Ana səhifə / Siyasət / Elçin Mirzəbəyli: “Əyləncəli seçki olacaq…”

Elçin Mirzəbəyli: “Əyləncəli seçki olacaq…”

Elşən Mustafayev: “ABŞ Putinə seçki taktikası ilə cavab verməyəcək”

Martın 18-də Rusiyada keçiriləcək prezident seçkisi yaxınlaşdıqca proseslər sürətlənir. Artıq iddiasını irəli sürənlər arasından qeydə alınanların sayı günbəgün artmaqdadır. Xaricdən müdaxilə baxımından hazırkı prezident Vladimir Putin hakimiyyəti üçün bu seçkinin elə də asan keçməyəcəyi bildirilir.

Doğrudur, daxildə Putinin asan qələbə qazanacağı və ona rəqib olacaq layiqli bir namizədin olmadığı açıq şəkildə göz önündədir. Lakin 2016-cı ilin noyabrında ABŞ-dakı prezident seçkisinə Kremlin müdaxilə etdiyi barədə iddialar hələ də gündəmdən düşməyib. Bu baxımdan Amerikanın Rusiyadakı bu seçkidə Putini devirmək, buna nail olunmazsa, ölkəni daxildən qarışdırmaq üçün revanş edəcəyi ehtimalları kifayət qədər yüksəkdir. İki aydan sonra Rusiyada nələrin ola biləcəyi indidən ciddi suallar doğurur.

Politoloq Elçin Mirzəbəyli şimal qonşumuzdakı bu seçkilərin əyləncəli olacağını düşünür: “Rusiyada bu ilin martında keçiriləcək seçkilər daha öncəki seçkilərdən maraqlı olacaq. Namizədlərin siyahısına diqqət yetirsək, prosesin şou elementləri ilə müşayiət olunacağını görə bilərsiniz. Əyləncəli seçki olacaq. Qeydə alınmış namizədlərə öz təbliğatlarını aparmaq üçün maksimum imkanlar yaradılacaq. Çoxsaylı debatlar təşkil olunacaq. Amma bütün bunlar nəticəyə təsir göstərməyəcək. Putin Rusiyası Nazirlər Kabinetində müəyyən kosmetik dəyişikliklər aparacaq və yoluna davam edəcək. ABŞ-ın Rusiyadakı seçki prosesinə müdaxiləsindən söhbət gedirsə, indiki halda bu inandırıcı görünmür. Əvvəla, bu ehtimal çox güman ki, Rusiya rəsmiləri tərəfindən nəzərdən keçirilib və adekvat tədbirlər görülüb. Digər tərəfdən, elektron sistemlər Rusiyada seçki prosesinin cüzi bir hissəsini əhatə edir. Hətta həmin o cüzi hissədə də ənənəvi metodlardan alternativ kimi istifadə edilir. Digər tərəfdən, söhbət seçkinin nəticəsini kiminsə xeyrinə dəyişməkdən gedirsə, Putinin rəqibləri arasında beləsi yoxdur. Və bu rəqiblər Putinlə müqayisədə həddən artıq zəifdirlər. Hazırda Rusiyada kütləvi aksiyaları təşkil edə biləcək və xalqı ardınca aparacaq hər hansı qüvvə nəzərə çarpmır. Ola bilsin ki, bəzi şəhərlərdə müxtəlif sosial şüarlarla aksiyalar keçirilsin. Amma bu aksiyaların da effektiv olmayacağını düşünürəm. Zənnimcə, Putin hakimiyyəti sosial problemlərin artmaması üçün müəyyən tədbirlər həyata keçirəcək. Qoşunların Suriyadan çıxarılmasını da məhz bu kontekstdən dəyərləndirmək olar. Qarşıdakı 1 ildə Kreml daha çox daxili problemlərin həllinə və postsovet məkanına diqqət ayıracaq”.

27140603_10155080893406954_2072364841_o.png (493 KB)

Siyasi şərhçi Elşən Mustafayev Rusiyanın kənardan gələn təzyiqlərə əhəmiyyət verməyəcəyini düşünür: “Rusiyada bu il keçiriləcək prezident seçkisində ölkənin ictimai -siyasi həyatına ciddi təsir edəcək halların olacağına inanmıram. İlkin olaraq onu demək istəyirəm ki, Navalnı də daxil olmaqla, Putinə alternativ ola biləcək namizədlər seçkinin nəticələrinə az da olsa təsir edəcək səslər qazanmaq iqtidarında deyillər. Bu o demək deyil ki, Putin Rusiya vətəndaşlarının əksəriyyəti tərəfindən dəstəklənir. Birincisi, inzibati resurslar, federasiya subyektləri-xüsusilə qeyri rusların çoxluq təşkil etdiyi subyektlər Putinin seçilməsi üçün rahatlıqla işləyəcəklər. İkincisi isə Rusiyada avtoritar rejimi dəyişməyə hazır narazı elektorat olsa da, onların əksəriyyətinin lider kimi qəbul etdikləri namizədlər hələ ki yoxdur. Məhz bu da narazı çoxluğun böyük hissəsinin seçkilərə qatılmamasına gətirib çıxarır. Sözsüz ki,  ABŞ və Qərb Rusiyada yeni bir hakimiyyətin yaranmasında maraqlıdırlar və bu məqsədlə demokratik müxalifətə dəstəklərini həmişə veriblər. Amma Rusiyanın bəzi milli xüsusiyyətləri çox zaman xarici qüvvələrin təsirlərini zəiflədir. Bunun da səbəbləri SSRİ vaxtına gedib çıxır. Bilirik ki, sovetlər dönəmində dünyada iki supergüc kimi ABŞ və SSRİ bütün sahələrdə rəqib olublar və bir sıra məsələlərdə isə hətta düşmən münasibətlər özünü göstərirdi.

Aparılan təbliğat da insanlar arasında ABŞ-a həmişə nifrət aşılayırdı. Sovetlər dağılandan sonra Rusiyada imperiya ambisiyaları açıq şəkildə özünü göstərdi və Rusiya yenə də özünə rəqib kimi ABŞ-ı hədəf seçdi, insanları da buna inandırmağa çalışdı. Məhz onun nəticəsidir ki, bu gün ABŞ-ın dəstəklədiyi istənilən siyasətçi, namizəd əksər insanlar tərəfindən satqın, Rusiya dövlətinin maraqlarını satan şəxs kimi dəyərləndirilir. Bu səbəbdən seçkiyə ABŞ-ın təsiri Rusiyanın ABŞ-dakı seçkilərə təsirindən qat-qat zəif olacaq. Amma istənilən halda, seçki vaxtı və seçki sonrası liberal müxalifətin etirazlarının şahidi ola bilərik. Keçən il Rusiyanın 20-dən çox şəhərində eyni vaxtda etiraz mitinqlərinin olması məhz liberal müxalifətin təşkil etdiyi aksiyalar idi. Mən hesab edirəm ki, bu seçki Putin üçün əvvəlki seçkilərdən daha rahat olacaq. Namizədlərin zəif olması, Qərb, ABŞ-Rusiya qarşıdurması səbəbi ilə ölkədə güclü patriotik təbliğatın getməsi, ABŞ-la bağlı açıq şəkildə dövlətə düşmən obrazının yaradılması cəhdləri indiki rejimin hakimiyyətdə qalmasına xidmət edən amillərdir. Seçkinin necə keçməsindən asılı olmayaraq Rusiya bu seçkinin nəticələrinə xaricdən veriləcək qiymətlərə də məhz həmin ”düşmənçilik” səbəbindən əhəmiyyət verməyəcək. Ona görə də hesab edirəm ki , ABŞ gələcəkdə Putinə seçki taktikası ilə cavab verməyəcək, tamam fərqli bir ssenari hazırlayacaq”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …