Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Dövlət qurumlarının saytlarında yerləşdirilən “yalançı” nömrələr

Dövlət qurumlarının saytlarında yerləşdirilən “yalançı” nömrələr

Ölkədəki bəzi dövlət qurumlarının saytlarında  göstərilən mobil telefon nömrələri çox zaman işə yaramır. ANS PRESS-in məlumatına  görə,  bayram günləri əlaqə saxlamağa çalışdığımız xüsusən hüquq-mühafizə orqanlarının məsul şəxsləri ya çoxdan təqaüdə çıxdıqlarını, ya da başqa şöbəyə təyin olunduqlarını bildirdilər. Amma maraqlıdır ki, həmin şəxslərin adları hələ saytdan çıxarılmayıb. Buna əsasən dövlət qurumlarının saytlarında yerləşdirilən xüsusən rayon şöbələrinin nömrələrinin qeyd olunduğu siyahıda rast gəlmək mümkündür.

“Ölkədəki bəzi dövlət qurumlarının saytlarının nəzdində fəaliyyət göstərən telefon nömrələri vaxtında yenilənmir”

Belə ki,  rayonların birində baş verən hadisə barədə ətraflı məlumat  öyrənmək üçün polis şöbələrindən birinin sahə rəisi ilə əlaqə saxlasaq da onun 3 il bundan əvvəl təqaüdə çıxdığını öyrəndik. Həmin şəxsin yerinə təyin olunan digər şəxs haqqında isə saytda heç bir məlumat verilməyib. Bundan əvvəl də bu kimi problemlərlə rastlaşdığımız üçün aydın oldu ki, bəzi dövlət qurumlarının saytlarında yerləşdirilən nömrə siyahıları ya yenilənmir, ya da gec yenilənir.

3 ildir təqaüdə çıxan polis sahə rəisin adının və əlaqə nömrəsinin saytda olması

3 ildir təqaüdə çıxan polis sahə rəisin adının və əlaqə nömrəsinin saytda olması

Yuxarıdakı siyahı göstərilən nömrələrdən bir neçəsi ilə əlaqə saxladıq. Təəssüflər olsun ki, onlardan bir neçəsi artıq 3 ildir, təqaüddə olduğunu, bir neçəsi isə digər rayonlara təyin olunduqlarını dedilər. Bəzi nömrələr isə ümumiyyətlə işləmir.

Araşdırmalar zamanı o da məlum oldu ki, bəzi nazirliklərin saytında bir çox idarələrin heç məsul şəxslərinin  nömrələri yerləşdirilməyib. Həmin saytlarda yalnız bir əlaqə vasitəsi qeyd olunub ki,  ona da çox vaxt operator cavab verir.

“İnformasiya və ya ictimai əlaqələrlə bağlı şöbələr var ki, onlar birbaşa məsul şəxslər haqqında informasiyanı müntəzəm yeniləməlidirlər.”

Bəs bu saytların fəaliyyətinə necə nəzarət olunur. Təkcə mətbuat işçilərinin deyil, sıravi vətəndaşların da lazım olduqda əlaqə saxlamaq istədikləri məsul şəxslərin nömrələri olan siyahılar niyə bu qədər gec yenilənir?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, bu kimi məsələlər “İnformasiyanın əldə olunması haqqında qanun”da öz əksini tapır.

“Qanunda hansı informasiyaların  dövlət qurumlarının saytında yerləşdirilə bilməsi haqqında məlumat verilir. Bundan başqa, orada qeyd olunur ki, hansı işçilər haqqında saytda məlumat (ad, soyad, onun ünvanı, əlaqə nömrəsi) yerləşdirilməlidir. Qanunda o da göstərilir ki, dövlət qurumlarının saytında məsul şəxslər haqqında informasiyalar müntəzəm olaraq yenilənməlidir. Rəsmi orqanların saytlarında yerləşdirilən informasiyalar etibarlı, dayanıqlı, güvənli, dəqiq olmalıdır”, – deyə Osman Gündüz qeyd etdi.

O eyni zamanda əlavə etdi ki, qanunvericiliyin bununla bağlı tələblərinin əməl olunmasına da birbaşa məsuliyyət həmin qurumun rəhbərinin üzərinə düşür. Bəzi dövlət müəssisələrində bu kimi informasiyalarla işləmək üçün xüsusi qurumlar yaradılıb. Məsələn, informasiya və ya ictimai əlaqələrlə bağlı  şöbələr var ki, onlar birbaşa məsul şəxslər haqqında informasiyanı  müntəzəm yeniləməlidirlər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyir ki, prokurorluğun saytında yerləşdirilən nömrələr mütəmadi olaraq dəyişdirilir: “Bizim saytımızda hər bir tabe rayon, şəhər prokurorluqları üzrə KİV-lə əlaqələrə görə məsul şəxslərin tutduqları vəzifələr və onların əlaqə vasitələri (şəhər və mobil telefonları) yerləşdirilib. Onlar başqa vəzifəyə keçirilərkən və ya təqaüdə çıxarkən saytda müvafiq dəyişikliklər aparılır və bu proses müntəzəm olaraq nəzarətdə saxlanılmaqla mütəmadi olaraq yenilənir”, – deyə qurum rəsmisi bildirdi.

Eldar Sultanov - Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri

Eldar Sultanov – Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin sözlərinə görə,  saytda yer alan  DİN əməkdaşlarının nömrələri hər rübün sonunda yenilənir. “Nazirliyin əməkdaşları əgər bir şöbədən digərinə keçirilirsə, təqaüdə gedirsə, o zaman onlar haqqında informasiyalar toplanır və hər rübün sonunda nömrələr olan siyahı yenilənir. Gələcəkdə isə bu prosesin avtomatik olması planlaşdırılır”, – deyə Orxan Mansurzadə vurğuladı.

Orxan Mansurzadə - Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi

Orxan Mansurzadə – Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi

Bu gün rəsmi orqanlarla əlaqə saxlamaq üçün nəinki KİV-lərin, eləcə də vətəndaşların müraciət etdikləri müvafiq əlaqə vasitələri daim nəzarətdə saxlanılmalı, mütəmadi olaraq siyahı yenilənməlidir. Bu proses gec həyata keçirildikdə lazımi şəxslə əlaqə saxlamaq və eləcə də hər hansı  hadisə haqqında məlumat almaq mümkün olmur. Odur ki, dövlət qurumları öz fəaliyyətlərinə ciddi yanaşdıqları kimi öz rəsmi saytlarındakı məlumatlara da ciddi nəzarət etməlidirlər.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın