Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / “Casuslar səfirliklərdə diplomat adı altında işləyərək gizlənirlər…”

“Casuslar səfirliklərdə diplomat adı altında işləyərək gizlənirlər…”

“Azərbaycan dövlətinin İran səfirliyinin əməkdaşları barədə tədbirləri çoxdan gözlənilən idi. Çünki İran uzun müddətdir ki, Azərbaycanda əli-qolu  açıq vəziyyətdə geniş fəaliyyət göstərirdi. Vətəndaşlarımız arasında həm dini təbliğat aparır, həm də tərəfdarlarını formalaşdırır, qruplaşdırır və təşkilatlatlandırırdı. Eyni zamanda bu cənub qonşumuz dövlətçiliyimizə qarşı böyük miqyasda casus əməliyyatları da həyata keçirirdi”. 

Bunu Moderator.az-a açıqlamasında Milli İstiqlal partiyasının lideri Etibar Məmmədov söyləyib.

“Təəssüf ki, indiyədək bizim müvafiq orqanlarımız İranla münasibətlərin pozulmaması üçün bu ölkənin agentura şəbəkələrinə qarşı ciddi tədbirlər görmürdülər. Və son 30 ilə yaxın müddətdə İranla Azərbaycan arasında sanki üstüörtülü, ilk baxışdan sakit görünən münasibətlər vardı. Lakin bunların hamısı müəyyən zamana qədər müvəqqəti idi. Və nəhayət, 44 günlük savaş bu münasibətlərin gerçəklərini bütün fəsadlarıyla üzə çıxardı. Həmin günlər İran açıq-aşkar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərdiyini nümayiş etdirdi. Və Azərbaycanla münasibətlər gərginləşməyə başlayanda Tehran rejimi artıq ölkəmizdəki qruplarını, şəbəkələrini işə salmağa, bu minvalla da özünün faktiki düşmən münasibətini göstərməyə başladı… 

Və adətən casus şəbəkəsinin fəaliyyətini koordinə edənlər səfirliklərdə diplomat adı altında işləyərək gizlənirlər… İndiki halda da Azərbaycan dövləti preventiv tədbir kimi İran səfirliyinin ifşa olunmuş 4 belə əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib. Bu, düzgün qərardır. Amma həmin istiqamətdə əlavə tədbirlər də görülməlidir” -deyə Etibar Məmmədov söhbətinin davamında bildirib.

“İranın Azərbaycandakı səfirinin geri çağırılmasından sonra yeni səfirin təyin olunması haqda informasiyalarla paralel öz xahişləri ilə Bakıdakı səfirliyin  yerinin dəyişdiriləcəyi barədə də məlumatlar yayılır. Sizcə, bu, nə ilə əlaqədar ola bilər?” sualını isə partiya lideri belə cavablandırıb:

“Səfirliyin yerini dəyişdirmək istəyə bilərlər. Bu, onların hüququdur. Ancaq yeri verib-verməmək artıq Azərbaycan hökumətinin səlahiyyətindədir. Və inanmıram ki, tez bir zamanda onların arzuları yerinə yetirilsin. Çünki bu yandan Azərbaycanın İrandakı səfirliyinin də fəaliyyəti dondurulmuş vəziyyətdədir. Tehrandakı həmin problem həll olunmamış Bakıda onların heç bir xahişi yerinə yetirilməməlidir. Və məncə də yerinə yetirilməyəcək”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …