Ana səhifə / Siyasət / Dosent tərəfindən məhkəməyə verilən prorektor — DANIŞDI

Dosent tərəfindən məhkəməyə verilən prorektor — DANIŞDI

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Qasım Məmmədov universitetin müəllimi Rəna Gülmalıyevanın onu və rektor Mustafa Babanlını məhkəməyə verməsinə münasibət bildirib.

Q.Məmmədov “Ölkə.Az”-a açıqlamasında deyib ki, hazırda rektor Mustafa Babanlı məzuniyyətdə olduğu üçün onu əvəz edir.

Prorektor Rəna Gülmalıyevanın ittihamlarının tamamilə əsassız olduğunu söyləyib:

“Rəna Gülmalıyevanın bizdən narazılıq etməsinin səbəbi ayrıdır. Bilirsiniz ki, əvvəlki rəhbərliyin dövründə Universitetdə vəziyyət necə olub. Hərə necə istəyirdisə, onu da edirdi. Artıq cənab Prezident tərəfindən Mustafa Babanlı rektor təyin olunandan sonra Universitetin tədris prosesində qanun bərpa olunub və müəllimlər öz vəzifələrinə tam məsuliyyətlə yanaşmağa məcbur edilib. Biz Universitet müəllimləri olaraq öz tələbələrimizə yüksək təhsil verməliyik. Bunun üçün də biz Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün müəllimlərə “açıq dərs” təşkil edirik. Hər müəllimə olduğu kimi, 2016-cı ilin tədris ilində də Rəna Gülmalıyeva üçün də “açıq dərs” təyin olunmuşdu. Ancaq Rəna Gülmalıyeva “açıq dərs” günündə bülleten götürüb. Bizdə də “açıq dərs” nəzərdə tutulursa, o mütləq keçirilməlidir. Yalnız müəllim xəstələndiyi halda təxirə salına bilər. Rəna Gülmalıyevanın “açıq dərsi” də təxirə salınmışdı. Rəna Gülmalıyeva işə çıxandan sonra bu barədə ona xəbərdarlıq olunaraq bildirilib ki, sizin üçün “açıq dərs” filan tarixdə keçiriləcək. Ancaq Rəna Gülmalıyeva yenə də həmin vaxtı bülleten götürüb. Sanki, o “açıq dərs”lərdən qorxurdu. Ona görə də “açıq dərs”ə girməmək üçün hər cür əngəllər törədirdi. Nəhayət ki, 3-4-cü cəhdimizdə ona “açıq dərs” keçirməyə nail olduq. Bu zaman qiymətləndirilmədən sonra ona çox aşağı qiymət yazılıb. Rəna Gülmalıyeva da bundan sonra Universitet rəhbərliyinə qarşı yalan və böhtan danışmağa başlayıb”.

Q.Məmmədov rektor Mustafa Babanlının yaxın qohumlarını işə götürüb, adlarına maaş yazması məsələsinə münasibət bildirib:

“Rusif Hüseynov və onun həyat yoldaşı Cəmilə Hüseynova xaricə elə-belə gəzmək üçün getmirlər. Onlar işlə bağlı ezamiyyətə göndərilirlər. Həmin Cəmilə xanımın apardığı iş nəticəsində Almaniyadan 16 tələbəni bura cəlb edib. Bu gün də onlarn yay məktəbləri işə başlayır. O, beynəlxalq əməkdaşlıq proqramı çərçivəsində işini uğurla davam etdirir. Biz onu elə-belə xaricə gəzmək üçün göndərmirik, iş dalına göndəririk. Bütün bunlar Universitetin maraqlarına xidmət edən ezamiyyətlərdir. Məhsəti Babanlı kimi, bu gün magistirlərimizin 92 faizi təhsil ala-ala işləyirlər. Bunu biz məqsədli şəkildə edirik ki, onlar həm təhsil ala, həm də işləyə bilsin. Bunun da əsas səbəbi odur ki, Universiteti bitirən magistirə işə düzəlmək istəyəndə ilk sual iş təcrübəsinin olub-olmaması ilə bağlı olur. Bütün suallara magistrlar hazır olsun deyə, biz də onların dərslərini yaxşı təşkil edirik. Bir qism magistiri isə Universitetimizə laborant kimi cəlb etmişik. Xüsusi komissiya tərəfindən seçilmiş 18 magistrimizi isə universitetin nəzdində fəaliyyət göstərən Texniki Peşə məktəbinə (kollec) müəllim kimi işə götürmüşük. Doğrudur, onların maaşı azdır. Ancaq həmin magistrlərimiz həqiqətən də öz ixtisaslarına uyğun olaraq çox yaxşı fəaliyyət göstərirlər. Onlardan biri də Məhsəti Babanlıdır ki, doğrudan da müəllim kimi çox yaxşı tədris işi aparır. Onun Universitetdə çalışmasında atasının rektor olmasının heç bir rolu yoxdur. Əksinə, atası qızının ora seçilməsinə görə çox sevinib. Məhsəti xanımın da Universitetdə müəllim kimi işləməsi seçim yolu ilə olub”.

Q.Məmmədov Rəna Gülmalıyevanın 15 min təzminat tələbinə də cavab verib:

“Əvvəla, mənim heç bir təzminat ödəmək fikrim yoxdur. Uzun illərdir ki, müəllim işləyirəm. İndiyədək 15 min manatı bir yerdə görməmişəm. O çox şey istəyə bilər. Mənim 15 minim hardandır? Məhkəmədə də sözümü deyəcəm. Ümumiyyətlə, bunu ictimailəşdirməyə ehtiyac yox idi”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın