Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Deputatın “avara” dediyi 1 milyon 800 min azərbaycanlı…

Deputatın “avara” dediyi 1 milyon 800 min azərbaycanlı…

Sərdar Cəlaloğlu: “O, qeyri-ciddi, əxlaqi cəhətdən qüsurlu bir şəxsdir”; Tahir Kərimli: “Şəxsən ona etiraz edəcəm”

 

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin facebook istifadəçilərini “avara” adlandırması sosial şəbəkələrdə, mediada xeyli müzakirə olundu. Təbii ki, ona ən sərt cavablar da gecikmədi.

Ölkənin bütün təbəqələrini əhatə edən, facebook istifadəçisi olan 1 milyon 800 min azərbaycanlını bu şəkildə təhqir edən deputata kəskin reaksiyalar bildirilir. Maraqlıdır ki, sosial şəbəkə istifadəçilərini “avara” adlandıran A.Əlizadənin adına açılmış facebook səhifəsi tapılıb. A24.Az-ın apardığı qısa araşdırma zamanı məlum olub ki, Milli Məclis üzvü 2013-cü ildə facebookda öz adına yaradılmış – “Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin rəsmi səhifəsi” adında səhifə var.
Səhifədə millət vəkilinin mətbuata verdiyi müsahibələr, açıqlamalar, eləcə də deputatlığa namizəd olduğu zamanı aparılan təbliğat-təşviqat kampaniyasının fotoları yer alıb. Səhifədə ən axırıncı paylaşım isə bu ilin fevral ayının 15-də edilib.
Göründüyü kimi, özü istifadə etməsə də, adına səhifə olan və sosial şəbəkələrdən təbliği üçün istifadə edən partiya sədri facebook istifadəçilərini təhqir etməklə əslində özünü də aşağılayıb. Bir deputatın sosial şəbəkələrin nə qədər perspektivinin olduğunu, bütün dünyada facebookdan geniş istifadə olunduğunu dərk etməməsi təəssüf doğurmaqla yanaşı, həm də qəzəblə qarşılanır. Tez-tez bu cür fikirləri ilə gündəmə gələn deputat barəsində ölçü götürülməsi tələbləri var. Onun məhkəməyə verilməsi ideyası da var.
Facebookdan istifadə edən və etməyən tanınmış simaların deputatın fikirləri ilə bağlı mövqelərini aldıq.

Image result for ADP sədri Sərdar Cəlaloğlu
Sosial şəbəkələrdə olmamasına baxmayaraq, ADP sədri Sərdar Cəlaloğlu A.Əlizadənin ünvanına sərt ifadələr işlətdi: “Sosial şəbəkələrdə dövlət adamları, cəmiyyətin ən müxtəlif təbəqələri təmsil olunurlar. İnsanları bu şəkildə təhqir etmək olmaz. 2 milyona yaxın insanı bu şəkildə alçaltmağa heç kimin haqqı yoxdur. Əslində o şəxs barəsində facebook şəbəkəsi məhkəməyə müraciət etməlidir. Çünki faktiki o adam bu şəbəkənin biznes fəaliyyətinə də ciddi zərbə vurur. Araz Əlizadə unudub ki, Azərbaycanın dövlət başçısının ailəsi də sosial şəbəkələrdədir. Ümumiyyətlə, hamımızın yaxınları oradadır. Bu nə deməkdir? Bu sözləri deyəndə ölkədə dövlət xadimlərindən tutmuş üzüaşağı hər kəsi aşağılayır. Sən kimsən ki, bu insanları təhqir edirsən? Mən özüm facebookda yoxam. Deyə bilərsən ki, facebooka aludəçilik, orada çox vaxt keçirmək düzgün deyil. Bu başqa məsələ olar. Amma avara demək şəxsiyyətin alçaldılması deməkdir. Bu həm də informasiya almaq hüququna bir qəsddir. Vətəndaşın istənilən mənbədən informasiya almaq hüququ var. Bunlardan biri də azad məkan kimi facebookdur. İnsanlar buraya daxil olub, bir-birilərindən informasiya alırlar. Sən kimsən ki, vətəndaşları informasiya aldıqlarına görə axmaq adlandırırsan? Araz Əlizadə danışığını anlamayan bir adamdır. Sözlərinin başına ip salmaq lazım deyil. Çünki qeyri-ciddi, əxlaqi cəhətdən qüsurlu bir şəxsdir. Amma istənilən halda hər bir facebook istifadəçisi məhkəməyə verə, onu yerində oturda bilərlər”.

Related image
Facebookun fəal istifadəçilərindən olan AĞ Partiya rəhbəri Tural Abbaslı deputat barədə bu cür danışdı: “Mən düşünmürəm ki, Araz Əlizadə səviyyəli adamı bu qədər ciddiyə almaq doğrudur. Onun səviyyəsi və intellekti cəmiyyətə məlumdur; belə fikirlər səsləndirməsində də təəccüblü bir şey yoxdur, çünki adamın şəxsiyyəti budur. Hansısa tədbir görülməsi məsələsində isə güman edirəm ki, bu tədbiri xalq görməlidir və belə insanların hətta ”təyinatla” belə olsa Milli Məclisdə təmsil olunmasına göz yummamalıdır”.

Image result for Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli
Sosial şəbəkələrdən istifadə etməyən Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli həmkarı ilə parlamentin iclasında bu barədə danışacağını söylədi: “Özüm sosial şəbəkələrdə yoxam, amma partiyamızın mətbuat xidməti, müavinlərim və yaxınlarım oradadırlar. Belə ehtiyatsız cümlələri işlətməsinə, doğrusu, inana bilmirəm. Bəlkə deyə bilərdi ki, orada yaxşı adamlarla yanaşı, pis adamlar da var. Təbii ki, avara adamlar hər yerdə var. Bəlkə sözləri təhrif olunub? Hər halda, deputat yoldaşıq, mütləq bunu ondan soruşacam. Əgər hamını avara adlandırıbsa, şəxsən ona etiraz edəcəm. Çünki övladlarım, qohumlar və ən yaxın adamlar oradadırlar. Facebook həyatımızdır, həyatımızın aynasıdır. Vaxt var idi internet yox idi, insanlar ünsiyyətin başqa formalarından istifadə edirdilər. İndi isə facebook insanların ortaq ünsiyyət formasına çevrilib. Özündən bu məsələni soruşandan sonra qəti fikrimi deyəcəm”.

Image result for Fərəc Quliyev
Facebookda olan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev də həmkarını tənqid etdi: “Milyondan çox insan növbəyə düzülüb Araz Əlizadəyə ”ürək sözləri”ni demək üçün. Təbii ki, xoş olmayan ürək sözləri olacaq. Ona görə də növbəmi onlara buraxıram, nə deyirlər desinlər, onlarla razılaşacam. Orada olanları təhqir etməklə birbaşa özünü təhqir edir. Deputata bunlar yaraşmır. Başqa məsələlərə toxunmuram. Deputat parlamentdə səsləndirdiyi fikirlərinə görə məsuliyyət daşımır, amma bu o demək deyil ki, millətə, dövlətə xoş gəlməyən ifadələr işlədəsən. İctimai qınaqdan böyük cəza olmur. Şərəfli millətimiz var, onun bir cümləsi heç nəyi dəyişmir. Hər kəs məsuliyyətini dərk etməlidir”.

Image result for Aysel Əlizadə
Facebookdan aktiv istifadə edən yazıçı publisist Aysel Əlizadə hesab edir ki, bu cür deputatlar barədə artıq ölkə rəhbərliyi şəxsi fikir bildirməlidir: “Gerçəkdən onlar bizi təngə gətiriblər. Keçən dəfə Astan Şahverdiyev təhqir etdi. Ona olmazın sözlər deyildi. Bunlar mütləq nəzərə alınmalı idi. Bizim fikir bildirməyimizin əhəmiyyəti qalmayıb. Bu cür parlament buraxılmalıdır. Ola bilər ki, deputatların içərisində yaxşıları çox olsun, biz onları yaxından tanımayaq, amma bu status ayrı məsuliyyətdir. Müsahibə verərkən aid olduğun xalqı aşağılaya bilməzsən. Heç bir ciddi siyasətçi bunu edə bilməz. Bunlar deputatların müzakirə edəcəkləri məsələlər deyil. Xalq onlardan tamam başqa şeylər gözləyir. Facebook barəsində müasir dünyanın siyasətçiləri başqa cür danışmalıdırlar”.

Image result for Mirvari Qəhrəmanlı
Facebook istifadəçisi olan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bunları dedi: “Azərbaycanda çox adam düşünür ki, ona aid olan-olmayan, anladığı, yaxud anlamadığı məsələyə münasibət bildirməlidir. Son vaxtlar bu, deputatlar arasında da müşahidə olunur. Deputatlar onlara verilən suallara cavab verərkən daha ciddi olmalıdırlar. Cavab isə bəzən onların yerinin səhv düşdüyünü göstərir. Facebook istifadəçilərinə göndərdiyi mesaj da cənab Əlizadənin yerinin səhv düşdüyünə şübhə yaradır”.

musavat.com

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın