Ana səhifə / Gündəm / “Daxili siyasət kursunda hakimiyyətlə razılaşa bilmərik” – MÜSAHİBƏ

“Daxili siyasət kursunda hakimiyyətlə razılaşa bilmərik” – MÜSAHİBƏ

“Onlar bu addımları ilə hakimiyyətin əlinə oynamış olurlar”

 

Arpelin 11-də ölkədə keçiriləcək prezident seçkilərində iştirakla bağlı iddiasını ortaya qoyan namizədlərlə müsahibələrimizi davam etdiririk. Bundan əvvəl iki namizədlə analoji məzmunu əhatə edən müsahibəmiz olub. Onlardan biri ilə müsahibin ofisində görüşmüşük, digəri isə redaksiyamıza təşrif buyurmuşdu.

Bu məqamı ona görə xatırladırıq ki, yəni biz müsahibənin alınması üçün namizədlər qarşısında “mütləq redaksiyaya gəlməlisən” kimi şərt də qoymuruq. Maksimum dərəcədə çalışırıq ki, onlar üçün fikirlərini ifadə etmək rahat olsun. Rubrikamızın budəfəki qonağı uzun müddət siyasi arenadan tanıdığımız Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevdir. Digər iki müsahiblərimizdən fərqli olaraq, Fuad müəllimi bir qədər başqa statusda təqdim edə bilərik. Namizədliyi MSK tərəfindən rəsmən qeydiyyata alınan  Fuad Əliyev! Çünki Fuad müəllim artıq birinci mərhələni uğurla başa vurub. Məlumdur ki, namizədlərin ortaya qoyduqları iddialarının rəsmiləşməsi bir neçə prosedurdan keçir. Onunla daha çox bundan sonrakı mərhələlər barədə söhbət etdik. Fuad müəllim müraciətimizə müsbət cavab verdi. Redaksiyaya gələ biləcəyini və hətta bizi ofisində qəbul etməyə hazır olduğunu bildirdi. Ancaq məkanlar arasındakı məsafə uzaq olduğu üçün, onunla telefonla söhbətləşmək qərarına gəldik. Beləliklə, müsahibimiz prezidentliyə namizədliyi rəsmən qeydə alınan Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevdir.

– Fuad müəllim, namizədliyinizin rəsmən qeydiyyata alındığını eşitdik. Düzdür?

– Bəli, fevralın 14-də mənim namizədliyim rəsmən qeydə alınıb.

– Bu münasibətlə sizi təbrik edirik. İstərdik sonrakı addımlarınızın necə olacağı barədə danışasınız?

– Təşəkkür edirəm. Siz də bilirsiniz ki, bu, mərhələli bir prosesdir. Ən çətin mərhələ bizi qarşıda gözləyir. İmza vərəqələrinin alınması, onların doldurulub təhvil verilməsi və sonra yoxlanılıb təsdiq olunması. Bu prosesə də tam hazırıq. Demək olar ki, startdayıq.

– Digər müxalif partiya sədrlərilə müqayisədə sizin seçkilərdə təcrübəniz çox olmalıdır. Bundan əvvəlki prezident seçkilərində də iştirak edibsiniz axı. Bu sizə əlavə avantaj verirmi?

– Bəli, mən 2008-ci il prezident seçkilərində namizəd olmuşam. 2013-cü ildə isə təəssüflər olsun ki, MSK bizim imzalarla bağlı başqa qərar çıxardı və bu səbəbdən həmin marafondan kənarda qaldıq. Biz həmin qərarla razı deyildik. Bu onu deməyə əsas verir ki, biz seçkilərdə iştirakla bağlı xeyli təcrübəsi olan partiyayıq. 2013-cü ildəki prezident seçkilərində başqa bir namizədi dəstəklədik. Bu müddət ərzində topladığımız təcrübə bizə prosesi bir qədər asan keçməyə kömək edəcək.

– Yəni deyirsiniz ki, 40 min imzanı toplamaq sizə asan olacaq. Hər halda xırda rəqəm deyil. Yalnız partiyanın daxili resursları hesabına bu işin öhdəsindən gələcəksiniz?

– Bəli, 40 min keçərli imza olmalıdır, ancaq 45 min təqdim etməliyik. Biz bu prosesə keçən ildən hazırlaşırıq. İmza toplamaq üçün bizim 100-ə yaxın ixtisaslaşmış adamımız var. Start verən kimi onlar öz işlərini görəcəklər. Biz keçən il aprelin 11-də partiyamızın qurultayını keçirdik. Elə həmin vaxtdan da bu proses gedir. Düzdür, seçkilərin vaxtı irəli çəkilməsəydi, hazırlığımız lap yuxarı səviyyədə olardı.

– Fuad müəllim, yaxşı məqama toxundunuz. Bəziləri məhz vaxtın irəli çəkilməsini əsas gətirərək boykota gedir. Bəziləri isə hesab edirlər ki, partiya istənilən situasiyaya hazır olmalıdır. Görünür, siz ikinci fikri dəstəkləyənlərdənsiniz?

– Boykot çıxış yolu deyil. Partiya seçkidə iştirak etməyəcəksə, onda niyə mövcuddur? Söhbət mühüm olan prezident seçkisindən gedirsə, xarici təcrübədən də bəllidir ki, buna hazırlığa bir il əvvəl start verilir. Mən altı aylıq müddəti bəhanə edib boykota gedənlərin arqumentlərini ciddi saymıram və bunu demaqogiya kimi qiymətləndirirəm.

 

– Hakimiyyət namizədilə mübarizə aparmaq sizə çətin olmayacaq ki? Nə əcəb seçkiyə bir neçə partiyanın dəstəyilə deyil, yalnız LDP-nin namizədi olaraq qatıldınız?

– Bizim belə bir təşəbbüsümüz olub. Keçən il “Namizədlər klubu”nun yaradılması ilə bağlı ideya irəli sürdük. Yəni iddialı olan namizədlər kluba daxil olacaqdı və onların sırasından vahid namizəd müəyyənləşəcəkdi. Bu təklifimizi partiyalar qəbul etmədiyi üçün, ideyamız keçərli olmadı.

– Sizin partiyanızın adından da görünür ki, bəlli bir ideoloji platformanı dəstəkləyirsiniz. Yəqin ki, seçkilərdə öz platformanızı da elan edəcəksiniz. Azərbaycan seçicisi sizdən fərqli bir şey eşidə biləcəkmi?

– 2008-ci il prezident seçkilərində iştirak edəndə 7 namizəddən biri olmuşuq. 6 namizədin, demək olar ki, hamısı eyni platforma üzrə danışırdı. Yenə məsələlərə fərqli ideoloji yanaşma ortaya qoymurdular. Biz öz partiyamızın kursuna uyğun təbliğat apardıq və fərqlilik yarada bildik. Bu seçkilərdə də belə olacaq. Müasir zamana uyğun olan platformamız hazırdır. Hesab edirəm ki, hüquqşünas və iqtisadçılarımız fərqli və cəlbedici təkliflər hazırlayıblar. Bunları elan edə bilsək, hakimiyyətin xeyli tərəfdarını ətrafımıza çəkə biləcəyik. Sözsuz ki, hakimiyyət əlindəki bütün resurslardan istifadə edəcək. Ona görə də qalib gəlmək asan deyil. Yeganə yolumuz budur ki, seçiciyə düzgün məlumat çatdıraq. Azərbaycan seçicisi fərqli təklifləri gözləyir.

– Müxalif partiya kimi hakimiyyətin hansı tərəflərini daha çox tənqid edəcəksiniz?

– Daxili siyasət kursunda biz hakimiyyətlə heç cür razılaşa bilmərik. Xüsusilə də iqtisadi məsələlərdə biz fərqli təkliflər irəli sürəcəyik. Xarici siyasət kursunu da tənqid edəcəyik. Yeganə razılaşdığımız məqam Dağlıq Qarabağla bağlı yürüdülən siyasətdir. Ümummilli bir problem olduğu üçün, biz bu məsələdə hakimiyyətin yanında dura bilərik. Biz hesab edirik ki, daha çox Qərbə meyllənməliyik. O modelə uyğun ölkə qurmalıyıq. Hakimiyyət isə bu məsələyə ehtiyatlı və balanslı yanaşır.

– Boykot yolunu seçən müxalif partiyalar seçkidə iştirak edən namizədləri sərt tənqid edir və ən əsası da seçki immitasiyasında günahlandırırlar. Bu ittihamı qəbul edirsinizmi?

– Mən bu fikirləri səviyyəsiz adlandırıram. Hər kəs öz savadına və səviyyəsinə görə məsələyə münasibət bildirir. Buna mən nə deyə bilərəm? Seçkidə iştirak edənləri təhqir etmək yox, onlara köməklik göstərmək lazımdır ki, müxalifət qalib gəlsin. Onlar bu addımları ilə hakimiyyətin əlinə oynamış olurlar.

– Hansı təbliğat üsullarından istifadə edəcəksiniz və həmin işləri görmək üçün maddi vəsaitiniz varmı?

– Biz gücümüzü seçicilərlə fərdi görüşlərin təşkilinə qoyacağıq. Sosial şəbəkələr bizə lazım olan auditoriyanı əhatə etmir. Düzdür, orada say çox ola bilər, ancaq keyfiyyət bizi qane etmir. Siyasətlə maraqlananların sayı o qədər də çox deyil. Ancaq istərdik ki, hakimiyyət bizim görüşlərimizə mane olmasın.

– Seçkiyə tam qələbə qazanmaq əzmi ilə gedirsiniz, yoxsa başqa məqsədləriniz var?

– Mən seçkiyə tam qələbə əzmi ilə gedirəm. Sadəcə, seçiciyə lazım olan fikirləri çatdırmağı bacarmalıyıq. Bizim çıxışlar onları cəlb edəcək. Mən bilirəm ki, hazırda xalqın nəyə ehtiyacı var.  Qələbə çalmaq nədir? Seçicini inandır ki, sənə səs versin. Bu, yetər!

– Belə çıxır ki, siz digər müxalif partiyalardan bu məsələdə də fərqli düşünürsünüz və seçkinin tam şəffaf keçəcəyinə inanırsınız?

– Tam şəffaflığa inanmıram. Hakimiyyət maksimum dərəcədə öz inzibati resurslarından istifadə edəcək ki, qalib gəlsin. Bir misal çəkim. Son seçkilərdə Avstriyada müxalifət partiyası seçkini uddu. Orada olursa, bizdə niyə ola bilməz? Hələ ki, işlər normal gedir. Qarşıdakı mərhələləri də belə keçə bilsək, hər şey yaxşı olacaq. Hansı hakimiyyət adama kreslosunu könüllü verər ki? Mübariz olmalıyıq və qələbəyə inanmalıyıq.

– Sizinlə eyni ideologiyanı paylaşan bir partiya Rusiyada çox populyardır. Söhbət Jirinovskinin partiyasından gedir. Onların bir köməyi olacaqmı sizə?

– Bizim onlarla münasibətlərimiz olub. Ancaq 2008-ci ildə kəsmişik. Həmin vaxtdan sonra heç bir əlaqəmiz yoxdur. Ancaq Avropadakı liberal-demokratlarla təmaslarımız var və olacaq.

– Sirr deyilsə, seçkidə xərclənəcək vəsaiti hardan əldə edəcəksiniz?

– Şükür Allaha, bizim maliyyə sarıdan çətinliyimiz yoxdur. Bizə çoxlu sayda iş adamı dəstək verir. İkinci mərhələni keçsək, ianələr daha da artacaq. Bütün kampaniyanı aparmaq gücündə olacağıq.

– Maraqlı fikir səsləndirdiniz. Yəni Azərbaycanda siyasətə sərmayə qoymaqda maraqlı olan iş adamları var? Özü də müxalifət partiyasına…

– Təbii ki, var. Onlardan çoxu bizim partiyanın üzvləridirlər. Son 9 ildə apardığımız dürüst siyasətlə bu rəğbəti qazana bilmişik. Bu səbəbdən də biz seçkiyə arxayın gedə bilirik. Seçkilərin vaxtının dəyişməsi bir qədər işimizə korrektələr etdi. Yenə də nikbinik.

– Aydındır ki, marafonun qalibi prezident olur. Bəs məğlubiyyətə uğrayan olsanız nə edəcəksiniz, sizdə hansısa dəyişikliklər olacaqmı?

– Bizdə məğlubiyyətin etirafı ilə bağlı problem var. Ancaq mən burda qəbahət nəsə görmürəm. Çünki məntiqi baxımdan da yanaşdıqda məlumdur ki, marafonda bir qalib olmalıdır. Mən qalib gələn siyasətçini təbrik edəcəm, ona işlərində müvəffəqiyyət arzulayacam. Sonra da yenə siyasətlə məşğul olacam. Çünki biz  hələ partiyamızı lazım olan hədəflərə çatdıra bilməmişik ki, yolun yarsından qaçaq.

– Əvvəlki seçkilərdə qalib namizədi təbrik edibsiniz?

– Bəli, etmişəm.

– Seçkinin gedişi zamanı namizədliyinizi hansısa müxalif liderin xeyrinə geri götürə bilərsiniz?

– Mən sona qədər gedəcəm və özümdən daha güclü və şanslı namizəd görmürəm ki, dediyiniz addımı atmış olum.

Müsahibəni hazırladı:
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …