Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Eldar Mahmudovun “qulağı”ı əldə –General Teymur Quliyev istintaqa nə deyib?

Eldar Mahmudovun “qulağı”ı əldə –General Teymur Quliyev istintaqa nə deyib?

Ləğv edilmiş MTN-in Monitorinq Mərkəzinin keçmiş rəhbəri hazırda həbsdə olan general Teymur Quliyev də daxil olmaqla, bir neçə nəfərin həbs müddəti uzadılıb. Səbayel Rayon Məhkəməsi hazırda ibtidai istintaqı davam etdirilən T.Quliyevin, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və digərləri barəsində həbs-qətimkan tədbirinin müddətini 3 ay artırıb.
Həbs müddəti uzadılan T.Quliyev “MTN işi”ndə ən mübhəm fiqurlardan biridir. MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsində çalışmış Teymur Quliyev Eldar Mahmudovun “qara qutusu” hesab olunur.  Məhz onun rəhbərlik etdiyi Monitorinq Mərkəzi bütün qanunsuz dinləmələri həyata keçirib. Bu dinləmələr isə təkcə hədəfdə olan sahibkarları əhatə etmir. Məlumata görə, hakimiyyət təmsilçiləri də  Teymur Quliyevin rəhbərlik etdiyi otaqdan dinlənilib, mümkündür ki, səs yazıları kimi qeydə də alınıb.
Eldar Mahmudovun işdən çıxarılmasından dərhal sonra qapıları möhürlənən Monitorinq Mərkəzi illərlə bu kimi dinləmələr həyata keçirib, mümkündür ki, danışıqlar xüsusi fayl şəklində toplanaraq kompromat kimi saxlanılıb və ya xaricə çıxarılıb. İddialara görə, Monitorinq Mərkəzi ilə bağlı istintaq elə ilk gündən Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzarəti altındadır. Çünki bu, həm də dövlət təhlükəsizliyi məsələsidir. T.Quliyevi bir il əvvəl – oktyabr ayının 18-dən Teymur Əliyev küçəsində yerləşən 4 mərtəbəli villasında həbs ediblər.
Image result for Milli Təhlükəsizlik
Evində axtarış aparılıb və istintaqçıların nə axtardığı hələ də bilinmir. Eləcə də 1 ildir  davam edən istintaqında T.Quliyevin nələri etiraf etməsi barədə də heç bir məlumat yoxdur. Onun vəkilinin olub-olmaması da bu bir ildə məlum olmayıb. Xəbərlərdə deyilir ki, T.Quliyevə yalnız dövlət tərəfindən vəkil təyin edilib ki, bu da istintaq sirri ilə əlaqədardır. Yalnız son günlər T.Quliyevlə bağlı mediaya bəzi məlumatlar sızıb.
Bildirilir ki, Monitorinq Mərkəzinin sabiq rəisinin işi üzrə Hilal Əsədovun ifadəsi alınıb. İstintaqçılar sabiq nazir müavini H.Əsədovdan MTN tərəfindən qanunsuz olaraq dinlənən yüksək vəzifəlilər barəsində soruşublar. H.Əsədov həmin vəzifəliləri hansı məqsədlə dinləmələri barədə danışıb.
Image result for Hilal Əsədov
Hilal Əsədov
T.Quliyevin  Akif Çovdarovun barəsində qaldırılmış cinayət işində şahid qismində dindirildiyi də deyilir. Amma burada da söhbət sahibkarlardan gedir və yüksək vəzifəlilərin adı çəkilmir. Məlumdur ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, nazirliyin əməkdaşları – Səlim Məmmədov, Orxan Osmanov və Akif Əliyevin cinayət işi digərlərinin cinayət işi ayrılaraq ayrıca icraata verilib və hazırda Bakı Hərbi Məhkəməsində həmin şəxslərin mühakiməsi keçirilir.
Image result for Məhkəmə
T.Quliyevin istintaq zamanı rəhbərlik etdiyi mərkəzdə   danışıqların dinlənilməsini nazir Eldar Mahmudovun yazılı icazəsi, habelə idarə rəisi Akif Çovdarovun göstərişi ilə həyata keçirdiyini etiraf etdiyi də yayılan xəbərlər sırasındadır. T.Quliyevin Bakı İstintaq Təcridxanasında aylardır ki, gecə-gündüz ciddi müşahidə altında saxlanılması (hətta təkadamlıq kamerada saxlanıldığı iddiası var) onun istintaq üçün necə qiymətli fiqur olduğunu göstərir. Həbsindən sonra onun səhhətinin  pisləşməsi, qəfil infarkt keçirməsi barədə yayılan xəbərlər isə rəsmi təsdiqini tapmayıb.
1970-ci ildə Bakıda anadan olan Teymur Quliyev o vaxt Xalq Təsərrüfatı İnstitutunu adlanan ali məktəbi bitirib. Teymur Quliyevin atası da polis sistemində işləyib, bir sıra rayonların rəisi olub. Əmisi isə sovetlər vaxtı daxil işlər nazirinin müavini vəzifəsində çalışıb.
Image result for Eldar Mahmudov
T.Quliyev DİN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsində Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib və burada onların “iş birliyinin” əsası qoyulub.
Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevi də MTN-ə gətirib. Əvvəl MTN-də təchizat şöbəsinin rəisi postunda işləyən T.Quliyev hələ də bilinməyən “xidmətlərinə görə” tezliklə daha yüksək posta – MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb. 2012-ci ilin mart ayında ölkə başçısının sərəncamı ilə general-mayor rütbəsi alan T.Quliyev hüquq-mühafizə sistemində ən gənc generallardan biridir.
Azərbaycanda “üzdə olmayan və tanınmayan” T.Quliyevin adını mediada ilk dəfə məşhurlaşdıran Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev olub. O, T.Quliyevin qardaşının oğurlanmasını təşkil edənlər sırasında olduğunu bildirib. Heç şübhəsiz ki, T.Quliyevin ifadələri hələ də həbsdən yayınan E.Mahmudovun hakimiyyət kabinetlərinə “qulağını” niyə dirəməkdə maraqlı olduğunu üzə çıxaracaq. (musavat.com)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın