Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Co Baydenlə bağlı 3 pis xatirə – biri Qarabağ…

Co Baydenlə bağlı 3 pis xatirə – biri Qarabağ…

ABŞ-da növbəti prezident seçkisinə 3 aydan da az vaxt qalır. Doğrudur, pandemiya səbəbindən ənənəvi, aktiv seçki kampaniyası gözə dəymir. Rəqiblər daha çox virtual məkanda mübarizə aparır. Ağ Evin hazırkı sahibi Donald Trampın əsas rəqibi isə Obama administrasiyasında vitse-prezident postunu tutmuş Co Baydendir. Rəy sorğularına görə, 78 yaşlı iddiaçı hələ ki, seçki kampaniyasının favoritidir.

Söz yox ki, ölkənin nüfuzlu media qurumlarının Trampa olan neqativ münasibəti də sabiq vitse-prezidentin lehinə işləyir. Həmçinin COVİD-19-u Baydenin təbii müttəfiqləri sırasında saymaq olar. Necə olmasa, koronavirus Trampın uğurları ilə ən çox öyündüyü sahələrə – iş yerləri və gəlirlər məsələsinə zərbə vura bilib, cəmiyyətdə narazılığı artırıb.

Şübhəsiz, bizim əsas qayğımız Baydenin prezident olacağı təqdirdə ABŞ-Azərbaycan əlaqələrinin gələcəyindən yanadır.

Bu isə həm də Ankara-Vaşinqton münasibətlərinə bağlı bir məsələdir. Bu münasibətlər isti olarsa, Azərbaycan da ondan fayda götürər, özünü yaxşı “hiss edər”…

Di gəl, yaxın tarixə ekskurs edəndə məlum olur ki, ABŞ-Türkiyə əlaqələrinin ən kritik dövrü məhz elə Baydenin vitse-prezident olduğu hökumətin vaxtına təsadüf edir və günü bu gün də normal axarına düşə bilməyib. Səbəblər sırasında ən çox ikisi diqqət çəkir. Biri ABŞ-ın NATO üzrə müttəfiqi Türkiyəyə əsassız yerə “Petriot” raket sistemini satmaqdan imtina etməsidir. Nəticədə Ankara Rusiyaya üz tutaraq, ondan “Petriot”ların analoqu sayılan S-400 sistemlərini almaq zorunda qaldı. Sonrası bəllidir.

Obama-Bayden tandeminin digər böyük yanlışı Türkiyədə 2016-cı il 15 iyul hərbi çevrilişi zamanı legitim Ərdoğan hakimiyyətinin deyil, qiyamçıların, “Fetö”çülərin tərəfini tutması oldu. Düzdür, rəsmi Vaşinqton bunu dandı, ancaq əlahəzrət faktlar yerində və tarixdə qalır. Ağ Evdə yəqin ümid edirmişlər ki, indiyədək Türkiyədə asanca reallaşan hərbi çevrilişlər yenə rahat baş tutacaq, Ədoğan isə ya həbsə salınacaq, ya da Adnan Menderes kimi edam ediləcək. 

Ancaq bu tilsim qırıldı, Rəcəb Tayyib Ədoğan Türkiyənin “banan ölkə” olmadığını ABŞ-a, bütün dünyaya göstərdi, yaxşı mənada Qərbə, ilk növbədə də Amerikaya dərs verdi. Qalır, okeanın o tayında bu dərsdən düzgün nəticə çıxarmaq.

Lakin belə görünür, Bayden prezident seçiləcəyi təqdirdə Türkiyəyə qarşı köhnə ədavət davam edəcək.

Onun iki gün öncəki açıqlaması bu yöndə narahatlığı artırır. Belə ki, demokratların prezidentliyə əsas namizədi prezident Ərdoğanı hədəf seçərək müxaliflərin və kürd terrorçuların dəstəklənməsinin vacibliyini vurğulayıb. Təbii ki, o, “terrorçu” sözünün işlətməyib. Amma hamı bilir ki, söhbət hansı kürd birliklərindən gedir.
Bu, əlbəttə, yaxşı mesaj deyil. Həm də Birləşmiş Ştatların özü üçün. Çünki Türkiyə regionda ABŞ-ın vazkeçilməz müttəfiqi olaraq qalır. Üstəlik, bu, 10-15 il öncəki Türkiyə deyil ki, onunla hədə, şantaj dili ilə danışasan. Bayden gerçəyi nəzərə alarsa, yaxşı. Almazsa, o zaman altını daha çox ABŞ-ın bölgədəki maraqları çəkəcək.

Türkiyəyə qarşı haqsızlığa əlavə mühüm ştrix kimi bunu da yada salaq ki, Co Bayden saxta “erməni soyqırımı” ifadəsini işlətmiş siyasətçidir. Demək, prezident olarsa, Konqresin bir neçə ay qabaq qəbul etdiyi qətnamələri böyük ehtimalla imzalayacaq – Tramdan fərqli olaraq. Və 24 apreldə “soyqırım” deyəcək. Fəqət, nə dəyişəcək bununla? Türkiyəni özünə daha yaxın etmək mümkün olacaqmı? Bişəkk, yox.

Bəlli ki, Ərdoğan bir çox hakimiyyətlər üçün, hətta ABŞ kimi fövqəlgüc üçün belə, “arzuolunmaz şəxs”, “sınmayan qoz”dur. O üzdən ən yaxşısı, onu önünə yox, yanına almaq, Türkiyə ilə müttəfiq-dost olmaqdır.

Deyirlər, ağıllı adamlar öz səhvlərindən öyrənir, müdriklərsə, ümumiyyətlə, səhv etmirlər. Müdriklikdən keçib. Barı, növbəti hakimiyyət dömənində soyuq ağılın diktəsinə üstünlük veriləydi. Fransız diplomat-mütəfəkkiri Toleyranın sözündə də böyük həqiqət var ki, “Rəqiblərin sayını artıran diplomatiya yaxşı diplomatiya deyil”. O ki, ola Türkiyə timsalında rəqib.

Türkiyəni hədəf seçən isə qarşısında Azərbaycanı da görər. Zira, qardaş ölkənin dostu dostumuz, düşməni düşmənimizdir. Dərdi dərdimiz, kədəri kədərimizdir…
Yeri gəlmişkən, Obama-Bayden dönəmi ilə bağlı daha bir pis xatirə var. Söhbət Qarabağ problemi çözülmədən Türkiyə ilə Ermənistan arasında sərhədlərin qeyd-şərtsiz açılmasını nəzərdə tutan bədnam Sürix protokollarından gedir. Hansının təşəbbüskarı ki, Obama administrasiyası olmuşdu (oktyabr, 2009-cu il, dövlət katibi Hillari Klinton).

Bu, artıq Azərbaycana da pislik idi. Böyük pislik…

Musavat.com

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …