Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Elçibəy heç bir şeyi nəzərə almadı” – Etibar Məmmədovdan yeni açıqlama

“Elçibəy heç bir şeyi nəzərə almadı” – Etibar Məmmədovdan yeni açıqlama

29 il öncə – 1993-cü il iyunun 16-dan 17-ə keçən gecə o vaxtkı prezident  Əbülfəz Elçibəy gözlənilmədən Bakıdakı postunu tərk edərək Kələkiyə yollandı.  Bundan sonrakı günlərdə Prezidentin ölkə paytaxtına dönməsini tələb edənlər arasında daha çox fəallıq göstərənlərdən biri də Milli İstiqlal partiyasının sədri, istiqlalçı deputat Etibar Məmmədov idi…  

Moderator.az  əməkdaşı mövzu ilə bağlı AMİP lideri ilə qısa telefon söhbəti aparıb.

– Etibar bəy, bilirik ki, siz  1993-cü il iyunun 17-də prezident  Əbülfəz Elçibəy Kələkiyə getdikdən sonra dəfələrlə parlamentdə  Əbülfəz bəyin Bakıya qayıtmasının vacibliyini onun nəzərinə çatdıraraq onun təhlükəsizliyi üçün əlinizdə olan bütün imkanlardan istifadə edəcəyinizi bildirmisiz. Və hətta  parlamentin bir iclasında məhz sizin təşəbbüsünüzdən sonra Azərbaycanın o vaxtkı qanuni prezidentinə müraciət ünvanlanır və ondan səlahiyyətlərinin icrasına davam etmək üçün Bakıya qayıtması xahiş olunur. Həmin müraciət lehinə 36, əleyhinə – 0, bitərəf – 2 nəfər olmaqla qəbul edilir. Amma Əbülfəz Elçibəy yenə də Bakıya qayıtmaqdan imtina edir. Bəs  prezident vəzifə başına qayıtsaydı, siz doğrudan da onun təhlükəsizliyini təmin etmək iqtidarındaydınızmı?  Məsələn, o vaxt hay düşmüşdü ki, guya Surət Hüseynov hətta prezident və digər yüksək vəzifə sahiblərinə qarşı sərt tədbirlər görəcək, dar ağacı quracaq və s. Siz  Surət Hüseynovu Elçibəyə qarşı hansısa sərt hərəkətlərdən çəkindirə bilərdinizmi?

– Bəli, mən Surəti belə hərəkətlərdən çəkindirə də bilərdim. Amma əslində Elçibəy qayıdıb prezident vəzifəsinin icrasına davam etsəydi, onun üçün elə böyük təhlükə də olmayacaqdı.  İkincisi də ölkə prezidenti heç bir təhlükədən qorxmamalıdır. Çünki o, vətəndaşların və ölkənin təhlükəsizliyinə zəmanət verir və onların qarantıdır…  Əbülfəz bəylə bu mövzuda söhbət zamanı o bildirmişdi ki,  təhlükəsizlik məsələsi var. Mən də cavab vermişdim ki, biz onun təhlükəsizliyini təmin etməyə hazırıq. Və yeri gəlsə, biz prezident kimi daim onun yanında olmağa hazırıq – o bilsin ki, təhlükəsizliyinə xələl gəlməyəcək.  Təəssüf ki, Elçibəy heç bir şeyi nəzərə almadı və Bakıya qayıtmadı…

– Bəs Surət Hüseynov doğrudanmı AXC hakimiyyəti başında duranlara qarşı amansız tədbirlər görmək niyyətində idi? 4 iyun hadisələri ərəfəsində və ya sonra sizinlə söhbətləri zamanı o, konkret o vaxtkı dövlət başçısı Əbülfəz Elçibəy haqda kəskin ifadələr işlədirdimi?

– Yox,  Surət mənim yanımda heç vaxt prezidentə qarşı sərt fikirlər bildirməyib. Və mən onunla sonuncu dəfə  artıq 4 iyun hadisələri baş verdikdən sonra Gəncədən çıxıb Bakıya hərəkət etməyə hazırlaşanda  görüşmüşəm. Həmin görüşdə Surət Hüseynova bildirmişdim ki, o, səhv addım atmaqdadır.  Əgər o, həqiqətən özünü zərər çəkmiş hesab edirsə, hakimiyyət tərəfindən ona qarşı haqsız hücum edildiyini bildirirsə,  müdaxilə edilən  tərəf kimi haqlıdır.  Ancaq Gəncədən Bakıya tərəf hərəkətə başlayandan sonra artıq o, qiyamçı hesab olunacaq.  Və Surət Hüseynova konkret demişdim ki, qiyamçı hesab olunacağın halda  mən də səni heç vaxt müdafiə edə bilmərəm və etməyəcəyəm də. Çünki onun Gəncədən çıxıb Bakıya hərəkət etməyi artıq qiyam idi  və dediyim kimi, bu haqda qəti fikrimi ona çatdırdım…

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …