Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Dünya gündəminin 1 saylı mövzusu və bizim dövlət baba

Dünya gündəminin 1 saylı mövzusu və bizim dövlət baba

Koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələrində geniş yayıldığı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) QLOBAL PANDEMİYA duyurusunun movcud olduğu hazırkı ortamda, ölkələr oz əhalisinin qayğısına qalır; vətəndaşların sağlamlığının və təhlükəsizliyinin etibarlı qorunması (virusun daha geniş coğrafiyaya yayılmaması) üçün təsirli tədbirlər həyata keçirir.

Vətəndaşların layiqli yaşamının, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı (biz­dən asılı olmadan meydana çıxmış) qlobal problemin təsirindən qorunması, Azərbaycan dövləti üçün üstünlük verilən məsələ(lərdən)dir. Başqa ölkələrlə təmasların mümkün miqdar azaldılması (və ya ümumiyyətlə dayan­dırılması), ölkə içrə də ictimai həyata və davranışa sərt məhdudiy­yətlərin tətbiqi, demək olar, ümumdünya səciyyəsi daşı­maqdadır.

Əlbəttə, müstəqil Azərbaycan dovləti güclüdur, öz vətəndaşlarının təhlükələrdən etibarlı qorunması işini təşkil etmək üçün yetərli imkan, ehtiyat (və ənənələrə!) malikdir.

Hazırda Azərbaycan hökuməti ÜST-ün tövsiyyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması, təhlükəli virusun geniş yayılmaması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdədir.

Aydındır ki, fevralın əvvəlindən məqsədyönlü ardıcıllıqla gerçəkləşdirilən tədbirlər infeksiyanın xaricdən “idxal”ını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşımaqdadır. ÜST ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan mövcud qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün oldugu qədər azaltmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.

Bəli, saçaqlı infeksiyanın dünyada geniş yayılması ilə bağlı, onun ÜST tərəfindən qlobal pandemiya elan olunması respublikamızda Azərbaycanda bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən Operativ Qərargahın yaradılması, bəzi ölkələrlə sınırların bağlanması və ya gediş-gəlişlərin məhdudlaşdırılması, karantin rejiminin tətbiqi (habelə digər addımlar) hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri yüksək səviyyədə icra etməyə imkan verir.

Artıq geniş ictimaiyyətə bəlli olduğu kimi, 1 ay müddətində kütləvi tədbirlərin təxirə sa­lınması, dövlət və özəl sektora aid qurum-quruluşlar üçün özəl qaydaların elan olunması, uyğun nəzarət mexanizminin formalaşdırılıb tətbiq olunması qərarlaşdırılıb.

Bu yerdə diqqəti sosial məsuliyyətin (vətəndaş məsuliyyətinin, fərdi cavab­deh­liyin) üzə­rinə gətirmək istərdim. İzninizlə bir şəxsi misal çəkmək istərdim. – Oğlum hərbi xidmətdədir və biz ailə olaraq, həftəsonları onun görüşünə getmirik. – Baxmayaraq ki, bizim heç birimizdə adi qrip elementləri belə yoxdur, yenə də ümumi qaydalara anlayışla yanaşırıq və bu bizi incitmir. – Necə deyərlər, DÜNYANI ANLAYIŞ XİLAS EDƏCƏK!

***

Unutmaq olmaz ki tətbiq olunan qaydalar, həm milli təhlükəsizlik, həm də, bir milli dayanışma, hətta səhiyyə maarifi məsələsidir!

Hər bir vətəndaşımız, necə deyərlər, “Hamıya, hamıya, hamıya!” nidası ilə bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun özünün və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən zəruri addımlardır. Bu addımlar bir tərəfdən məcburi, digər tərəfdən müvəqqətidir. -Bunlar öz yerində. – Mən indi özümü ağsaqqal yerinə, nəsihət verən yaşına qoymaq istəmirəm, ancaq ümumi işin xeyrinə xidmət edən, maariflənməyə qatqıda bulunan fikirlər artıq yaşa-başa, ixtisasa baxmır və hər birimiz heç olmazsa, özümüz, sözümüz (sağlamlığımız!) boyda fayda, xeyir ünvanı olmalıyıq.

Toxunulmalı başqa bir məqamsa, KİV redaksiyaları, sosial şəbəkələrin fəal istifadəçiləri ilə bağlıdır. Məhz bu kateqoriya vətəndaşlarımız bilməlidir ki, mövcud qaydalar, toplu­mumuzun informasiya təhlükəsizliyi məsələsidir. Hər bir media orqanı, sosial şəbəkə istifadəçisi vətəndaşlar tərəfindən QAYDALARa riayət olunmasını öz imkanları daxilində təbliğ etməli, insanları maarifləndirməlidir. Bu necə olur? – Toplumda panika və ajiotaj yaranmaması üçün töhfələr vermək, vətəndaşların rahatsızlığına səbəb olacaq məlumatlar, özəlliklə şayiələr yaymaqdan çəkinmək (və çəkindirmək!) yolu ilə. – Çətindirmi? – Əsla!

Hamı, hamı, hamı bilməli ki, yalan, dezinformasiya xarakterli “video”, “foto”, “səs yazı”ları, əsilsiz iddialar da bir növ TƏXRİBATdır. Və belə yaramazlıqların müvafiq hüquq məsuliyyəti doğurması öz yerində, bundan ötədə mənəvi məsuliyyət unudulmamalıdır. Bu mövzuda “eşşək zarafatı” da, informasiya təxribatı da, yaramazlıq edənlərin öz doğmalarına belə təsirsiz ötüşməz. – Axı, azca düşüncəsi olan bəndə qorxu saçmaqdan necə həzz ala, bunu özünə nə təhər məşğuliyyət edə bilər?! Toplumda yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyalar yayan KİV-lər, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ciddi tədbirlər görülüncə də, hansısa “sosial şəbəkə məhbusu”, “siyahı”lar-filan meydana çıxacaq, nə bilim nə olacaq… Axı nə üçün, nə adına belə olsun?..

Gizlin deyil ki, təkcə dövlət orqanlarının səmərəli fəaliyyəti deyil, ayrı-ayrılıqda hər bir şəxsin, bayaq da vurğuladığımız kimi, sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyə, təklif və qərarlarını icra etməsi, qarşıda duran (milli və bəşəri) vəzifələrin daha təsirli icrasını təmin edən faktorlardan biridir.

***

Əziz oxucu, istərdim yuxarıda vurğuladığımız məqamların yanısıra, bəzi yeni (konkret) addımlarla bağlı bilgiləri də sizlərlə paylaşım. Bugünlərdə Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv banklar Mərkəzi Bankın müvafiq göstəriş və qaydalarını rəhbər tutaraq hazırkı bəlli həssas məqamda öncələrdə olduğundan daha intensiv şəkildə fəaliyyət göstərir. Beləki, elan olunmuş pandemiya (və neft qiymətlərinin kəskin enməsi) fonunda xarici valyutaya yaranmış tələ­batın ödənilməsi məqsədi ilə, ABA-ya üzv banklar bütün qüvvələrini səfərbər edərək, vətəndaşlarımıza yüksək xidmət göstərmək üçün səylərini əsirgəmir.

Alqış olsun!

Başqa bir xəbərə görə, alış-veriş mərkəzlərində xəstə olan əməkdaşların əmək fəaliyyəti müvəqqəti məhdud­laşdırılıb. – Bu, koronavirus infeksiyası ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliy­yətinə dair Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalarda öz əksini tapıb.

Alqış olsun!

Azərbaycanda əhalinin gündəlik tələbat malları, o cümlədən, qida məhsulları tələbatının ödənilməsində heç bir problem yoxdur. – Bunu respublikamızın İqtisadiyyat naziri son günlər dükanlarda müşahidə olunan kütləvi alışla bağlı məsələyə münasibət bildirərkən deyib. Nazir qeyd edib ki, hazırda ticarət şəbəkələri, dükanlar və anbarlarda gündəlik tələbat malları, o cümlədən, ərzaq məhsulları ilə bağlı yetərincə ehtiyat mövcuddur və panikaya heç bir əsas yoxdur.

Alqış olsun!

***

-İllər öncə Kür daşıb, aran rayonlarımızla – çay qıyısı yaşayış məntəqələrimizlə bağlı subasma təhdidi müşahidə olunarkən,

-dənizdə dalğa hündürlüyü təhlükəli həddə çatınca,

-yaxın illərdə Şamaxıda zəlzələ olunca,

-ötən ilin yanvarında Abşeron yarmadasında güclü külək əsincə,

-dünya çapında devalvasiya və s. vaxtı…

dövlət baba xalq üçün, Vətən üçün necə hərəkət etmək lazım olduğunun örnəklərini yaratmışdı. İndi də, saçaqlı virusla bağlı ümumdünya səviyyəsində görülən qabaqlayıcı, tədbirgörücü hərəkətlərə Azərbayacan dövləti özünəməxsus töhfələrlə çıxış edir. Biz bu xidməti həm bir milli, həm də bəşəri xidmət saya bilərik. – Millilik öz yerində; bəşəriliyə gəldikdə isə, illərdir, sivilizasiyalar, mədəniyyətlərarası dialoq ünvanı kimi seçilən respublikamızın, ÜST-ün qlobal pandemiya duyurusuna uyğun şəkildə aldığı qərarlar da zaman-zaman xatırlanacaq, örnək təşkil edəcək deyə düşünürəm.

Tanrı dövlətimizə zaval verməsin, xalqımıza yar olsun!

Dövlətimizin bayrağı yaraşıq verdiyi göy üzündən heç əskilməsin! (inş.)

Əkbər QOŞALI, Milli QHT Forumu İdarə Heyətinin üzvü

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …