylarının birinə verdiyi açıqlama E.Sabiroğlunun hiddətinə səbəb olub. Daim gündəmdə qalmağı sevən bu şəxs sabiq dövlət müşavirini təhqir edərək, onun barəsində ağır iddialar səsləndirib.

O, Q.Hüseynlinin indiyə qədər yeddi partiya dəyişdiyini, 2003-cü ildə İsa Qəmbərin onu partiyada yüksək vəzifəyə təyin etmək üçün politoloqun vasitəsilə ona zəng etdirdiyini bildirib: “Qabil Hüseynlinin halına həqiqətən acıyıram. Yeddi partiya dəyişmiş bu adam özünü necə rəzil günə salır. Dövlət idarəçiliyində oturub, başqa yerə işləyən adamdan hər nə desən çıxar. Hüseynli Heydər Əliyevin onun barəsində verdiyi sərəncamı dərk edə bilsə, adam içinə çıxmamalıdır. Kişilik kəlməsini dilinə gətirən Qabil Hüseynlidən kişi kimi bir şeyi etiraf etməsini rica edirəm. 2003-cü il prezident seçkiləri ərəfəsində o, mənə nə üçün zəng etmişdi?! İndi məni özündən müştəbehlikdə təqsirli sayan bu adam İsa Qəmbərin mənimlə görüşmək arzusunda olduğunu bildirdi. Soruşdum ki, Qabil bəy, nə məsələdir, cavab verdi ki, başqan sizi partiyada yüksək görəvdə görmək istəyir. Mehdiyevin sözçüsü qeyd etdi ki, artıq hər şey bitib, Əliyev siyasəti çöküb, xalqın prezidenti İsa Qəmbərdir. Bildirdim ki, yanılırsınız və bu məsələ ilə əlaqədar mənə zəng etməniz hədərdir”.

Polkovnikin ittihamları ilə bağlı qarşı tərəfin mövqeyini aldıq. Əvvəlcə Q.Hüseynli ona cavab verməyin lüzumsuz olduğunu, onun səviyyəsinə enmək istəmədiyini söylədi. Lakin sonradan polkovnikin ittihamlarının ikisinə cavab verdi: “Mən AMİP, sonra ondan parçalanmış qanadının sədri və Müsavat Partiyasının üzvü olmuşam. Bundan başqa heç bir partiyanın üzvü olmamışam. Kommunist Partiyasında isə çoxu olub. Açığı, ona cavab vermək istəmirəm. O, kimdir ki, səviyyəsinə enim? Elmlər doktoru, professor, keçmiş dövlət müşaviri, 20-dən çox kitabın müəllifi olaraq, onunla bir səviyyəyə enmək istəmirəm. Sadəcə, ona xatırlatmaq istəyirəm ki, cəmi üç partiyanın üzvü olmuşam. Yerdə qalanlar onun barmağından sorub çıxardığı məlumatlardır. Dedikləri böhtandır. 2003-cü ildə heç bir qərbi azərbaycanlıya zəng vurmamışam. Xüsusən də onunla heç bir telefon əlaqəm olmayıb. İsa Qəmbərin mənə heç bir göstərişi olmayıb. Tamamilə cəfəngiyyatdır. Onlar böhtana öyrənmiş şəxslərdir. Bu cəmiyyətdə sayılıb-seçilən şəxslərdən biriyəm. Onun səviyyəsinə enib cavab verməyim mənə yaraşmaz. Sizin suallarınızı eşidəndən sonra ikisinə cavab verməyi lazım bildim”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın