Ana səhifə / Siyasət / Deputat Həsən Nəbiyev kasıbları “alkaş” və “tüfeyli” adlandırdı, qalmaqal qopdu

Deputat Həsən Nəbiyev kasıbları “alkaş” və “tüfeyli” adlandırdı, qalmaqal qopdu

Rusiyanın Volqoqrad vilayəti Dumasının hakim “Vahid Rusiya” partiyasından deputatı, azərbaycanlı Həsən Nəbiyev pensiyasının azlığından şikayət edən aztəminatlı şəxsləri “alkaş” və “tüfeyli” adlandırıb. Virtualaz.org xəbər verir ki, deputatın bu çıxışı ciddi qalmaqal yaradıb, o cümlədən “Vahid Rusiya” partiyasının rəhbərliyi Nəbiyevin çıxışını pisləyiblər.

Deputat Nəbiyev bu qalmaqallı çıxışını martın 6-da vilayət Dumasının işləməyən pensiyaçıların pensiyalarının hesablanması və ödənilməsi ilə bağlı yeni qaydaları müzakirə etmək üçün çağırdığı təcili iclasda edib. Yeni qanuna əsasən bu cür pensiyaçıların aylıq pensiyalarına təxminən 500 rubl (8 dollara yaxın) əlavənin edilməsi nəzərdə tutulur.

Həsən Nəbiyev uzun müddət “Qazprom transqaz Volqoqrad” MMC şirkətinin rəhbəri olub. 1954-cü ildə Azərbaycanın Gədəbəy rayonunun Zəhmət kəndində anadan olan Nəbiyev 1976-cı ildən indiki “Volqoqradneftmaş” ASC-də işləyib. Mühəndis vəzifəsindən sex rəisi, daha sonra “Volqoqradneftmaş” ASC-nin filialı olan Kotelnikovsk armatur zavodunun direktoru vəzifəsinə qədər yüksəlib. 2004-2016-cı illərdə “Qazprom transqaz Volqoqrad” MMC-nin baş direktoru işləyib. 2003-cü ildən isə vilayət Dumasının deputatıdır.

“Mən sizlərin arasında ən iri rəhbər olmuşam, başçılıq etdiyim müəssisədə 6 minə yaxın adam işləyib. Bizim müəssisədə işləyənlərdən soruşun. Axı onların pensiyası yeddi-səkkiz min rubl deyil. Xeyli yuxarıdır. Ayda 16-17 min rubl pensiya alırlar. Bəzilərinin, hansılar ki, dəzgahlarda işləyiblər, qaynaqçı, çilingər olublar, pensiyası 20 min rublu keçir”-deputat çıxışında bildirib.

Həsən Nəbiyev deyib ki, pensiyası heç 10 min rubla da çatmayan volqoqradlılar ona “alkaşları və tüfeyliləri” xatırladır.

“Onların pensiyası ona görə səkkiz mindir ki, alkaş və tüfeylidirlər. Kimlər ki, normal işləyib, ayda 20-25 min, hətta daha çox alırlar”-deputat israrla deyib.

Həsən Nəbiyev aztəminatlı şəxslərin pensiyalarına əlavələrin edilməsini məqsədəuyğun saymayıb. Bildirib ki, belələri yoxsul olduqlarına görə özləri günahkardır. “Mən hesab edirəm: qoy bu artım 1000 rubl, 500 rubl olsun. Amma aztəminatlı onun özü olub. Özü özünə bu şəraiti yaradıb. Axı o normal adam ola bilərdi”-deputat bildirib.

Hakim partiyanın deputatı,  milyonçu (2017-ci ildə rəsmi gəliri 18 milyon rubl olub) Nəbiyevin bu çıxışı dərhal günün mövzusuna çevirib və sosial şəbəkələrdə hiddətə səbəb olub. Deputata dərhal öz gəlirlərini xatırladıblar. “Vahid Rusiya” partiyasının regional şöbəsinin Katibi Sergey Qornyakov deyib: “Bu gün Volqoqrad Dumasının növbədənkənar iclasında deputat Həsən Nəbiyev aztəminatlı şəxslərin maddi vəziyyətlərinə görə özlərinin günahkar olduğunu deməyi rəva bilib. Təbii ki, bu deyilənlər ictimaiyyətin hiddətinə və narazılığına səbəb olub. Qeyd edirəm ki, bunlar sırf Həsən Nəbiyevin mövqeyidir. Partiyamızın fraksiyasının bu məsələ ilə bağlı tutduğu mövqe ilə heç bir əlaqəsi yoxdur”.

Qornyakov deyib ki, deputat ancaq şəxsi informasiyasına əsaslanıb bu cür qəti qənaətə gəlməli deyildi. “Əlbətdə, onun kimi dövlət adamları bu cür populist çıxışlar etməyi özlərinə rəva görməli deyillər. Şübhəsiz ki, cüzi pensiyanı vətən naminə vicdanla işləmiş adamlar alırlar. Ona görə də bu cür adamlar danışmazdan əvvəl yaxşıca düşünməlidir. Partiyanın regional şöbəsi deputat Həsən Nəbiyevin çıxışına görə vətəndaşlardan üzr istəyir”-o bildirib.

“Vahid Rusiya” partiyasının yerli şöbəsinin digər nümayəndələri də Nəbiyevin çıxışını pisləyiblər. Qərara alınıb ki, deputatın çıxışını Dumanın etika komissiyasının xüsusi iclasında müzakirə etsinlər.

“Biz Volqoqrad vilayət dumasında baş vermiş insidenti müzakirə edəcəyik. Bu hiddət doğuran bəyanatı qiymətləndirəcəyik və deputat Həsən Nəbiyevin “Vahid Rusiya” partiyasının sıralarında qalıb-qalmaması məsələsini müzakirə edib qərar çıxaracağıq”-Dumanın təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin rəhbəri, etika Komissiyasının sədr müavini Vasili Piskaryev deyib.

Qeyd edək ki, Azərbaycanda da vaxtaşırı olaraq deputat Hadı Rəcəbli təxminən Həsən Nəbiyev kimi bəyanatlar verir və nəticədə sosial şəbəkələrin, mətbuatın hədəfinə çevrilir.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …