Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Elə sındırarlar ki, küsüb ölkədən gedər – DEPUTAT

Elə sındırarlar ki, küsüb ölkədən gedər – DEPUTAT

“İncik səslər eşidirəm. İncik yazılara rast gəlirəm. “Məni niyə Şuşaya aparmayıblar?”. Məlum filmdəki Kamilov deməli, Budyonnı ordenim bu, “Tərəqqi” medalım bu. Sanki bunu bir ədalətsizlik kimi görənlər var. Şuşada olmaqdan çox, orada iştirakçı olanların paxıllığına olan düşüncələrdir bəlkə də. Əlbəttə, o cür gözəl festivalda canlı ifaları dinləməyi, Şuşanın yeni doğulmuş ay kimi nurunu udmağı kim istəməz ki?… İki gün televizordan asılı qaldım. Bir dinlədim, iki baxdım, doymadım. Doğrudanmı yaradan bizə bu neməti bəxş etdi?”.

Bu barədə Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa bildirib.

O qeyd edib ki, cəmiyyət olaraq davamlı şükranlıq ənənəmiz yox kimidir. Deputatın qənaətincə, səbrsizik, arxayınçılığı sevirik, dar günə hazırlaşma proqramımız da arzulanan kimi deyil:

“O halda bu nemət bizə bəlkə yenidən bir sınaq üçün verilib? Bu Şuşadan, bu Qarabağdan sonra bu millət hökmən yeniləşməlidir. Tez-tez məscidlərdən danışırıq. Qarabağda da bütün məscidlərimizin bərpasını planlaşdırırıq. Çox gözəl addımdır. Ancaq düşünürükmü ki, bu məscidləri hansı müsəlmanlar dolduracaq. Birinin beyni Fələstində, başqasınınkı Qumda, o birninki Ərəbistan yarımadasında. Beyni ancaq Qarabağda olan, beyni ancaq Azərbaycanda olan müsəlman boşluğunu doldurmalıyıq ilk öncə. Vətən məsələsi də həmişə belədir. Hər şəhid olan dəyərini almaya bilər. Hər qazi olan arzuladığı qayğını, diqqəti görməyə bilər. Əsil savaşan müharibə veteranı vəsiqəsinin dalınca getməyə bilər. Bir gün cəbhə yaxınlığına ezamiyyətə getmiş birisi isə bu vəsiqəni necə lazımdır düzəldib insanın gözünə soxa bilər. Kimsə qəhrəmanlıq göstərər, ancaq orden, medal təltifində unudular. Kimsə fərarilik edər, ancaq üç medalı yaxasına birdən taxar. Nə olsun? İndi anladığım gerçəyi deyim sizə. Vətən məsələsində Allahın nəzərinə baxılar yalnız. Adsız qəhrəman da ola bilərsən, əl üstə gəzdirilən ən üstün insan da. Elə sındırarlar ki, küsüb ölkədən də gedə bilərsən. Vətən sevgisinin statusu olmaz. Eləcə də Vətənə xidmətin statusu olmaz”.

Millət vəkili vurğulayıb ki, cəmiyyətin, dövlətin verdiyi qiymətdə artıqlıq, əksiklik ola bilər. Ancaq Allahın verdiyi qiymətdə tərəzi həmişə düz olacaqdır:

“Ona görə də Allahın verdiyinə baxarsanız, bu nemətə hökmən şükr edərsiniz. O nemət Şuşadır. İki günlük festivalda mən Bakıda oturmuşdum. Ancaq hamıdan çox, hamıdan qat-qat artıq Şuşadaydım. Çünki orada Azərbaycan dövlətinin başçısı vardı, mənim millətimin insanları vardı, mənim dilimin, musiqimin səslənişi vardı, mənim dinimin Əzanı vardı. İndi bir də düşünün, məgər bütün Azərbaycan Şuşada deyildi? 

Hətta mən bir çox hallarda fəaliyyətini tənqid etdiyim Polad Bülbüloğlunu da sevdim, orada oturan, qalxan, çığıran, kövrələn, ağlayan, oxuyan, oynayan, gülən hər kəsi sevdim. Onlar hamısı öz möhtəşəm aurası ilə məni inandırdılar ki, illərdir, əsrlərdir elə bu Şuşadayam.

Kimsə inciməsin, küsməsin, qırılmasın. Cıdır düzündə kətildə oturmaq şərt deyil. İki gündür bu Vətəni sevən hər kəs ayaq üstə idi və Şuşada idi. Bu millətin yüz il, üç yüz il dünyadan köçmüşləri də orada idi, indiki diriləri də. Hamımız Şuşaya 29 illik hicrətdən qayıdırıq sanki”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …