Ana səhifə / Siyasət / Dəfn qaydaları dəyişdirilir

Dəfn qaydaları dəyişdirilir

Hər zaman mübahisə mövzusu dəfn mərasimləri qaydalara əsasən aparılacaq. Azərbaycanda insanın dəfn edilməsi qaydaları, qəbirlər, məzar daşları və onların ölçüləri ilə bağlı qanun layihəsi hazırlanır. Yeni qaydalara görə, təzə qəbiristanlıqlarda ailəvi məzarlıqlara icazə verilməyəcək.

Yalnız ər və arvadın vəsiyyətnaməsinə əsasən onun yanında həyat yoldaşını basdırmaq üçün bir yer saxlanıla bilər. Digər qohumlar isə qəbiristanlığın qeydiyyat kitabındakı nömrələnmə siyahısına uyğun basdırıla bilər. Hər bir məzarın ümumi sahəsi 5 kvadratmetr olacaq. Məzarın içi 1 metr, uzunluğu isə 2 metr, baş daşının hündürlüyü 60 santimetr, eni 40 santimetr kimi müəyyənləşdirilir. Sinə daşının yerdən olan hündürlüyü isə 30 santimetr kimi nəzərdə tutulub.

Azərbaycanda dünyasını dəyişən insanların dəfni ilə bağlı bütün xərclərin dövlət və bələdiyyələr tərəfindən ödənilməsi təklif edilir. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hələ ötən il qəbrin yerlərinin icra hakimiyyəti orqanları, yaxud bələdiyyələr tərəfindən vətəndaşlara verildiyini deyib: “Ancaq qəbrin hazırlanması, qəbir daşının sifarişi, qoyulması, ümumiyyətlə, dəfn prosesinin təşkili xərclərini vətəndaşlar ödəyirlər”.

Ümumiyyətlə, uzun zamandır dəfn mərasimlərində müəyyən dəyişikliklər, bahalı və təmtəraqlı qəbirlərə qadağa qoyulması ilə bağlı müzakirələr gedir. Təəssüf ki, Azərbaycanda elə qəbir daşları var ki, sadəcə, oturub tamaşa etmək istəyirsən və fikirləşirsən ki, bu cür qəbir daşı qoyduran insanın məqsədi nədir. Qonşu ölkələrin qəbiristanlıqlarına nəzər salsaq, orada ölülərin standart qəbirlərdə, baş daşları ilə dəfn olunduğunu görərik. Bir çox ölkələrdə Azərbaycanda olduğu kimi VİP qəbirlər və qızıl qiymətinə bərabər olan baş daşı anlayışı yoxdur.

Dəfn qaydaları haqqındakı qanuna öz münasibətini bildirən ilahiyyatçı Bəhruz Camal bu dəyişikliklərin çoxdan edilməli olduğunu bildirdi: “Əslində bu dəyişikliklər çoxdan olunmalı idi. Çünki qəbiristanlıqlara daxil olduqda sosial və ictimai statuslardakı fərqlilikləri görmək mümkün idi. Halbuki varlısının da, kasıbının da özü ilə apardığı yalnız bir neçə metr bez parçasından artıq bir şey deyil”.

Məzar daşları və onların ölçüləri ilə bağlı məsləyə gəlincə isə şəriət baxımından qəbirin dərin olmasının vacibliyini bildirən ilahiyyatçı bunun həm də qəbirlər arasındakı varlı-kasıb təbəqələşməsinin aradan qaldırılması üçün atılan bir addım olduğunu dedi: “Əslində şəriət baxımından qəbirin dərinliyi o qədər olmalıdır ki, vəhşi heyvanlar və sairə tərəfindən meyitin iyinə əsasən cənazənin çölə çıxarılması ehtimalı olmasın. Lakin baş daşlarının və qəbirlərin uzunluğunun da eyniləşdirilməsi qərarı, çox güman ki, dəbdəbəli məzarlıqların alternativi olaraq səliqə sahmanlı olması və qəbirlərin birinin digərindən seçilməməsi üçün qərara alınıb”.

Günel MANAFLI

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın