Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Donald Trampa müraciət edəcəm…

Donald Trampa müraciət edəcəm…

Görəsən Bahar Muradova və Tarif Şurasının rəhbəri bu yazını oxuyacaqmı?

Dərdlərim(iz)…
Neçə gündü bütün dərdlərim üstümə “hücum çəkib”, özümü müdafiə edə  bilmirəm. Mənim kimi güclü, dərdlərin üstünə gülə-gülə gedən,  hər problemi tapdalayıb keçən, illərdi həyatla döyüşərək onun  kürəyini yerə vurmağa çalışan bir adam… az qala əllərimi qaldırıb təslim olmaq məcburiyyətində qalıram. Bu yazını yazmağım da bəlkə elə təslim olmağım deməkdi…
Bilmirəm hansından başlayım – son bahalaşmadanmı, onun başıma gətirəcək fəsadlarındanmı, yoxsa hər saat, hər dəqiqə içində çabaladığım və həll edə bilmədiyim irili-xırdalı problemlərdənmi? Məşhur bir hekayət var.  Düşmən hücumundan məğlub olan məmləkətin başçısı sərkərdəsindən bunun səbəbini soruşanda cavab alır ki, 100 cür səbəb var. Birincisi odur ki, silah yox idi, ikincisi… Padşah sərkərdənin sözünü kəsir: “birinci səbəb yetərlidi, gerisini sadalamağa gərək yoxdu”.
Yaxşısı budu mən də elə birincidən başlayım, zatən davamı da ona bağlıdı, yazdıqca hamısı bir-bir çözələnəcək. Tarif Şurası qazın, elektrikin qiymətini artıraraq adını diferensiallaşma qoydu. Məmləkətin kasıb təbəqəsinə də belə “təsəlli” verdi ki, bahalaşmanın  aztəminatlı ailələrə zərəri yoxdu. Həmin “bəyanata” züy tutanlarla yanaşı, ölkənin çoxlu sayda ziyalısı, jurnalisti, sabiq naziri, deputatı, lap elə indiki bəzi vəzifəliləri də etiraz səslərini qaldırdılar. Facebook şəbəkəsində günlərdi bahalaşma əleyhinə yazan  istifadəçiləri də əlavə etsəm, mənzərə tam aydın olur.  Amma çifayda… Milli Məclisin sədr müavini Bahar Muradova bu etirazlara  cavab olaraq yeni  “amerika kəşf etmiş” kimi  daha “klassik məsləhət” verdi: hər kəs ayağını yorğanına görə uzatsın, insanlar qənaət rejiminə keçsin, əhali yoxsul yaşamağa öyrəşsin.
Bu ölkənin “aztəminatlı ailələri” deyəndə  Tarif Şurası görəsən kimləri nəzərdə tutur? Dilənçilərmi,150 manat alan pensionerlərmi, diplomlu, işsiz və kirayələrdə yaşayan ziyalılarmı, yoxsa bir qarına ac, bir qarına tox ömürləri çürüyən digər insanlarmı? Məmur-oliqarxları çıxandan sonra əhalinin 90 faizi zatən aztəminatlıdır. 200-300 manat maaş alan həkim, müəllim, mühəndis, jurnalistin adı nədi, hansı təbəqəyə daxil ediliblər?
Deyəsən xanım Muradovanın xəbəri yoxdu ki,  biz onsuz da illərdi hər şeyə qənaət edərək yaşayırıq. Təbii ki, olmaz. Toxun acdan nə xəbəri? Böyük super marketlərin qapısını tanımırıq, balaca  dükanlardan aldıqlarımızı da dənə ilə, qramla alırıq. Adımız  dükanın borc dəftərindən silinmir. Qışda qazı  sutka ilə yox, saatla yandırırıq – soyuqdan üşüyürük, donuruq. Yayda kondisioner işlətmirik – istidən bişirik, yanırıq. Amma  hər ikisinə də dözürük. Bundan o yana da qənaət varmı? 10 qəpiklik qaz və 7 qəpiklik elektrik  sərfiyyatını  ödəyirik,  heç vaxt borc saxlamırıq. Boğazımızdan və əynimizdən kəsirik ki, dövlətə borclu qalmayaq. Əks halda  əlaqədar qurumların qəzəbinə tuş gələrik. Villalarda, malikanələrdə, “novostoryka”lardakı 200-300 kvadratlıq  mənzillərdə yaşayanlardan ala bilmədikləri pulları da bizim “ayağımıza yazarlar”. Bəs, bunun adı nədi?
35 ilin jurnalistiyəm, necə deyərlər, çörəyim SÖZdən çıxır. Universiteti bitirəndən  SÖZün başına dolanıram, onu ucuz tutmuram. Dövlətə və dövlətçiliyə xidmət edən yazılarım qəzet və jurnal səhifələrində yer alır. Heç vaxt əqidəmdə və dəst-xəttimdə kənar meyllərə yol vermirəm. Çalışıram ki, vicdanlı və qərəzsiz olum, jurnalistdən tələb olunan  doğru – düzgün, ədalətli yazılara imza qoyum, eləcə də jurnalist etikasına, müxbir əxlağına əməl edim,  şəxsiyyətimi və ləyaqətimi  alçaltmayım.
Bir sözlə, illərdi jurnalistikanın fəhləsi, SÖZün qulu və  mətbuatın nökəri olaraq mediada “külüng vururam”. Amma SÖZün  ucuzlaşdığı bir zamanda bu sadaladıqlarımın bir qəpiklik dəyəri qalmayıb. Kisəmizi didik-didik edən, tez-tez qapımızı kəsdirən, hər ay baş verən bahalaşma yaxamızı sosial problemlərin əlinə verir. Dərdlərim(iz) SÖZün başına kəndir salıb onu yelləncək kimi bir o yana, bir bu yana yellədir…
Mən  millətini sevən, torpağına canı-qanı ilə bağlı olan, vətənini başqa ölkəyə dəyişməyən, heç bir halda Azərbaycana nankor çıxmayan övladam. Konstitisyon hüquqlarımı da bilirəm. Həmin hüquqla Azərbaycanın istənilən yerində normal insan kimi yaşamağa haqqım var. Ziyalı  kimi normal dolanışığım, normal şəraiti olan evim olmalıdı. Nə yazıq ki, ev adına  yaşadığım mənzil daxmadan fərqlənmir.  İllərlə bu daxmada Bahar Muradova demiş, “ayağımı yorğanıma görə uzadaraq bütün dərdlərimi həmin yorğanın içində gizlədib ayağımın altına almışam”. Amma indi dərdlərim dilə gəlib, yorğandan çıxıb bar-bar bağıraraq üsyan edirlər. Bilmirəm hansını cavablandırım, hansının haqqını verim, üsyanı necə yatırım?
İllərdi işləmirəm, çalışdığım qəzetlər bahalaşmalardan dolayı bir-bir bağlanıb sıradan çıxdı. Heç bir redaksiyanın rəsmi maaş cədvəlinə qol çəkmirəm, pul kartım yoxdu. Qəzetlərə, saytlara  yazdığım yazılardan aldığım az qonorarla şikayət etmədən, bir kimsəyə əl açmadan, həyata nikbin gözlə baxaraq dolanıram. İndi isə  günlərdi Tarif Şurasının bahalaşdırdığı 20 qəpiklik qaz və 11 qəpiklik işıq borcunu necə ödəyəcəyimi fikirləşməkdən başım çatlayır. Hər gecə bir arzu ilə yatıram: kaş ki, yuxudan oyananda müraciət etdiyim filan redaktor zəng vurub işə dəvət etsin. Mənim də maaş kartım olsun…
Yeganə övladım-ömrümü fəda etdiyim, topuğuna balaca bir daş dəyəndə ürəyim ağrıyan,  tərbiyəsində ən üstün əxlaq verməyə nail olduğum oğlum universitet bitirib, əsgəri xidmətini başa vurub,  amma iş tapa bilmir. Ölkənin  bütün qurumlarına göndərdiyi cv-lər cavabsız qalıb. Ən yaxşı halda “bizdə ixtisar gedir, işimiz yoxdu” deyirlər.
Yaşadığım küçə bərbad vəziyyətdədir. O küçə ki, bir tin o yandakı asfalt küçədə Hacıbala Abutalıbov yaşayır. Uzun illər Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin orqanı olan “Bələdiyyə həyatı” qəzetində işləsəm də Qaraçuxur bələdiyyəsinə sözüm keçmədi. Sözdə abadlıq işləri ilə məşğul olduğunu deyən və mənim də  yazıb təriflədiyim keçmiş və indiki bələdiyyə sədrləri səlahiyyətləri çərçivəsində cəmi 50 metrlik yolu normal vəziyyətə salmadılar.
Tarif Şurasının hörmətli rəhbəri deyə bilər ki, mənim maaş kartımın olmamasının, işziz oğlumun, bərbad küçəmizin ona və rəhbərlik etdiyi quruma nə dəxli var? Əlbəttə həm haqlıdır, həm də yox. Cavab verim: əgər siz ölkədə tez-tez bahalaşma siyasəti yeritməsəniz, mən də  Qaraçuxur bələdiyyəsinə zəhmət vermədən qəpik-qəpik toplayıb qum, sement, şebel, ya da asfalt alıb  küçəmizi düzəldərəm. Xanım Muradovanın təbirincə, qaza, işığa qənaət edib soyuqdan xəstələnəndə dərmana  verəcəyim pula küçəmizi normal vəziyyətə salaram.
Hələ onu demirəm ki, qazın, elektrikin bahalaşması dükan-bazara birbaşa təsirini göstərəcək, hər şey bahalaşacaq (artıq bu proses başlayıb). Marketlə işim yoxdu, amma dükanlar daha bizə borca ərzaq verməyəcəklər. “Çörək 80 qəpik, metro 50 qəpik olacaq” deyirlər. Bunlara sözünüz nədi? Bəs, deyirsiniz ki, bahalaşmanın aztəminatlı ailələrə təsiri olmayacaq?
ABŞ-ın yeni seçilmiş prezidenti  Donald Tramp ayda 33 min dollar olan prezident maaşından imtina edib. Fikirləşirəm ki, bəlkə ona müraciət edim, istəmədiyi maaşından hər ay  mənə üç min göndərsin. Onun üçün dəryadan bir damla nədir ki? Bunu da edəcəm…
Vallahi-billahi həmin pulla xan-bəy kimi dolanaram. Beləcə, mənim də dərdlərim başımdan uzaq olar, problemlərimin “hücumuna” məruz qalmaram.
Bu yazdıqlarımı indiyə kimi bir dəfə də olsun nə dilimə gətirmiş, nə də yazmışam. Amma “su meymunun  boğazına çatanda balasının ayağının altına alır”…
P.S. Görəsən Bahar Muradova və Tarif Şurasının rəhbəri bu yazını oxuyacaqmı?

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın