Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Çovdarovun belə şantajlarının sayı hələ çox olacaq” – MTN polkovnikindən ilginc açıqlama

“Çovdarovun belə şantajlarının sayı hələ çox olacaq” – MTN polkovnikindən ilginc açıqlama

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun vəkili vasitəsilə verdiyi son açıqlama gündəmi qarışdırıb. General açıq şəkildə bildirib ki, danışsa, agentura şəbəkəsi ifşa olunar.
Sabiq rəisin təhdid dolu açıqlaması təkcə bununla bitmir. Agenturaya sərf olunan məbləğləri mənimsəməkdə ittiham olunan Çovdarov həmin məbləği bu istiqamətə sərf etdiyini bildirərək, bunu açıqlayacağı təqdirdə Azərbaycanda rüsvayedici vəziyyətin yarana biləcəyini vurğulayıb. Generalın ciddi müzakirələrə səbəb olan açıqlamasında əsas diqqətçəkən məqam bunlardır: “Müәyyәn qüvvәlәr prokurorluğun әli ilә məni agentura şəbəkəsini ifşa etməyə məcbur edirlər. Həmin pullar 2013-2015-ci illər arasında agenturaya sərf olunub. Mənim dövlәtçiliyin maraqlarını qorumaq mәqsәdi ilә susmağımdan istifadə edərək, barəmdə əlavə ittiham irəli sürdülər.
Bilirlər ki, xüsusi əhəmiyyətli sirri açan deyiləm. Mən ancaq bu sirri dövlət rəhbərliyinin razılığı ilə aça bilərəm. Buna isə razı olmazlar. Bu zaman kəşfiyyat və əks-kəşfiyyat deşifrə olar. Mənə qarşı saxta ittihamlar irəli sürüldü. Qeyd etdiyim qüvvələr dövlətin çətinə düşməsinə bilәrәkdәn göz yumurlar. Bütün bu hərəkətlə mənə qarşı deyil, məndən istifadə etməklə birbaşa dövlətə qarşı hərəkətlər edirlər. Həmin pullar bir qəpiyinə qədər dövlət təhlükəsizliyinə xərclənib. Dövlət rəhbərliyinin göstərişi ilə ittihamda göstərilən məbləğlərin hər bir manatına qədər hesabat verə bilərəm”.
Image result for milli təhlükəsizlik
A.Çovdarovun bu açıqlamasının ardından onun keçmiş həmkarları tərəfindən sərt təpkilər gəlməyə başlayıb. Sabiq MTN-çilər bu orqanda vaxtı ilə çalışan şəxsin bu tipli açıqlama verməsini sərt şəkildə qınayırlar.
Keçmiş MTN polkovniki İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında Çovdarovun bir çox sirləri bildiyini söylədi:”Onun tutduğu vəzifə elə yer olub ki, nəticədə bir çox sirləri bilib. Ən azı özünün görüşdüyü agentlər, tabeliyində olan əməliyyat işçilərinin, şöbə rəislərinin görüşdüyü agentlərin hamısı ilə olmasa da, məşhurları ilə tanışdır. Burada söhbət sıravi agentlərdən deyil, dəyərli agentlərdən gedir. Bir də söhbət respublikada populyar olan şəxslərdən gedir. Həmin şəxslər MTN-in agentura şəbəkəsinin üzvü olublar. Agentlər düşmən deyillər, onlar dövlət tapşırıqlarını icra edirlər. Amma qeyd edim ki, Çovdarovun dedikləri birbaşa şantajdır. Çünki Çovdarov qol çəkib işə daxil olanda da, işdən çıxanda da söz verib ki, xidmətdə olduğum müddətdə mənə məlum olan sirləri heç vaxt heç yerdə açıqlamayacam. Bunu yazılı və şifahi şəkildə edir.
Image result for Çovdarov
Bunlara əməl etməsə, qanunvericiliklə cinayət məsuliyyətinə cəlb oluna bilər. Amma indi o, başqa məsələlərlə onsuzda cinayətə cəlb olunub. Ola bilsin ki, nələrisə bilsin. Amma Çovdarov nə etmək istəyir?
Onu azad etmək mümkün deyil. Çox təəssüf ki, bu işin kökündən yanlışlıq var idi. Bu, düzgün olmayan şəxslərin nazir, nazir müavini və digər yüksək vəzifələrə yerləşdirilmələri idi. İlk günah buradan başlayır. Çünki Çovdarov tipli şəxslərin nə zamansa bildikləri sirləri açması mümkündür. Bu baxımdan, o danışa bilər, çünki itiriləsi bir şeyi qalmayıb. Sirləri açarsa, ölkədə vəziyyətin gərginləşə biləcəyini deyir. Bəli, tam gərginləşməsə də, müəyyən qruplar arasında vəziyyət doğrudan da gərginləşər. İndiki Dövlət Təhlükəsizlik Xidmətinin də agentura şəbəkəsinə ciddi zərbə vurmuş olar.
Çünki perspektivdə agent cəlb etmək də çətin olacaq, indiki agentura da görüşlərdən qaçacaq. Heç kimin qarantiyası olmayacaq ki, səhərisi gün Çovdarov onlardan kiminsə adını açıqlamayacaq. Çovdarov faktiki şantajla məşğuldur. Amma burada əsası olan şantaj var. O, bilir ki, kimlərlə işləyib, sıradan agentlər olmayıblar.
Söhbət siyasi nöqteyi-nəzərdən gedir. Azərbaycanda populyar olan jurnalistlər, siyasi xadimlər və digər şəxslər burada əsasdır. Onun tutduğu vəzifə elə idi ki, bilirdi, kimlərlə, hansı ranqlı şəxslərlə işləyir. Bu baxımdan bunun adı şantajdır, amma əsası olan şantajdır. Bir şəxsin adını açıqladı, yüzünü açıqladı, fərqi yoxdur, birbaşa cinayət məsuliyyətidir”.
Image result for İlham İsmayıl
Sabiq MTN-çi Çovdarovun həyatına olan təhlükələrdən də danışdı:”Həyatına təhlükə ola bilər. Dövlətçilikdə bir, yaxud yüz adamın ölməsi təəccüblü deyil. Söhbət burada Azərbaycan dövlətçiliyinin əsaslarından gedir. Onun şantaj etdiyi məsələlər də dövlətçiliyimizin əsaslarına aiddir. Çünki dövlətin bel sütunlarından biri onun xüsusi xidmət orqanıdır. Bel sütun da agenturadır. Bütün bunlar bir daha dərs olmalıdır ki, kimi bu orqana götürəcəksiniz, kimlərlə işləyəcəksiniz. 21 ildir işdən çıxmışam, müxalifətdə də olmuşam. Bir dəfə agent adı çəkmişəm? Daim də agenturanı müdafiə etmişəm. Bu şəxslərin nə keçmişləri bir şey olub, nə indiləri, nə də gələcəkləri bir şey olacaq”.
İ.İsmayıl sabiq idarə rəisinin hakimiyyətdaxili bəzi qüvvələrə mesaj ünvanladığına da toxundu:”Onun dediklərində bəzi həqiqətlər var. Gizli deyil ki, bu məsələlərin ortaya çıxmasında həmin qrupların təsiri oldu. Çovdarov da onları bilməmiş deyil. Amma yenə də bu şantajdır. Çünki 2-3 qrupun çəkişməsi dövlətçiliyə xələl gətirə bilməz. Qruplar keçmiş günahlarını bir şəxsin üzərinə yıxa bilərlər. Eldar Mahmudovun azadlıqda olması Çovdarova şantaj etməyə imkan verir. Neçə ki, o həbs edilməyib, Çovdarovun belə şantajlarının sayı hələ çox olacaq”.
mia.az

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın