Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Daha 9 deputat mandatsız qala bilər?

Daha 9 deputat mandatsız qala bilər?

İstənilən 125 dairədə nəticələr o halda ləğv edilə bilər ki, narazı qalmış namizədin (və ya namizədlərin) üç məhkəmə instansiyasına müraciəti olsun; Konstitusiya Məhkəməsi hansısa dairədəki nəticəni özbaşına ləğv edə bilməz

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın dostu olan “Azəriqazbank”ın rəhbəri Çingiz Əsədullayevin qələbəsinin tanınmaması daha bir neçə nəfərin də mandatının alınacağı barədə iddialara səbəb olub. Xatırladaq ki, bir neçə gün əvvəl Mərkəzi Seçki Komissiyası Çingiz Əsədullayevin deputat seçildiyi 90 saylı Ağdaş seçki dairəsinin nəticələrini şikayətləri əsas gətirərək ləğv edib. Bu qərardan iki gün sonra isə MSK 124 deputatın siyahısını təsdiq etmək üçün Konstitusiya Məhkəməsinə göndərib.

İstiqlal.az saytı isə xəbər verir ki, Konstitusiya Məhkəməsi daha 9 dairədə seçkilərin nəticələrini ləğv edə bilər. İddia olunur ki, Ziyad Səmədzadənin deputat seçildiyi 23 saylı Nəsimi-Səbayel, Azər Badamovun deputat seçildiyi 51 saylı Qusar, Malik Həsənovun deputat seçildiyi 67 saylı Cəlilabad şəhər, Fəzail İbrahimlinin deputat seçildiyi 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, Jalə Əliyevanın deputat seçildiyi 92 saylı Zərdab-Ucar, Naqif Həmzəyevin deputat seçildiyi 38 saylı Nizami ikinci(Gəncə), Hacı Salayevin deputat seçildiyi 44 saylı Sumqayıt-Xızı, Mirkazım Kazımovun deputat seçildiyi 68 saylı Cəlilabad kənd və İmamverdi İsmayılovun deputat seçildiyi 125 saylı Zəngilan-Qubadlı seçki dairələrində nəticələrin ləğv olunacağı gözlənilir.

Sayt bildirir ki, Ziyad Səmədzadə, Azər Badamov, Naqif Həmzəyev, Fəzail İbrahimli, Hacı Salayev və İmamverdi İsmayılov Eldar Mahmudova yaxınlığı və ya qohumlarının keçmiş MTN şefinin şəbəkəsinin üzvü olduğuna görə hədəfə gəlib. Jalə Əliyeva vurulmuş nazirlərdən birinə yaxın olduğuna görə, Malik Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı olduğuna, Mirkazım Kazımov isə adıçəkilən komitə sədrinə yaxın şəxs olduğuna görə “vurulur”. Qeyd edək ki, son günlər Kərəm Həsənovun da adı “MTN işi”ndə tez-tez hallanır.

“Yeni Müsavat”ın bu məsələ ilə bağlı araşdırması nəticəsində məlum oldu ki, parlament seçkilərinin nəticələrinin təsdiqi “Konstitusiya Məhkəməsi haqqında” Qanunun yeddinci fəslinin 54-cü maddəsində əks edilib. Göstərilir ki, Konstitusiya Məhkəməsi Milli Məclis seçkilərinin nəticələrinin düzgünlüyünü yoxlayır və təsdiq edir. Seçkilərin nəticələrinin düzgünlüyünü yoxlamaq üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası Konstitusiya Məhkəməsinə materiallar daxil olduğu gündən ən geci 10 gün keçənədək başlanmalıdır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.
Qanunda göstərilir ki, Konstitusiya Məhkəməsi apelyasiya instansiyası məhkəmələrindən və Ali Məhkəmədən seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə baxılmış ərizələr haqqında məlumat tələb edir. Bu, çox mühüm bir amildir və seçkilərin nəticələrinin ləğv edilməsi barədə iddialara tam aydınlıq gətirir. Bu o deməkdir ki, istənilən 125 dairədə nəticələr o halda ləğv edilə bilər ki, seçkinin nəticələrindən narazı qalmış namizədin (və ya namizədlərin) üç məhkəmə instansiyasına müraciəti olsun. Yəni bu prosedur sənədlər olmadan Konstitusiya Məhkəməsi hansısa dairədəki nəticəni özbaşına ləğv edə bilməz. Məhz bu səbəbdən də Konstitusiya Məhkəməsi apelyasiya instansiyası məhkəmələrindən və Ali Məhkəmədən seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə baxılmış ərizələr haqqında məlumat tələb edir.

Qanuna görə, Milli Məclisə seçkilərin nəticələrinin düzgünlüyünü yoxlamaq üçün keçirilən Konstitusiya Məhkəməsi Plenumunun iclasında Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri, habelə Konstitusiya Məhkəməsi tərəfindən dəvət edilmiş digər şəxslər iştirak edirlər. Konstitusiya Məhkəməsinin Plenumu yoxlama nəticəsində Milli Məclisə seçkilərin nəticələrinin bütövlükdə təsdiq edilməsi, qismən təsdiq edilməsi və ya təsdiq edilməməsi barədə hakimlərin 5 səs çoxluğu ilə qərar qəbul edə bilər.

Konstitusiyanın 88-ci maddəsinin I hissəsinə görə 83 deputatın səlahiyyətləri təsdiq edilməzsə, Konstitusiya Məhkəməsi hətta Milli Məclisinin ilk iclasının keçirilməsi vaxtını da təyin edir. Bu məsələ haqqında Konstitusiya Məhkəməsinin Plenumunun qərarı hakimlərin azı 5 səs çoxluğu ilə qəbul edilir.

Xatırladaq ki, 2010-cu ildə Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın ləğv etdiyi 46 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib. Ümumilikdə bütün dairələr üzrə seçkinin nəticələri təsdiqlənib.

Konstitusiyanın 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə, hakimlər prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına 7 hakim təyin olunduqda başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar. Səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz. Məhkəmənin sədri və sədr müavini də prezident tərəfindən təyin edilir.

Yeri gəlmişkən, prezidenti İlham Əliyev parlament seçkilərinin nəticələrinin Azərbaycan xalqının iradəsini tam ifadə etdiyini deyib. “Yüzlərlə xarici müşahidəçi seçkilərə çox müsbət qiymət verib. MDB-nin, Avropa Şurası Parlament Assambleyasının müşahidəçi missiyaları seçkilərin demokratik, ədalətli, şəffaf keçirilməsi ilə bağlı öz rəsmi rəylərini açıqladılar. Digər beynəlxalq qurumların nümayəndələri də seçkiləri yüksək qiymətləndirdilər” deyə, prezident vurğulayıb.

Beləliklə, ortaya çıxan mənzərə Konstitusiya Məhkəməsinin bir neçə dairədə seçkilərin nəticələrini ləğv etməyəcəyini göstərir.

 

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın