Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Çox vaxt bilmirik ki, sürücü kimin oğludur” – Kamran Əliyev

“Çox vaxt bilmirik ki, sürücü kimin oğludur” – Kamran Əliyev

Baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi qəza ölkədə böyük rezonansa səbəb oldu. Bu qəza məmurların, yüksək vəzifəli şəxslərin övladları və ya qohumları tərəfindən törədilən qəzalar və onların qurbanlarının media tərəfindən yenidən işıqlandırılmasına əsas verdi. Dəfərlərlə xəbərdarlıq edilməsinə və haqlarında sərt tədbirlər görüləsinə baxmayaraq, analoji hallar azı hər il təkrarlanır.

Son hadisədən sonra adları “qara siyahı”ya düşən digər “avtoş” məmur övladlarına qarşı hər hansı qabaqlayıcı tədbirlərin görülüb-görülməyəcəyi ilə maraqlandıq. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, yol polisi əməkdaşları tərəfindən mütəmadi olaraq reydlər keçirilir. Sərxoş sürücülərin aşkarlanmasında, kobud qayda pozuntusuna yol verən sürücülərin qarşısını almaq istiqamətində tədbirlər görülür:

“Nə qədər ki, nəqliyyat vasitələri, hərəkət var, nə qədər ki, intizamsız sürücülərimiz var, sözsüz ki, belə hadisələrə rast gələcəyik. Amma düşünürük ki, digər sürücülər də, ən çox da yüksək sürət həvəsində olanlar belə gözlənilməyən qəzalardan nəticələr çıxaracaqlar. Yəni fikirləşmək lazım deyil ki, mən təcrübəli sürücüyəm heç vaxt qəza törətməyəcəm. Qayda pozulursa qəza qaçınılmaz olur. Bunu hər kəs nəzərə almalıdır.

Hər halda hamı görür ki, elə sürücülər haqda hansı tədbirlər görülür. Hətta məmur övladlarını himayə edənlər, valideynləri haqda da hansı tədbirlər görülür. Belə xoşgəməz hallardan, insan ölümü ilə nəticələnən qəzalardan bir nəticə çıxarmalıdırlar. Axı, hər kəsə bir-bir deyə bilmərik. Konkret kiminsə qapısını döyüb deyə bilmərik ki, filankəs sən bu hadisədən nəticə çıxarmısan ya yox. Lap məmur övladı da olsa, qayda-qanuna ciddi riayət edirsə, indi nə vaxtsa bir inzibati xəta törədibsə, qayda pozuntusuna yol veribsə bununla bağlı nə demək olar. Qayda pozuntusuna hər bir sürücü yol verə bilər. Hər halda bilmədən bir qayda pozuntusuna yol veribsə bunu ictimailəşdirib qınaq obyektinə çəkməyin özü də düzgün olmaz.

– Nail Allahverdiyevin dəfələrlə yol hərəkəti qaydalarını pozması və bununla bağlı xəbərdarlıqlar almasına dair xəbərlər var. Ola bilər ki, yol polisinin yüksək vəzifəlilərin övladlarına və ya yaxınlarına qarşı tutduğu “yumşaq”, güzəştli mövqe onlarda cəzalandırılmayacaqlarına dair müəyyən “rahatlıq” yaratmış olsun?

-Hər kəsin törətdiyi xətaya görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulub. Fərqi yoxdur bu kimin tərəfindən törədilir. Sürücünün hansısa statusunun olub-olmamasından asılı olmayaraq qayda pozuntusu eyni qayda pozuntusu və məsuliyyət də əsas etibarilə eynidir. Nail Allahverdiyevin hər dəfə inzibati xətalardan yayındığını demək düzgün olmaz. Əgər onun haqqında protokol olubsa, protokola uyğun həmin şəxs inzibati məsuliyyət daşıyıb. Mən dəqiq bilmirəm həmin sürücü il ərzində nə qədər xəta törədib. O, inzibati xətaların özündən bir nəticə çıxarmalı idi.

–  “Avtoş”luq edən vəzifəli şəxslərin yaxınları ilə bağlı müəyyən siyahınız varmı? Heç dəfələrlə yol-hərəkəti qaydalarını pozan və xəbərdarlıq alan məmur övladları ilə bağlı ailələrinə müraciətlər edilibmi?

-Konkret məmur övladları üçün xüsusi məlumat hazırlamamışıq. Amma ümumilikdə hərəkət iştirakçıları üçün zaman- zaman məlumatlar, müəyyən mövzularda məlumat müraciətlər hazırlayırıq. Məsəl var, görünən dağa nə bələdçi. Konkret fakt görünür, bununla bağlı təkrar müraciətə nə ehtiyac var. Hər kəs görür ki, kim hansı qəzanı törədib və hansı cəzanı alıb. Bu kifayət etmirmi? Biz çox vaxt bilmirik ki, sürücü kimin oğludur”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın