Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Deputatın xahişini rədd edən yol polisini nə gözləyir?

Deputatın xahişini rədd edən yol polisini nə gözləyir?

BDYPİ rəsmisi: “Deputat toxunulmazdır, ancaq…”
Azərbaycanda deputatlarla yol polisi əməkdaşları arasında ara-sıra gərginliklər yaşanır. Hətta vaxtilə Milli Məclisin plenar iclaslarında bəzi deputatlar bu barədə çıxış edib yol polisindən narazılıq da bildiriblər. 
Məsələn, deputat Eldar İbrahimov avtomobilinin saxlamasından hiddətlənərək polis əməkdaşı haqda demişdi: “Bu “dana” üzr istəyirəm hardan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır. Bunlara bir başa salın ki, deputat, prezident, baş nazir kimdir”.
Ötən gün isə mətbuatda xəbərlər yayıldı ki, deputat Rəfael Hüseynovun avtomobili yol polisi tərəfindən saxlanılıb və ona cərimə yazılıb. Sonradan o, mətbuata açıqlamasında bildirdi ki, yazılanlar doğru deyil, avtomobil onun yox, yaxın tanışınındır: “O, Hacıqabuldan gələrkən yol hərəkəti qaydasını pozduğu üçün polis tərəfindən saxlanılıb. Mən onunla əlaqə saxlayanda yol polisi tərəfindən saxlanıldığını bildirdi. Bundan sonra mən onların yanına gəldim. Bir daha bildirmək istəyirəm ki, yol polisi məni cərimələməyib. Həm də mənim nə xidməti, nə də şəxsi “Prado” markalı maşınım var”, – deyə deputat qeyd edib.
Hadisə ilə bağlı yayılan videodan  isə görünür ki, deputat polis əməkdaşına yaxınlaşır. Ancaq polis əməkdaşı yol hərəkəti qaydalarını pozan avtomobil sahibini cərimələməkdən vaz keçmir. Görəsən deputatın xahişini rədd edən yol polisini nə gözləyir?
Məsələ ilə bağlı musavat.com-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, saxlanılan avtomobil deputata məxsus deyil: “Başqa şəxsə aid avtomobildir. Qayda pozuntusu etdiyi üçün əməkdaş tərəfindən saxlanılıb. Sürücü barəsində də qanuna müvafiq olaraq tədbir görülüb. Burada əməkdaş qanuna zidd olan heç bir addım atmayıb.  Bununla bağlı hörmətli deputatımız da açıqlama verdi ki, həqiqətən elə bir avtomobili yoxdur. Eyni zamanda onu da qeyd edim ki, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununun 85-ci bəndində göstərilir ki, Milli Məclisin deputatları toxunulmaz olduqları üçün onların  şəxsi və xidməti nəqliyyat vasitələrinin yoxlanılmasına  və ya inzibati qaydada tutulmasına yol  verilə bilməz. Ancaq bu o demək deyil ki, deputatın əyləşdiyi avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozursa, onu inzibati məsuliyyətə cəlb etmək olmaz. Qanunvericilikdə belə bir müddəa yoxdur”.
musavat.com

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın