Ana səhifə / Siyasət / Deputatların qıcıq doğuran açıqlamalarına partiya sədrindən sərt reaksiya

Deputatların qıcıq doğuran açıqlamalarına partiya sədrindən sərt reaksiya

“Hesab edirəm ki, parlamentin yenilənməsinə çox ciddi ehtiyac var”. 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Milli Məclisin deputatları Tahir Kərimli və Razi Nurullanın parlamentdəki təkliflərinə münasibətində deyib. Sədr bildirib ki, hazırkı parlament buraxılmayacağı təqdirdə Azərbaycan xalqı bu cür qıcıq doğuran açıqlamların şahidi olacaq:
“Konkret olaraq parlamentdə bir sıra deputatlar var ki, fəaliyyətsizlikləri və bu cür yersiz açıqlamaları ilə gündəmə gəlirlər, bu da bütövlükdə Azərbaycan parlamentinin nifuzuna böyük zərbədir”.
Arzuxan Əlizadə əlavə edib ki, parlamentdə təmsil olunan deputatların böyük əksəriyyəti ölkədə mövcud olan sosial və digər problemləri qabartmaq, həmin problemləri gündəmə gətirmək, onların həlli istiqamətində addımlar atmaq, hökumətə təsir etmək əvəzinə bir çox hallarda yersiz açıqlamaları ilə gündəmə gəlirlər:
“Bu da olduqca təəssüf doğurur və insanlarda qıçıq yaradır. Tahir Kərimlinin də son çıxışı bu qəbildəndir və hesab edirəm ki, yersiz olaraq parlamentdə işləyən şəxslərin mənzillə təmin olunması və digər problemlərini gündəmə gətirməklə bir aıqlama vermiş oldu. Əslində Sahibə Qafarova, hesab edirəm ki, tam olaraq onların cavabını verdi. Bütün bunlar o zaman baş verir ki, ölkədə uşaq pullarının verilməməsi məsələsi gündəmdədir. Biz də dəfələrlə bununla bağlı çıxışlar edib, təkliflər paketi təqdim etmişik. Eləcə də əlillik dərəcələrinin verilməsi ilə bağlı sabiq nazir Səlim Müslümovun dönəmində baş vermiş çox ciddi problemlər, rüşvət, korrupsiya faktları gündəmdədir. Təəssüflər olsun ki, bu gün onun vəzifəsini icra edən Sahil Babayev də heç də doğru-düzgün siyasət aparmır. Biz faktiki olaraq qurunun oduna yaş yanması prosesini izləyirik. İnsanların böyük əksəriyyətinin əlillik və sosial müavinətləri kəsilib. Kommunal xidmətlərin bahalaşdığı, güzəranın ağırlaşdığı bir dönəmdə vətəndaşların iqtisadi durumu çətinləşir”. 
Partiya sədri təəssüf hissi ilə vurğulayıb ki, Milli Məclisin deputatları ən kritik hallarda susmağa üstünlük verir:
“44 günlük müharibədə Azərbaycan parlamentində 20-25 nəfər istisna olmaqla digər deputatlar mövqe nümayiş etdirməyib. Deputatlar xalqın, seçicilərinin yanında olmadılar. Əgər bu deputatlar ən kirtik hallarda mövqe nümayiş etdirmirsə, bu, ciddi faktdır”.
Qeyd edək ki, Milli Məclisin deputatı Razi Nurulla parlamentdə çıxışı zamanı “bəzi deputatların evi yoxdur, onlara verilən kirayə haqqı qaldırılsın”, – deyə təkliflə çıxış edib. Vəhdət Partiyasının sədri Tahir Kərimli isə Milli Məclisin əməkdaşları üçün yaşayış binasının ayrılması, avtomobillərin verilməsi ilə bağlı təklif səsləndirib. Hər iki deputatın təklifi cəmiyyətdə qıcıq doğurub.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …