Ana səhifə / Siyasət / “Dünən Əliyev Ermənistanı və baş nazirini dünya qarşısında “sındırırdı”” – Zurabyan

“Dünən Əliyev Ermənistanı və baş nazirini dünya qarşısında “sındırırdı”” – Zurabyan

“Biz heç vaxt dövlətimizi təmsil edən şəxsin bundan acınacaqlı mənzərəsini görməmişdik”.

Bunu erməni politoloq Levon Zurabyan yazıb. O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Münhen səfərini şərh edib.

“Münhen konfransında Paşinyanla Əliyev arasında gedən debatı dəhşətlə izlədim. Erməni liderlərinin Levon Ter-Petrosyandan Robert Koçaryana və Serj Sarkisyana, sonra Nikol Paşinyana qədər təkamülünə baxsanız, Ermənistanın növbəti liderinin pitekantrop olacağı düşüncəsindən qurtulmaq çətindir.

Biz heç vaxt dövlətimizi təmsil edən adamın pafoslu və sanballı obrazını görməmişik. Özünü dünyaya yazıq görkəmlə, axsaq məntiqlə, kasıb, kəkələyən, qırıq-qırıq ingilis dilində təqdim edən Ermənistan heç kimdə rəhm belə oyatmadı.

Bütün səhnə milli ləyaqətimizin, sevgimizin edamı idi. Əliyev Ermənistanı və onun baş nazirini dünya qarşısında “sındırırdı”.

O, Ermənistanın kapitulyasiyaya imza atdığını, bunu təkcə bütün dünya deyil, həm də erməni xalqı tərəfindən qəbul edildiyini dedi. Müharibədən sonra kapitulyasiyaya imza atanın baş nazir seçildiyini açıqladı.

Paşinyanın etiraz edəcəyi heç nə yoxdu. Əliyevin qarşısında Paşinyan yox, başqa lider otursaydı bəlkə də etiraz ediləcək bir şey olardı.

Əliyev Ermənistanı Azərbaycan ərazilərini işğal etməkdə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda ittiham edəndə Paşinyan susdu.  Paşinyan susmaqla faktiki olaraq Əliyevin ittihamlarını və Ermənistanın günahını qəbul etdi.

Əliyev “Dağlıq Qarabağ” anlayışının olmadığını deyəndə, Paşinyan qeyri-adekvat ingilis dilində nəsə izah etməyə çalışdı. O dedi ki, bu konsepsiya Əliyevin noyabrın 9-da imzaladığı bəyanatda yer alır, lakin o, “Dağlıq Qarabağ” anlayışının olduğunu deməyib.

Əliyev Qarabağ xalqı Ruben Vardanyan tərəfindən təmsil olunduqca onlarla danışıqlar aparmayacağını deyəndə Paşinyan susdu. Halbuki onun deməli olduğu tək şey o idi ki, həmin danışıqlarda onları kimin təmsil edəcəyinə Qarabağ xalqı qərar verməlidir.

Paşinyan Əliyevin Laçın dəhlizinin blokadasının olmaması ilə bağlı yalanlarını təkzib etmək üçün heç bir tutarlı arqument gətirə bilmədi. Əliyevin Laçın dəhlizindən keçən avtomobillərlə bağlı statistikasına real statistika ilə cavab verilməli idi.

Paşinyan hətta Əliyevin Ermənistanın işğalı ilə bağlı ittihamlarına cavab vermək hüququ çərçivəsində belə bir söz deməyib.

Paşinyan Əliyevin Qarabağdakı 64 məscidin sökülməsi ilə bağlı ittihamlarından birinə cavab vermək qərarına gələndə məlum oldu ki, Paşinyan o ittihama ümumiyyətlə cavab verməsəydi, daha yaxşı olardı.

O, bu məlumatları təkzib etməyərək, nə az, nə çox, dedi ki, sovet dövründə Azərbaycanda 1560 məscid dağıdılıb. Və bundan dünya ictimaiyyəti, Paşinyanın dar məntiqinə görə, ermənilərin etdiklərinin böyük bir iş olmadığı qənaətinə gəlməli idi. Paşinyan ona ayrılan vaxtın əsas hissəsini bu axmaqlığa sərf etdi.

Bir sözlə, Paşinyanın dünən Münhen Təhlükəsizlik Konfransındakı çıxışı dəhşətli reallıqları ortaya qoydu.

Ermənistanın biabırçı kapitulyasiyasının acınacaqlı təcəssümü Münhendə oturmuşdu. Bəlli oldu ki, döyüş meydanında itirmədiyimiz nəsə qalıbsa, onu da zəif diplomatiya nəticəsində itirəcəyik.

Paşinyan eyni cür ingiliscə və ya rusca, eyni cahil və dar məntiqlə dünya mötəbərləri ilə görüşlərdə Ermənistanın və Qarabağın maraqlarını müdafiə edir.

Təəssüf ki, bu gün Ermənistanda hökm sürən informasiya sahəsi quldur və manipulyasiya vəziyyətindədir. Xalqımızın əksəriyyətinin bütün bunlardan heç bir xəbəri olmayacaq.

Levon Ter-Petrosyanın Paşinyanı “milləti məhv edən bəla” kimi təsvir etməsinə də şübhə ilə yanaşdım. Mənə getdikcə “milləti məhv edən papuas” tərifi ona daha çox yaraşarmış kimi gəlir”, – deyə Zurabyan bildirib./Konkret.az

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …