Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Eldar Mahmudovun “Nar Şərab” restoranından reportaj – FOTOLAR

Eldar Mahmudovun “Nar Şərab” restoranından reportaj – FOTOLAR

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus olması iddia edilən “Nar Şərab” restoranı haqqında məlumatlar son günlər mətbuatın gündəmindən düşmür. Bəzi mətbuat orqanları nazirə məxsus restoranın satışa çıxarıldığını, digərləri isə fəaliyyətinin dayandırıldığını yazırlar.
Sözügedən restoranda olan əməkdaşlarımız görüblər ki, iaşə obyekti tam personalla fəaliyyətinə davam etsə də, müştərilər gözə dəymir.
Restoran qapılarını müştərilərin üzünə qapatmasa da, içəridə demək olar ki, heç kimə rast gəlmədik. Axşam saatları olmasına baxmayaraq, “Nar Şərab” restoranından obyektin öz işçilərindən başqa kimsə gözə dəymirdi. “Nar Şərab”ın qarşısında az sayda avtomobil var idi. Lakin ətrafda olan sakinlərlə söhbətimiz zamanı onlar bildirdilər ki, bura “MTN işi” söhbəti gündəmə gəldikdən sonra  belədir. Restorana yaxın ərazidə yaşayan Nurlan adlı şəxs söylədi ki, bu ərazidə 10-a yaxın restoran var. Lakin ən bahalısı “Nar Şərab”dır:
“Qiymətlər baha olsa da,  buradan müştərilər əskik olmurdu. Restoranın qarşısında gecələr bahalı maşınlar sıraya düzülərdi. Ancaq artıq gələnlər yoxdur. Neçə gündür sakitlikdir”.
Sakinlərlə söhbətimizdən sonra müştəri qismində, restorana daxil olub mövcud vəziyyəti öyrənməyə çalışdıq.
Restoranı dizayn baxımından zövqlü hesab etmək olar. Lakin bu qiymətlərdə də öz əksini tapır. Belə ki, “Nar Şərab” restoranında sadə bir çay dəsgahı 60 manata başa gəlir. Əgər banket sifariş verirsənsə, çayın qiyməti 15 manatdan hesablanır.  Bu isə onu göstərir ki, restoranda iki nəfərlik naharın qiyməti, banket üçün nəzərdə tutulandan xeyli yüksəkdir.
Eyni zamanda öyrəndik ki, bir zamanlar  restoranda ifa edilən canlı musiqiyə görə hər müştəridən 5 manat əlavə pul alınırmış. Bu gün isə həmin məbləğ müştərilərdən istənilmir. Lakin buna baxmayaraq, restoranda qiymətlər yenə də digər yerlərlə müqayisədə çox bahadır.
Xatırladaq ki, yayılan məlumatlara görə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən sonra şam yeməyini bir çox hallarda “Nar Şərab”da edərmiş. Bura eyni zamanda sabiq nazirin qonaqları da təşrif buyurarmışlar.  Hazırda isə restoran nəinki nazir, hətta müştəri üzünə də həsrət qalıb.
Musavat.com








 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın