Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Deputatlar tətildə xarici ölkələrə getməyəcəklər — SORĞU

Deputatlar tətildə xarici ölkələrə getməyəcəklər — SORĞU

Milli Məclisin növbədənkənar sessiyası başa çatmaq üzrədir. Parlamentin üzvləri iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar. Deputatlar bu müddət ərzində iki aylıq məzuniyyət pulu alacaqlar.

Deputat Elman Məmmədov bildirib ki, o, artıq uzun müddətdir ki, yay tətilində istirahət üçün xaricə üz tutmur:

“Bu il də həmişə olduğu kimi yay tətilini öz ailəmlə birlikdə Vətəndə qeyd edəcəyəm. Əgər qismət olarsa, bölgələrə səfər etməyi planlaşdırıram. Xüsusilə, əhalinin sıx məskunlaşdığı Goranboy rayonunda istirahət edəcəm. Yəni, Respublikadan kənara çıxmaq planımda yoxdur”.

Milli Məclisin deputatı Naqif Həmzəyev isə məzuniyyətini əsasən Daşkəsən və Göygöl rayonlarında keçirməyi planlaşdırır:

“Əslində xüsusi bir planım yoxdur. Çünki növbədənkənar iclasların iyulda da davam etmə ehtimalı var. İstənilən halda Həmkarlar Təşkilatına göndəriş verilməsi üçün müraciət etmişəm. Haranı məsləhət görsələr, gedib orada 10 gün istirahət edəcəyəm. Qalan vaxtı isə yəqin ki, Göygöl və Daşkəsəndə olacağam”.

Millət vəkili Eldar Quliyev deyir ki, Novxanı bağları istirahət üçün ideal seçimdir:

“Xaricə səfər etməyi planlaşdırmıram. Türkiyədən ezamiyyədən yenicə gəlmişəm. Ağsaqqallar Şurasının sədri olduğum üçün bu yay tətilimi təşkilata həsr edib, Şura ilə bağlı bir sıra planları reallaşdırmaq istəyirəm. Qısacası, məzuniyyət planım – Bakı, Bakı, hər zaman Bakı!”

Deputat Azər Badamov isə qeyd edib ki, regionları daha yaxından tanımaq üçün məzuniyyət dövründən faydalanacaq:

“Parlamentin növbədənkənar sesiyasının başa çatması və deputatların məzuniyyəti yaxınlaşır. Təbii ki, deputatlar da bütün vətəndaşlar kimi məzuniyyət dövründə öz istərahətini hansısa bir sanatoriyada və ya istirahət mərkəzində keçirə bilələr. Fikrimcə, istirahət üçün ən yaxşı məkanlardan biri seçildiyim və yaşadığım Qusar rayonudur. Məzuniyyət dövründə daha çox rayonda olmağı planlaşdırıram. Bu, mənə rayon sakinləri ilə daha tez-tez görüşmək, söhbət etmək imkanı verəcək. Həm də ölkəmizin digər regionlarına da qısa səfələr etməyi də planlaşdırıram. Azərbaycanda çoxlu görməli, gəzməli yerlər var”.

Parlament üzvü Nəsib Məhəməliyev də məzuniyyətini elə seçildiyi Balakən rayonunda keçirməyi planlaşdırır:

“Heç bir məzuniyyət planım yoxdur. Yay ərzində xaricə səfər etməyəcəyəm. Rayonda istirahət etməyi düşünürəm”.

Milli Məclisin üzvü Cavid Osmanov isə bildirib ki, qısa müddətlik də olsa, xarici ölkələrdən birinə yollanmağı nəzərdə tutub:

“İyulun 15-dən avqustun sonuna kimi deputatların məzuniyyət vaxtıdır. Bu dövr ərzində, əsasən, seçildiyim Ağdaş rayonunda olacağam. Həmçinin mən Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri olduğum üçün partiyadakı fəaliyyətimi də davam etdirəcəyəm”.

Deputat Ceyhun Məmmədov bildirib ki, məzuniyyət dönəmində seçicilərlə görüşlər təşkil edəcək:

“Təmsil etdiyim rayonun əhalisi 54 rayonda məskunlaşıb. Pandemiya şəraiti ilə əlaqədar, bu müddət ərzində seçicilərlə davamlı görüşlər təşkil etmək mümkün olmayıb. İndi isə, şükürlər olsun ki, bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Bu şəraitdən istifadə edərək, seçicilərimlə ünsiyyətdə olub problemlərini öyrənmək istəyirəm. Bundan başqa, hesabat hazırlığı və bir neçə kitab üzərində iş gedir. Əgər qeyd etdiyim işlər qaydasına düşərsə, qısa müddətlik regionlarda dincələcəm”.

Milli məclisin deputatı Elman Nəsirov il ərzində çox yorulduğunu və istirahətini Şəki şəhərində keçirəcəyini planlaşdırdığını deyib:

“Sorğu keçirilsə, yəqin, aydın olar ki, bu il mətbuatla ən çox işləyən deputat mən olmuşam. Ümumiyyətlə, seçicilərlə də davamlı şəkildə görüşlər təşkil etmişəm. İyulun 15-dən sonra məzuniyyət vaxtı regionlara üz tutacağam. Yay tətilimi əsasən Şəkidə keçirməyi planlaşdırıram”.

Qeyd: Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq və dekabrın 30-dək davam edəcək. Pravda.az

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …