Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Deputatlığa namizəd DSK sədrini dalana dirəyir…

Deputatlığa namizəd DSK sədrini dalana dirəyir…

“O üzdən “hörmətli” Əlibaba Bayramov, sizin ikili danışmanızı mən səs qeydləri ilə ictimaiyyətə də sizlərə də sübut edəcəyəm!”

Dünənə qədər 37 məntəqə sədrinin imzasının olmadığına görə, məntəqə üzrə protokolları verə bilmədiyini iddia edən dairə sədri bu gün məntəqə üzrə protokolların dairənin verə bilməyəcəyini bildirir. Axı dünəndən bu günə qədər nə dəyişib? Görünür, 37 məntəqənin təsdiq etmədiyi təqdirdə, nəticənin elan olunması ilə bağlı fikrim, Əlibaba Bayramova güclü təsir edib. Çünki bu günə qədər Əlibaba Bayramov “narahat olmayın, dairə və məntəqə üzrə protokolların kopyalarının hər kəsə veriləcəyini” vəd edirdisə, bu gün həmin valı istədiyi istiqamətdə dəyişdirir. Əgər dairə sədri bu gün heç nədən çəkinmədən adamın üzünə durub “mən protokol – filan verməli deyiləm” deyə bilirsə, deməli dairə sədri namizədlikləri təsdiq olunmuş şəxsləri sözün əsl mənasında ələ salıb.

Görünür, dairə sədri seçkidən əvvəl “favorit” namizədi ilə özəl görüşdən sonra ona itaət edəcəyinə dair and içib. Əks halda xanım namizədə şər-böhtan atamaqla, namizədin kitabını onun üzərinə atmaqla və sairə kimi bir sədrə yaraşmayacaq kobud jestləri ilə özünü nüfuzdan salmazdı. Bu da yetməzmiş kimi ikili danışaraq, məntəqə üzrə protokolların namizədlərdən gizlətməsi də əslində dairə sədrinin seçki ilə bağlı saxtakarlıqda məntəqə sədrləri ilə əlbir olmasını sübut edən amildir.
Seçkidən əvvəl də, seçkidən sonra da araşdırılması lazım olan saxtakarlığın reallaşdırıldığı ünvanlar və bunda məsuliyyət daşıyan rəhbər işçilərin olması bildirilsə də, DSK yetərli fakt olmadığını əsas gətirərək, bütün bunları təkzib edir və namizəddən konkret isimlər istəyirlər. Məlum deyil seçkidə iştirak edən namizəd detektivdir ya polis. Axı məlum saxtakarlıq ihbarı verilirsə, ihbarı verən suçlunudamı tapmalıdır? Əgər ihbar edən suçlunu tapırsa, araşdırmanı o edirsə, o zaman DSK sədri və katibi nə iş görür? Yoxsa DSK sədrinin və ekspert qrupunun işi yalnız “leyhinə-əleyhinə” səhnəciyinin baş rollarını ifa etməklə kifayətlənir?

Belə ki, mən seçkidən əvvəl gözlənilən saxtakarlıqla bağlı məlumatlarla həm MSK-nı, həm də DSK-nı xəbərdar etmişdim. Daha sonra seçkini açıq-aşkar saxtalaşdıran məntəqlərlə bağlı aktlar tərtib edərək, DSK-ya təqdim etmişdi. Bu gün guya həmin şikayətlər DSK tərəfindən baxılırdı və guya da onlar tərəfindən araşdırılmışdı. Amma inanın mənə, həmin toplantı Əlibaba Bayramovun və ekspert qrupunun “leyhinə-əleyhinə” səhnəciyi əsasında olduqca gülünc görünürdü. Mən saxtakarlıqdan danışdıqca bunlar başı-gözü ağarmış, özlərini kürsülü hesab edənlər leyhinə deyib əllərini qaldırır, əleyhinə-bitərəf yoxdur deyib uşaq kimi sevinirdilər. Ekspert qrupu “Fatı dur, Fatı otur” kimi nahaqqa itaət etməklə, əslində haqqı tapdadıqları üçün başlarını hara gizlətmələrini bilmirdilər. Hamı məlum məsələ idi ki, əkmək parasının kəsilməsindən ehtiyyat edirdi.
Məni ən çox narahat edən məqam insanların iş yerlərinin itirmə qorxusundan fırsatçılar və oğuruların istifadə etməsidir. Amma necə deyiblər son gülən yaxşı gülər. Mən saxtakarlıqla millət vəkili seçilmədiyimə görə qürur duyuram! Saxtakarlıqla millət vəkili oldum deyənlər qədər zavallı və biçarə olmadığımla, fəxr edirəm. Fəxr edirəm ki, mən bu gün bəzi biçarə kürsü düşkünlərinin əlində “Fatı dur, Fatı otur” kimi itaət etmək sorundada deyiləm.
Saxta yolla millət vəkili olub, ayıbdır söyləməsi “pampersə” məhkum olub Parlamentdə oturmaqdansa, vallah orada oturmamaq daha yaxşıdır! Çünki həmin insana mən şəxsən acıyıram!
Amma nəzərinizə də çatdırım ki, mən dünənə qədər namizəd idimsə, 10 ildən artıqdır jurnalistəm və bu qələmin hələ ki, istəyib də, haqqa qovuşdurmadığı heç nə yoxdur. O üzdən “hörmətli” Əlibaba Bayramov, sizin ikili danışmanızı mən səs qeydləri ilə ictimaiyyətə də sizlərə də sübut edəcəyəm!

Ülkər Musazadə, 1 noyabr seçkilərində 33 saylı Xətai seçki dairəsindən deputatlığa namizəd olmuş jurnalist.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın